Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Milli Konservatoriyasının rektoru xalq artisti, professor Siyavuş Kərimi ilə görüşüb.

 

Naxçıvan Dövlət Universitetinin (NDU) çox ciddi platforma olduğunu deyən səlahiyyətli nümayəndə bu potensialdan geniş istifadə olunması üçün mühüm addımlar atıldığını diqqətə çatdırıb. Qeyd edib ki, 11 prioritet istiqamət üzrə icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda NDU-nun fəaliyyət imkanlarının genişləndirilməsi də əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Ali təhsil ocağı üçün yeni tədris korpusu tikiləcək, ingilis dilində “Tibb” ixtisası üzrə tədris imkanları yaradılacaq.

 

Xalq artisti Siyavuş Kərimi NDU ilə ilkin müqavilə imzalandığını bildirib. Qeyd edib ki, razılaşmaya əsasən, Milli Konservatoriyanın məzunları NDU-da pedaqoji fəaliyyətlə təmin olunacaqlar. Eyni zamanda, qarşılıqlı tələbə və müəllim mübadiləsi aparılacaq.

 

NDU ilə birgə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı böyük bir layihə üzərində işlədiklərini söyləyən S. Kərimi vurğulayıb ki, budəfəki səfər çərçivəsində əməkdar artist, məşhur cazmen Emil Əfrasiyabla birlikdə ali təhsil ocağının yaradıcı kollektivləri ilə görüşlər keçirilib, ustad dərsləri təşkil olunub, mövcud potensial yüksək qiymətləndirilib.

 

Görüşdə iştirak edən NDU-nun rektoru Elbrus İsayev Milli Konservatoriya ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərin Naxçıvanda mədəni mühitin daha da inkişafına və bu potensialdan səmərəli istifadəyə mühüm töhfə verəcəyini bildirib.