Məktəblərdə müəllimlər şagirdlərdən əlavə vəsaitlər almalarını tələb edirlər. Əlavə vəsaitə ehtiyac zərurəti müəllimlərin dərsliklərlə çalışmada çətinlikləri ilə izah edilə bilərmi?
 
Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev “Azərbaycan müəlliminə” açıqlamasında sözügedən məsələyə münasibət bildirib.
 
Mərkəz direktoru hesab edir ki, əlavə vəsaitlər təhsilin inkişafına yardım edirsə, onlardan istifadə etmək faydalıdır: 
 
“Xüsusi istedadlı, təlim nəticələri yaxşı olan uşaqlar üçün müəllimlərin əlavə vəsaitə ehtiyac görmələri normaldır. Belə uşaqlar üçün tarixən də əlavə resurslardan istifadə ənənəsi olub. Lakin sinifdə şagirdlərin 90 faizinə əlavə vəsait aldırılırsa, bu, yalnız müəllimlərin şəxsi maraqları ilə izah edilə bilər. Bizim dərsliklər hələ yenidir, istifadə çətinliyi ilə əlaqədar ola bilməz. Müəllimlərin çoxu əlavə vəsaitləri sinfin və şagirdin tələbatına uyğun deyil, daha çox şəxsi imicin formalaşması naminə aldırır. Bu isə, əlbəttə, şagirdin təlim prosesində şəxsi nailiyyətlərinin yüksəlməsinə yox, müəllimin şəxsi maraqlarına xidmət edir. Məsələn, riyaziyyat dərsliklərimizdə və iş dəftərlərində çalışma sayı lazım olandan çoxdur. Monitorinqlər zamanı soruşuruq, bəziləri deyir ki, məsələn, Namazovun hazırladığı vəsaitdən işləyirlər. Biz onlardan da soruşuruq ki, sözügedən vəsaitdə materiallar dərslik ardıcıllığına belə uyğun gəlmədiyi halda, necə istifadə edirlər? Burada şəxsi maraqlar var. Bəzi yayım evləri, kurslar müəllimləri maraqlandırmaq üçün iş dəftərləri və vəsaitlərinin satışından faiz verirlər. Hesab edirəm ki, müəllimlər öz reklamları üçün dərslikdən əlavə vəsait aldırırlar. Monitorinqlərdə müəllimlər deyir ki, çalışmalar o qədər çoxdur ki, 45 dəqiqədə onları işləyib bitirməyə vaxt qalmır. Deməli, əlavə vəsaitlərin aldırılması süni xarakter daşıyır”.
 
Ruhiyyə DAŞSALAHLI