XI siniflərin buraxılış imtahanları başa çatıb, IX siniflərin buraxılış  imtahanları isə davam edir.       

        

Bir yandan buraxılış imtahanlarının həyəcanı, bir yandan da qəbul imtahanlarına hazırlıq dövrü… “Görəsən, nə qədər bal toplayacağam?”, “ali məktəbə qəbul oluna biləcəyəmmi?”,“valideynlərimin arzularını reallaşdıracağammı?” və daha neçə-neçə hər birimizə tanış olan sualdolu narahatçılıq.  Bu, çox təəssüf ki, həmin gənclərin özgüvənini sarsıdır, özünü ifadə etməsinə, istədiyi nəticəni qazanmasına mənfi təsir göstərir. Üstəgəl, valideyn danlağı, töhməti. Bunun acı nəticəsi olaraq bəzən evdən çıxıb getmə, daha dəhşətlisi intihar halları ilə rastlaşırıq. Məsələnin aktuallığını nəzərə alaraq bu məsələ ilə bağlı Psixologiya Elmi -Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın  fikirlərini, faydalı  məsləhətlərini şagird və valideynlərin diqqətinə çatdırırıq.

                

Yeniyetmə düşünür ki, nəticəm aşağı olarsa, valideynlərimin mənə olan inamı itəcək

 

- Müşahidələr göstərir ki, məsuliyyətli  uşaqların imtahan həyəcanı da çox olur. Buna səbəb onların nəticəyə yönəlmiş olmalarıdır. Nəticəyə yönəldikləri üçün “mən bacarmalıyam”, “mən səhv edə bilmərəm”, ”ən yüksək balı mən toplamalıyam”, “əgər yüksək bal toplamaramsa, bu dünyanın sonudur”- deyə, yanlış düşüncələrə qapılaraq özlərini daha çox stresə salıb özlərinə qapanırlar, daxili depressiyaya düşürlər, həyəcan səbəbindən öz iradələrini itirirlər.

      

Bəzən belə halların yaşanmasına valideynlərin də doğru bildikləri yanlışların səbəb olduqlarını görürük. Valideynin övladına motivasiya vermək üçün işlətdiyi ifadələr əsasən belə olur: “Biz sənə çox güvənirik, sən ən yaxşını bacaracaqsan, gör, sən kimin övladısan. Bilirəm ki, ən gözəl nəticəni sən verəcəksən” və s. kimi cümlələr əslində onların daha çox həyəcanlanmasına, stresə düşməsinə səbəb olur. Çünki yeniyetmə düşünür ki, nəticəm aşağı olarsa ,valideynlərimin mənə olan inamını itirəcəyəm, onların üzünə baxa bilməyəcəyəm. Və təəssüflər olsun ki,  bəzən də aşağı nəticənin sonu onlarda intihar qərarına aparıb çıxarır.

       

Elə buna görə də imtahan verən şagirdin, abituriyentin, mütləq şəkildə psixoloji dəstək alması vacibdir. Burada həm valideynlərin maarifləndirilməsi üzrə işlərin aparılması, həmçinin uşaqların həyəcanını düzgün idarə etməsini, stresə davamlılığını artırmaq, özgüvənləri üçün çalışmalar aparmaq mütləqdir. Çox zaman da imtahan nəticələrinin aşağı olmasına səbəb diqqət çatışmazlığının yaranmasıdır. Nəzərə alsaq ki,  bəzən uşaqların çoxu imtahanda elementar mexaniki səhvlərə daha çox yol verirlər, bu da onların diqqətləri ilə bağlıdır. Sualın şərtini sona qədər oxumayıb cavab axtaranlar, “uyğun olanı tap” yerinə uyğun olmayanı tap kimi oxuyanlar, elementar hesab əməllərində səhvlərə yol verənlər, imtahanın vaxtını düzgün bölə bilməyənlər və bəzən də imtahandan erkən çıxanlar olur. Bunların hər birinə səbəb də məhz qeyd etdiyim kimi  diqqətin davamlılığı,  diqqətin paylanması və s.məsələlərdir.  Sadaladığım bu kimi problemlərin aradan qaldırılması istiqamətində psixoloq köməyindən istifadə olunmalıdır.

 

"İmtahandan qorxuram"

           

Psixoloq onu da qeyd edir ki, imtahan verən şagirdlər, abituriyentlərlə görüş zamanı onların ən çox işlətdiyi bir ifadə var: "İmtahandan qorxuram!". Əslində  isə imtahandan qorxuram dedikləri hiss qorxu hissi deyil, həyəcandır. Çünki qorxu keçmişə dayanıqlı travma nəticəsində yarandığı halda, həyəcan gələcək yönümlü olub narahatlığa dayanır.

