Asiya İnkişaf Bankı (AİB), “Asian Development Bank Institute” və CAREC Proqramı Azərbaycan, Gürcüstan Qazaxıstan və Özbəkistandan olan dövlət nümayəndələri və ali təhsil müəssisələrinin əməkdaşları üçün Koreya Respublikasının Seul şəhərinə startap sahəsi üzrə tədris səfəri təşkil edib.

 

"Təlim və Koreya nümunəsi: Universitetlər zəngin startap ekosistemlərinin qurucusu kimi" adlı tədbirdə Azərbaycan Texnologiya Universitetini strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov və İnnovasiya Mərkəzinin mütəxəssisi Tural Rüstəmov təmsil edib.

 

4 günlük tədbir çərçivəsində iştirakçılar Koreyanın startap mərkəzlərinə səfər edib, AİB İnstitutu, habelə Koreya ali təhsil müəssisələri və elm mərkəzlərinin ekspertləri ilə uğurlu startap ekosisteminin müxtəlif aspektlərini müzakirə edib, təcrübə mübadiləsi aparıblar.

 

Səfərin məqsədi startap sahəsində Koreya və iştirakçı ölkələr arasında bilik və bacarıqların mübadiləsini həyata keçirmək, habelə Koreyanın uğurlu startap nümunələrinin öyrənilməsini təşkil etməkdir.

 

Səfər AİB və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində təşkil olunub. Layihə Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondu tərəfindən maliyyələşdirilir.