Məktəblərimizdə istedadlı, çalışqan şagirdlər yetərincədir. Onlar müxtəlif müsabiqə və olimpiadalarda iştirak edir, medallar qazanır və böyük hədəflərə çatmaq üçün öz üzərlərində daim işləyirlər.

 

“Azərbaycan müəllimi” öz oxucularını vaxtaşırı həmin şagirdlərin uğur hekayəsi ilə tanış edir.      

 

Tanıtmaq istədiyimiz daha bir məktəbli Ankara məktəb-liseyin 10-cu sinif şagirdi Əli Əliyevdir.

 

Əli Əliyevin adı bu günlərdə bürünc medalçı kimi xəbər başlıqlarında yer almışdı. Belə ki, yanvar ayında Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautikov Olimpiadasında uğurla çıxış edən şagirdlərdən biri də o idi.

 

Əli informatika və proqramlaşdırma sahəsinə uşaqlıqdan maraq göstərir. İlk uğuruna 2021-ci ildə Bakıda keçirilən "Rəqəmsal bacarıqlar" layihəsində imza atıb.   Bu layihədə I yeri qazanıb. 8-ci sinifdə oxuyarkən Respublika fənn olimpiadasına  qatılaraq informatika fənnindən qızıl medala layiq görülüb. 2022-ci ildə Rumıniyada keçirilən "JBOİ"  (Junior Balcan Olimpycs İnformatics) olimpiadasında da iştirak edib. Deyir ki, bu olimpiadaya çox məsuliyyətlə yanaşıb. Buna baxmayaraq, yenə də həyəcanlı olub, nəticədə bürünc medal qazanıb. Həmin il Bolqarıstanda keçirilən SHUMEN İATİ informatika olimpiadasında  "Juniorlar" kateqoriyasında bürünc medal əldə edib.  

 

İstedadlı yeniyetmə özünə qarşı tələbkardır. Daim uğur qazanmaq üçün çalışır: "Əgər ardıcıl çalışmazsan, uğur davamlı olmaz. İnsan medallar qazandıqca,  məsuliyyəti artır və özünə qarşı daha tələbkar olur. Təcrübə də artır və sonra biliklər əvvəlki kimi çətin gəlmir sənə. Müxtəlif illərdə Qazaxıstanda keçirilən JAUTİKOV olimpiadasında  iştirak etdim. Rumıniyada keçirilən İnfO(1)Cup proqramlaşdırma müsabiqəsində gümüş medal qazandım. Hər dəfə əzmlə çalışdım".

 

O, 2023-cü ildə informatika fənni üzrə Respublika fənn olimpiadalarında yenidən  qızıl medal qazanıb.

 

Nəhayət, 2024-cü ildə yenidən Jautikov olimpiadasında iştirak edərək bürünc medalla mükafatlandırılıb. Və 2024-cü ildə daha bir uğura imza atıb.  İATİ shumen olimpiadasında, bu dəfə yuxarı yaş qrupları arasında keçirilən olimpiadada gümüş medala sahib olub.

 

Bütün bu uğurlar yuxusuz gecələrin, əzmlə çalışmağın bəhrəsidir. 

 

Üstəlik, Əli asudə vaxtlarında idmanla da məşğul olur. Mütaliəni də çox sevir. Texnoloji yenilkləri izləyir. Gələcəkdə xarici ölkələrin birində "Kompüter elmləri" ixtisası üzrə ali təhsil almaq istəyir.

 

Sifai  SƏFƏROVA