“Məqsədim MIT-də dərin biliklər, geniş təcrübələr qazanıb öyrəndiklərim sayəsində bəşəriyyət, ən önəmlisi, Vətənim üçün faydalı işlər görməkdir”


Məlum olduğu kimi, beynəlxalq olimpiadalar qalibi olmuş azərbaycanlı məktəbli Fidan Hüseynova Amerikanın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

 

İnformatika fənni üzrə müxtəlif milli və beynəlxalq olimpiadaların qalibi olan məktəblimiz Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunudur, hazırda isə İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alır.

 

Fidan Hüseynova 2023-cü ilin iyun ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramının dəstəyi ilə informatika fənni üzrə İspaniyada təşkil olunan beynəlxalq olimpiadalara hazırlıq kampında iştirak edib. O, informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında 4 dəfə qızıl medal, iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl,  2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.

 

“Azərbaycan müəllimi” qəzeti olaraq Fidan Hüseynovanın sayca üçüncü uğur hekayəsini təqdim etmək çox sevindiricidir.

 

- London Universitet Kollecinin tələbəsi olaraq MIT-ə qəbul olmaq qərarı sizdə hansı zərurətdən yarandı?

- Mən hazırda London Universitet Kollecində təməl kursunda (foundation) təhsil alıram. Azərbaycan təhsil sisteminin kurikulumu Böyük Britaniyanın kurikulumuna uyğun olmadığından burada universitetlərin bakalavr səviyyəsinə qəbul olmaq üçün “foundation” məcburidir. İngiltərədə yalnız 5 universitet seçimi etmək mümkündür. Bu səbəbdən buradakı universitetlərə müraciətimi etdikdən sonra, keçən il Massaçusets Texnologiya İnstitutundan (MIT) gözləmə siyahısı (waitlist) aldığım üçün düşündüm ki, bəlkə təkrar müraciət edim. Artıq daha təcrübəli və səriştəli idim, üstəlik, yeni və daha yüksək nailiyyətlərim də vardı.

 

- Britaniya təhsil sistemi, London Universitet Kolleci barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, burada universitetlərin bakalavr səviyyəsinə “foundation” qiymətləri və müəllimlərin tələbənin barəsində yazdıqları tövsiyə məktublarına əsasən, qəbul almaq mümkündür. London İmperial Kolleci, London Universitet Kolleci kimi nüfuzlu ali məktəblərə qəbulda “Kompüter elmləri” ixtisasında rəqabət böyük olduğu üçün qiymətlər 85 baldan yuxarı olmalıdır. Bu səbəbdən çox çalışaraq rüb sonuna bütün fənlərdən qiymətlərimdə “A+” qazandım. Müəllimlərimdən də yüksək rəy aldıqdan sonra universitetlərə müraciət etdim. Onu deyə bilərəm ki, buradakı təhsil çox yüksək səviyyədə təşkil olunub.

 

- Massaçusets Texnologiya İnstitutundan gözləntiləriniz nədir? MIT tələbəsi olmaq sizə nələri vəd edir?

- İlk növbədə, MIT kompüter elmləri sahəsi üzrə dünyada bir nömrəli ali məktəb hesab olunur və gənclərə ən yüksək imkanlar təqdim edir. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə edilib. Mənim də məqsədim MIT-də dərin biliklər, əhatəli təcrübələr qazanıb öyrəndiklərim sayəsində bəşəriyyət, ən önəmlisi, Vətənim üçün faydalı işlər görməkdir.

 

- Olimpiadaların əhəmiyyəti və həyatınızdakı rolu nədən ibarətdir?

- Top universitetlərə qəbul olmaq üçün beynəlxalq olimpiadalar çox böyük əhəmiyyət kəsb edir. Öncəki nəticələrim nə qədər yüksək olsa da, keçən il Beynəlxalq Qızlar Olimpiadasından qazandığım qızıl medal və Beynəlxalq İnformatika Olimpiadasından həvəsləndirici sertifikat hazırkı qəbulda öz təsirini göstərib.

 

- Beynəlxalq olimpiadalara qatılmaq və sizin kimi uğur yolu keçmək istəyən gənclərimizə nə tövsiyə edərdiniz?

- Beynəlxalq olimpiada siniflərinə seçilmək üçün Respublika Fənn Olimpiadalarında ən azı finala qədər gəlib çatmaq lazımdır. Daha sonra seçmə imtahanları verilir və ən yüksək bal toplayan şagirdlər ölkəmizi çətin, şərəfli bir yarışda təmsil edir. Əlbəttə, hər kəs bu yolun yalnız uğurlu tərəfini görür. Yüksək nəticəyə çatmaqdan ötrü iradəli addımlamaq, hər uğursuzluqdan, səhvlərdən nəticə çıxarıb daha əzmlə məqsədə doğru hədəflənmək gərəkdir.

 

İstedadı və çalışqanlığı sayəsində möhtəşəm uğurlara sahib olan gəncimizi ürəkdən təbrik edir, ona təhsilində müvəffəqiyyətlər diləyirik!

 

Lamiyə Əlimərdanova