Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib.

 

Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi,  işə qəbul prosesinin  şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqəyə  təhsil müəssisəsisələrində vakant olan  kitabxana müdiri  vəzifəsi üzrə 17,  kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 19 vəzifə çıxarılıb ki, həmin vəzifələrdən yalnız 3-nə  57 namizəd sənəd verib. Təhsil müəssisələrində  vakant olan digər 16 vəzifəyə isə sənəd verən olmayıb. İşə qəbul müsabiqəsinin test mərhələsində hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib. Test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb. Test imtahanında hər bir düzgün cavab bir balla qiymətləndirilib.

 

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

 

Qeyd edək ki, test suallarının 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılırlar. Minimum keçid balı gözlənilməklə test mərhələsində ən yüksək nəticəni göstərmiş namizədlər müvafiq vəzifəyə təyin olunacaqlar.