Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunları "Casa Culinary Cup 2024" yarışmasında iştirak ediblər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin aşpaz ixtisası üzrə təhsil alan əcnəbi tələbəsi Thiran Dnod Ayantha “balıq əti” nominasiyası üzrə qızıl medala layiq görülüb. Mərkəzin "Great Trio" komandası yarışmada 3-cü yerin qalibi olub, bürünc medal və  sertifikatla təltif olunub, həmçinin mərkəzin tələbəsi Kənan Balaşovun da iştirak etdiyi "CASA TEAM" komandası 9 komanda arasında ən yüksək bal toplayaraq 3000 AZN mükafat əldə edib. Bundan əlavə yarışda fərdi olaraq iştirak edən mərkəzin məzunu Xədicə Yusifova “ət və quş əti” nominasiyası üzrə qızıl medala layiq görülüb.
 
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Gənc aşpazlar” komandası yarışmada 3-cü yerin qalibi olaraq bürünc medal və sertifikatla təltif olunub.
 
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yarışda fərdi olaraq iştirak edən tələbələri Hüseyn Məmmədov qızıl medal, Kamilla Orlova bürünc medal qazanıb.
 
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunları Həsən Abbasov və Məhəmməd Həşimli “Ən yaxşı şirniyyatçı” nominasiyası üzrə müsabiqədə İnnovativ Desertlər altkateqoriyası üzrə yarışaraq qızıl və gümüş medala layiq görülüblər.
 
Qeyd edək ki, “WorldChefs” standartları əsasında keçirilən çempionat bir ildən bir baş tutur və Azərbaycanda artıq 2-ci dəfədir ki, keçirilir.