Almaniyanın “Mercedes Benz Consulting” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi Günay Kazımzadə: “Azərbaycan üçün də hazırda elm və təhsilin inteqrasiyasında yüksək texnologiyalar mühüm rol oynayır”


Son illərdə elm və təhsilin inteqrasiyası mövzusu xüsusi aktuallıq kəsb edir. Ölkənin inkişafında ən mühüm istiqamətlərdən olan bu sahələr arasında inteqrasiyanın uğurlu formullarının tapılması mühüm vəzifədir.

 

Digər tərəfdən,  müasir çağırışlar şəraitində həyatımızın müxtəlif sahələrinə nüfuz edən süni intellekt də elm və təhsilin inteqrasiyasına yeni çalarlar qatır. 

 

Süni intellekt (Sİ) sahəsində gənc tədqiqatçı, Dövlət Proqramı məzunu, Almaniyanın “Mercedes-Benz Consulting” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi və data analitiki Günay Kazımzadə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində elm və təhsilin inteqrasiyasında Sİ-nin roluna belə toxunur:

 

- Elm və təhsilin inteqrasiyasında süni intellekt və data əsaslı texnologiyalar haqqında danışmaq istərdim. Ümumiyyətlə, elm və təhsilin inteqrasiyası hazırda ölkəmiz üçün ən başlıca mövzulardan biridir. Süni intellekt sahəsində bir neçə illik təcrübəyə malik, həm xaricdə bu işlə məşğul olan, müxtəlif sektorlarda - kommersiya, sənaye, avtomobil sənayesi, ümumiyyətlə elm sahəsində fəaliyyət göstərən bir insan kimi onu deyə bilərəm ki, süni intellekt, inkişafda olan texnologiyalar sahəsində elm və təhsilin inteqrasiyası mütləqdir.  Çünki bu sahələr özləri elm üzərində qurulan sahələrdir. Bu araşdırma istiqamətləri hazırda süni intellekt sahəsində bütün texnoloji yeniliklərin fundamentini və bazasını təşkil edir. Yəni, bu gün biz ChatGPT –dən istifadə ediriksə, onun bazası və bu texnologiyalar,  ilk növbədə, alimlər, araşdırma və tədqiqat mərkəzləri tərəfindən yaradılan texnologiyalar üzərində qurulub. Bu kimi milyonlarla texnoloji alətlər, yəni, gündəlik həyatımızda istifadə etdiyimiz alətlərin hamısı elmi əsaslar üzərində yaradılıb. Ona görə, ölkəmiz üçün də hazırda ən prioritet istiqamətlərdən biri  yeni texnoloji  - süni intellekt, kibertəhlükəsizlik, data əsaslı texnologiyalar sahələrində elm və təhsilin inteqrasiyasıdır.


Hazırda biz müxtəlif universitetlərdə data elmi, süni intellekt fokuslu proqramların da artdığını görürük. Bu, bizi çox sevindirir. Bununla paralel hazırda universitet - sənaye əməkdaşlıqları çərçivəsində bu sahə üzrə təhsil alan tələbələrin daha sonra elmi araşdırmalar, sənaye tətbiqləri üçün bəhs olunan sektorun  nümayəndələri ilə birgə tədqiqat işlərini də görürük. Bu tipli təşəbbüslər, belə deyək, standart təşəbbüslər daha da artmalıdır və inkişafda olan yüksək texnologiyalar sahəsində elm və təhsil bir-birinə birbaşa inteqrasiya olunmalıdır.

 

“Bir çox ölkə süni intellekt üzrə dövlət strategiyaları üzərində işləməyə başlayıb”

 

Müsahibimiz qeyd edir ki, bu gün inkişafda olan və inkişaf etmiş ölkələrin bir  çoxu süni intellekt üzrə dövlət strategiyaları üzərində işləməyə başlayıb:
 
- Bəzilərində artıq bu strategiyalar hazır idi və onlar hazırda bu texnologiyaların tətbiqi ilə məşğuldurlar. Bir çox inkişafda olan ölkələrdə də siyasi, iqtisadi, sosial, mədəni sahələrdə süni intellektin tətbiqini və inkişafını görürük. Almaniya da bu ölkələr arasındadır. Biz hazırda Almaniyada süni intellektin etik tətbiqini müşahidə edirik. 2026-cı ildə artıq süni intellektlə bağlı yeni qanunvericilik qəbul olunacaq. Hazırda bu qanunvericiliklə bağlı yeni xəbərlər də var. Qanunvericilikdə ən başda gələn məsələlərdən biri süni intellektin  elmi-texniki araşdırmalara  və cəmiyyətə olan təsiri ilə bağlıdır. Süni intellektin hüquqi zəmini, onun düzgün idarə olunması üzrə də hazırda bir çox ölkələr  həm elm,  həm təhsil müəssisələrini birləşdirirlər.
 

Bu yenilikləri gördüyümüz zaman başa düşürük ki, Azərbaycan üçün də hazırda elm və təhsilin inteqrasiyasında yüksək texnologiyalar mühüm rol oynayır.  Ümumiyyətlə, ölkəmizin iqtisadi, sosial rifahı üçün bu inteqrasiyada  süni intellektin və yüksək texnologiyaların tətbiqini  tam şəkildə təmin etməliyik və onu düzgün şəkildə yönləndirməliyik...

 

Məlumat üçün bildirək ki, Günay Kazımzadə son illər dünyanı ən çox məşğul edən mühüm istiqamətlərdən olan süni intellekt (Sİ) sahəsində araşdırmaları ilə istər doktorantura təhsili aldığı Almaniyada, istərsə də ölkəmizdə  bir çoxlarının diqqətini  cəlb edib.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüsü, Gənclər üçün Prezident mükafatçısı olan gənc istedad 2019-cu ildə Almaniyanın  Federal Təhsil və Tədqiqat Nazirliyi,  İnformatika Cəmiyyəti tərəfindən süni zəka sahəsində “İlin gənc tədqiqatçısı”  adına layiq görülüb.
 

Günay 2023-cü ildə süni intellekt sahəsində gördüyü işlərə görə “Inspired-Minds” (Britaniya) texnologiya şirkəti tərəfindən tərtib olunan  “65 ən nüfuzlu qadın” siyahısına daxil edilib.
 

O, “TechCentrum” sosial platformasının təsisiçisi, TED-də (Technology, Entertainmet, Design – Texnologiya, Əyləncə, Dizayn) süni zəka üzrə çıxış edən ilk azərbaycanlı xanım və Google şirkətinin xanımlar üçün təsis etdiyi qrantın qalibidir.

 

Gənc istedada elmi axtarışlarında və  karyerasında bol uğurlar arzulayırıq!

 

Oruc MUSTAFAYEV