Layihənin rəhbəri Gündüz Tapdıqov ``Təhsil masası`` proqramında izləyicilərin suallarını cavablandırıb


“Məktəblinin dostu” layihəsinin rəhbəri Gündüz Tapdıqov ''Təhsil masası'' proqramında qonaq olub və layihə barədə danışıb. İzləyicilərin suallarını cavablandıran G.Tapdıqov bildirib ki, Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi 2016-cı ildən fəaliyyətə başlayıb. Layihə cəmi 30 məktəbi pilot olaraq əhatə edib, əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir. Məktəblinin dostlarının əsas vəzifələrindən biri də məktəblərdə təlimlər və tədbirlər təşkil etməkdir.

 

Lahihə rəhbəri əlavə edib ki, hazırda “Məktəblinin dostu” layihəsi, ümumilikdə 238 məktəbi əhatə edir. Bu tədris ilindən əhatə dairəsini genişləndirən layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23, Gəncədə 6, Lənkəranda 2, Masallıda 2, Cəlilabadda 2 təhsil müəssisəsində fəaliyyət göstərir. 

 

G.Tapdıqov vurğulayıb ki, “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının seçim prosesi zamanı layihənin sosial şəbəkə hesablarında vakansiya elan olunduqdan sonra işə qəbulun test imtahanı mərhələsi keçirilir. Namizədlərə məntiq, dünyagörüş, ilkin psixoloji anlayışlar, məktəbdə subyektlərin hüquq və vəzifələrini əhatə edən 50 sual verilir. Uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar ki, burada onların bilik və bacarıqları, ünsiyyət qabiliyyətləri və məsələləri həll etməyə yanaşmaları yoxlanılır. Müsahibədə uğur qazanan namizədlər təlim və təcrübə mərhələsinə keçirlər. Təlimlər fövqəladə hallar zamanı davranış qaydaları, ilkin tibbi yardım, məktəbdə ilkin psixoloji anlayışlar, məktəb hüquqlarını əhatə edir. Nəhayət, bu mərhələdən keçdikdən sonra namizədlər işə qəbul olunurlar.

 

G.Tapdıqov təlimlərin keçirilməsində “Məktəblinin dostu” layihəsinin əsas tərəfdaşları- Fövqəladə Hallar Nazirliyi, “TƏBİB”, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Psixologiya və Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə işbirliyinin olduğunu qeyd edib. 

 

Lamiyə Əlimərdanova