15-17 may tarixləri arasında keçiriləcək ənənəvi “Qızıl Şah” çempionatında iştirak edən tələbələri müəyyənləşdirmək məqsədilə təşkil olunan daxili yarışlar başa çatıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi” nə bildirilib ki, sonuncu daxili yarış Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.

     

Yarışda iştirak edən tələbələr 45 dəqiqə müddətində bir növ ana yemək, ona uyğun qarnir və sous hazırlayıblar. Çempionatda iştirak edən tələbələr münsiflər heyəti tərəfindən iş prosesi zamanı gigiyena qaydaları və ardıcıllığa düzgün riayət edilməsi, yeməyin dadı və resepturaya uyğun olması, yeməyin düzgün şəkildə servis və dekor edilməsi nominasiyalarına uyğun şəkildə qiymətləndirilib.     

      

Çempionatın nəticəsinə görə ilk 3 yerin qalibi - Kübra Həsənova, Nihad Ağayev, Gülnar Dadaşov Fəxri fərman, digər iştirakçılar isə Təşəkkürnamə ilə təltif olunublar.

      

Qeyd edək ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən keçirilən “Qızıl Şah 2024” 4-cü Respublika çempionatında böyüklər və gənclər kateqoriyaları üzrə komandalar arasında yarışlar, həmçinin “ət”, “quşəti”, “dəniz məhsulları”, “art sinfi” və “restoran deserti” kateqoriyaları üzrə fərdi yarışlar keçiriləcək. Həmçinin ilk dəfə olaraq beynəlxalq “Qızıl Şah Kuboku” 8 ölkənin milli komandası arasında oynanılacaq. Sözügedən çempionat Worldchefs təşkilatının himayəsi altında keçirilir.

      

Xatırladaq ki, daxili yarışlar ümumilikdə 8 peşə təhsil müəssisəsində keçirilib.