“Məşğulluq bazarında ixtisassız kifayət qədər işçi qüvvəsinə malikik”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsinə malik olmaq o demək deyil ki, onların  səriştəsi və bacarığı yoxdur: "Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur. Lakin onların bacarıqlarının  rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informativ bacarıqlarının tanınması mexanizminin yaadılması böyük əhəmiyyətə malikdir".

 

S.Babayev deyib ki, Azərbaycanda kifayət qədər insan hər hansı peşə təhsili müəssisəni və ya ali təhsil müəssisəsini bitirməyib: "Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında olanların əksəriyyəti deyil, əmək bazarında olan insanların əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır".

 

O əlavə edib ki, 270 peşə standartı yenilənməli, 1000 peşə üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır: "Biz mexanizm müəyyənləşdirməliyik ki, insanların qeyri-formal və informativ bacarıqlarını hansı formada tanıyacağıq, onların sertifikatlaşmasını necə  həyata keçirəcəyik. Bu mexanizm Azərbaycanın əmək bazarına töhfə verəcək".

 

Ruhiyyə