İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hər 3 ildən bir keçirilən PİSA (Program for Inernational Student Assessment) tədqiqatının nəticələrinə əsasən, riyaziyyat göstəricilərində  Asiya ölkələrinin birinci yerdə olduğunu müşahidə edirik. Belə ki, PİSA hesabatlarında riyaziyyat üzrə ölkələrin sıralamasında ilk yerləri Sinqapur, Çin, Yaponiya kimi Asiya ölkələrinin tutduğunu görürük.

 

İƏİT hesabatını qiymətləndirən ekspertlər riyaziyyatın tədrisinin zəka ilə yox, məhz təhsil sistemi və təlim metodu ilə bağlı olduğunu qeyd ediblər. İƏİT tərəfindən keçirilən beynəlxalq tədqiqatlarda Asya nəhənglərinin yuxarı pillələrdə yer almasının əsas sirlərindən biri də məhz onların təhsilə yanaşmasıdır. Bu istiqamətdə aparılan tədqiqatlardan çıxan nəticələr müəllimlərin dərslərdə istifadə etdikləri tədris metodlarının mühüm rol oynadığını göstərir. Bir sözlə, şagirdin uğurlu olması onun zəka və potensialından daha çox, tədrisin hansı effektiv metodlarla təşkilindən asılıdır. Məlumdur ki, İƏİT tərəfindən keçirilən beynəlxalq tədqiqatlarda uğurlu nəticə göstərən ölkələrdə müəllimlər dərslərdə riyazi anlayışlardan daha çox, əsasən, arifmetikaya daha çox vaxt ayırmaqla mental aritmetikaya diqqət yetirirlər. Ümumiyyətlə, mental aritmetika adlandırılan əqli riyaziyyat uşaqların yaddaş, qavrayış, məntiqi düşünmə bacarığı, xəyal gücü, riyazi hesablamaların zehində sürətli aparılması, beyinin hər iki yarımkürələrinin paralel istifadəsini inkişaf etdirir. 

 

E.Riçard “Düşüncə coğrafiyası” adlı kitabında Şərq və Qərb cəmiyyətlərini müqayisə edir, həmçinin şərqlilərlə qərblilərin bir-birindən necə və niyə fərqli düşündüyü sualını cavablamağa çalışır. O, bu kitabında qeyd edir: “Amerikada oxumağı və yazmağı öyrənən uşaqlar yəqin ki, “Dik və Ceyn” (“Dick and Jane”) kitabını oxuyublar. Bu oxu kitabının birinci səhifəsində çəmənlikdə qaçan balaca oğlan şəkli təsvir olunub. Kitabdakı ilk cümlələr isə belədir: “Bax, Dik qaçır. Bax, Dik oynayır. Bax, Dik qaçır və oynayır”. Qərb mentalitetinə görə, bu, uşaqlar üçün verilə biləcək ən başlıca məlumatlardır. Çinlilərin eyni dövrə aid oxu kitabının birinci səhifəsində isə böyük oğlanın çiyninə minən balaca oğlanın şəkli təsvir olunub – Qardaş qardaşının qayğısına qalır. Böyük qardaş balaca qardaşını çox sevir. Balaca qardaş böyük qardaşını sevir”. Beləliklə, Şərq mentalitetində uşağın çap olunmuş sözlə ilk qarşılaşmasında individual hərəkətləri deyil, insanlar, xüsusən də qardaşlar arasındakı münasibətləri çatdırmaq vacib hesab olunur.

 

Uşaqlara başqaları ilə harmonik şəkildə münasibətlər qurmağı öyrədən Asiya təcrübəsindən fərqli olaraq, amerikalı uşaqlar özlərini xüsusi hiss edə biləcəkləri məktəblərə gedirlər. Digər tərəfdən, yapon şagirdlərə özlərinə tənqidi yanaşma öyrədilir ki, onlar həm başqaları ilə münasibətlərini yaxşılaşdırsınlar, həm də problem həlletmə bacarıqlarını inkişaf etdirə bilsinlər. Beləcə, bu təhsil sistemi özünütənqid vasitəsilə bu müsbət münasibətləri insanlar arasında ömür boyu davam etdirməyə nail olurlar. On ili arxada qoymadan heç kim öz peşəsinə yiyələnmiş hesab edilmir. Həmçinin yaponlar hesab edirlər ki, bir şəxsin öz peşəsinin mütəxəssisi olması üçün onun öz peşəsində ən azı 10 il təcrübəsi lazımdır.

 

Aparılan təcrübələr göstərir ki, kanadalı şagirdlər uğur qazandıqda, yaponiyalı şagirdlər isə uğursuz olduqda, onlar bir tapşırıq üzərində daha uzun müddət işləyirlər. Qərblilər yaxşı başladıqları az sayda işdə çox uğurlu ola bilərlər. Şərqlilər isə hər bir fənn üzrə bacarıq əldə etməyə daha çox meylli görünürlər və bunu özlərini təkmilləşdirmək üçün fürsət hesab edirlər.

 

Bir tədqiqat çərçivəsində psixoloqlar amerikalı və çinli anaların evlərinə ziyarətə gedirlər. Onlar analardan xahiş edirlər ki, hər zaman olduğu kimi, körpələrinin qayğısına qalsınlar və psixoloqlar da prosesi kənardan izləsinlər. Buna bənzər bir çox müşahidələrdən sonra, psixoloqlar belə qənaətə gəlirlər ki, amerikalı analar yapon analardan 2 dəfə çox obyekt etiketlərindən istifadə edirlər. Yapon anaları isə nəzakətli olmağı öyrədir, şəfqəti və salamlaşmağı öyrədən üslubdan istifadə edirlər. Misal üçün, amerikalı ananın körpəsi ilə söhbəti: “Bu oyuncaq maşındır. Maşını sevdinmi? Görürsən, nə gözəl rəngi var?!”. Bir yapon ana isə: “Bu, çox maraqlı oyuncaqdı! Bunu sənə verirəm. İndi sən də mənə ver. Əla! Təşəkkür edirəm”. Beləliklə, amerikalı uşaqlar dünyanın, ümumilikdə əşyalarla dolu bir yer olduğunu öyrənərkən yaponiyalı uşaqlar isə kiçik yaşlarından dünyanın insanların bir-biri ilə qarşılıqlı münasibətlərindən ibarət olduğunu öyrənirlər.

 

Beləliklə də, Şərq və Qərbin cəmiyyət həyatında mövcud olan bütün bu məqamlardan yola çıxaraq deyə bilərik ki, Qərbdə riyaziyyatı zəif olan uşağın riyazi qabiliyyətdən məhrum olduğu, bəlkə də öyrənmə qabiliyyəti zəif olduğu düşünülür. Şərqdə isə belə bir fikir var ki, belə uşaq daha çox çalışmalıdır və ya müəllim daha çox işləməlidir, yaxud da öyrənmə mühiti dəyişdirilməlidir.

 

Vaqif  FƏTULLAYEV