 

Qarşınıza kiçik hədəflər qoyun

     

          

Psixoloqun fikrincə, adətən biz özümüz üçün çox böyük, imkan və bacarıqlarımıza uyğun olmayan hədəflər qoyuruq. Və təbii ki, sonradan həmin hədəfə çatmayanda qurduğumuz xəyallar puç olur, özümüzə inam azalır. Belə bir hal ilə üzləşməmək üçün ən doğrusu qarşıya  kiçik hədəflər qoymaqdır. Bununla da hədəfinizə çatdıqda və qarşınıza qoyduğunuz hədəfdən, hətta daha yaxşısını bacardıqda xoşbəxt olur, özünüzə olan inamınız artır. Əziz yeniyetmələr, qarşınıza kiçik hədəflər qoyun. “Mən mütləq 600 balı keçəcəyəm və yaxud da 700 bal toplayacağam”- deyə proqnoz verməyə çalışmayın. Özünüz üçün kiçik, bilik və bacarığınıza uyğun bal toplamağı hədəfləyin!

             

                               

Yuxu rejiminə mütləq əməl olunmalıdır

     

Yuxu rejiminə diqqət etmək yeniyetmələrin imtahanda illər boyu öyrəndiklərini  ən yaxşı şəkildə nümayiş etdirmələri üçün vacib amillərdən birincisidir. Həmsöhbətimiz söhbət əsnasında valideynlərə övladlarının yuxu rejimini imtahanlara  son 1 ay, xüsusilə də 1 həftə qalmış normaya salmağa çalışmalarının vacibliyinə də diqqət çəkib.

       

Belə ki, aparılan  araşdırmalara görə,  gündə ən azı 6 saat yatan insan daha düzgün düşünə və gündəlik işlərini daha rahat davam etdirə bilir. Yuxusuz qalıb gərginlik keçirən insanın imtahan zamanı uğurlu nəticə göstərmək ehtimalı olduqca azdır.

    

İmtahana erkən gedilməməlidir

   

Bəzən düşünülür ki, imtahana ən azı 2 saat qalmış  müəyyən edilmiş məktəbdə sinif otağına daxil olmaq lazımdır. Əslində, bu yanlış fikirdir. Çünki belə olduqda,  dəqiqələr gec keçməyə başlayacaq, yeniyetmələr daha çox gərginlik, stres yaşayacaq, həyəcan ikiqat artacaq. Sadəcə, mühitə uyğunlaşmaq istəyən əvvəlcədən məktəblə tanış ola bilər. 

 

Özünəinam 

       

Zeynəb Əliyeva  özgüvən məsələsinə də  toxunub. Bildirib ki, yeniyetmələrdə özgüvən hissi gücləndirilməlidir. Bunu isə, ilk növbədə, valideynlər təmin etməlidir: “Övladlarınıza deməlisiniz ki, sən 2 il ərzində kifayət qədər çalışmısan, gecə-gündüz oxumusan, əlindən gələnin ən yaxşısını etmisən və sən bacarıqlısan! Niyə də özünə inanmayasan? Pozitiv ol, öyrəndiklərini  təkrar et, tələbə olmağının xəyalını qur. Ən əsası isə özünə inan! Hər bir əldə olunan uğur  özgüvəndən başlayır”.

 

                          

Övladlarınızın yanında olun və onları dəstəkləyin 

         

Bəli, psixoloqun da məsləhəti budur ki, imtahan günü  valideyn övladına xüsusi həssaslıq və dözümlülük göstərməlidir.

       

Hörmətli valideynlər, övladlarınızın üzərində əziyyətiniz danılmazdır. Ancaq uşaqlarınızın üzərinə çox getməyin! Sizin onlarla sərt davranışınızın nəticəsində xoşagəlməz hallar baş verir. Təəssüflə qeyd edirik ki, imtahanlardan sonra məktəblilər arasında intiharların sayı artır. Bu, yolverilməzdir. Övladınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Mütləq ali təhsil almalıdır? Bu gün bizim gözəl peşə məktəblərimiz var və orada ölkəmizin iqtisadiyyatına mühüm töhfələr verə biləcək müxtəlif peşələr üzrə kadrlar hazırlanır. Aşpaz, dülgər, saç ustası, dərzi- fərqi yoxdur, lap fəhlə olsun. Ancaq canı salamat və xoşbəxt, ən əsası yanınızda olsun!

 

Samirə KƏRİMOVA