Paytaxt məktəbliləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüblər.

 

23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində keçirilən görüşdə yazıçı Anar çoxşaxəli yaradıcılığı, bədii və publisistik əsərləri, kinofilmləri barədə məktəblilərə məlumat verib.

 

Bu yaxınlarda paytaxtdakı məktəblərin birində qonaq olduğunu xatırladan yazıçı şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığını bildirib, mütaliə üçün motivasiyanın daha da artırılması istiqamətində təhsil müəssisələrində görülən işləri yüksək qiymətləndirib. Ana dilimizin zənginliyinə toxunan Anar bildirib ki, yalnız ana dilini incəliklərinə qədər bilən şəxs digər bir xarici dildə yüksək səviyyədə fikirlərini ifadə edə bilər.

 

Daha sonra şagirdlər Anarın yaradıcılığından tanış olduqları əsərlər, eləcə də yazıçının “Dantenin yubileyi”, “Bayram həsrətində”, “Keçən ilin son gecəsi”, “Gürcü familiyası” kimi kiçikhəcmli yaradıcılıq nümunələri əsasında müzakirələr aparıb, onları düşündürən sualları səsləndiriblər.