“"Qərbi Azərbaycana qayıdış" olimpiadasının yekunununda 18 şagird qalib elan ediləcək. Onlardan üçünə olimpiadanın qızıl, altı nəfərə gümüş, doqquz nəfərə bürünc medalı təqdim olunacaq”
 
 
 “Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Bakıdakı M. Müşfiq adına tam orta məktəbdə IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilk mərhələsi üçün keçirilən mediaturda iştirakı zamanı deyib.
 
O bildirib ki, olimpiadanın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixi, mədəniyyəti, ictimai xadimləri, tarixi şəxsiyyətləri haqqında şagirdləri məlumatlandırmaq və bu sahədəki biliklərin daha dərindən öyrənilməsinə nail olmaqdır. 
 
"Bilik müsabiqəsində 10 mindən çox şagird iştirak edir. Olimpiadada uşaqlara bu gün etibarı ilə 30 sual təqdim olunur. Sualların cavablandırılması üçün onlara 70 dəqiqə vaxt verilib. Olimpiada bütün ölkə üzrə 3 mərhələdə keçirilir – rayon (şəhər),  regional və respublika mərhələsi. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, yüksək nəticə göstərmiş şagirdlər regional mərhələyə keçəcəklər. Təşkilat Komitəsinin qərarı ilə biz regional mərhələdə iştirak edən şagirdləri onların əldə edəcəkləri nəticələrə görə müəyyənləşdirəcəyik. Son olaraq da yekun - final mərhələsinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulub" - deyə Fuad Qarayev bildirib. 
 
O əlavə edib ki, iyul ayında Naxçıvanda “Qərbi Azərbaycana Qayıdış”la bağlı festival təşkil ediləcək:
 
"Həmin festival çərçivəsində biz olimpiadanın final mərhələsini təşkil edəcəyik. Ümid edirik ki, bu olimpiada ilə işlərimiz yekunlaşmayacaq. Belə ki, olimpiadada iştirak edən şagirdlər burada onlara təqdim olunan tapşırıqları siniflərinə aparacaq, müəllimləri, sinif yoldaşları ilə müzakirə edəcəklər. Əgər bu gün təxminən 10 min şagird olimpiadada iştirak edirsə, biz əminik ki, burada olan tapşırıqlar, məlumatlardan, yüz minlərlə şagirdin məlumatlandırılması həyata keçiriləcək. Bütün şagirdlərə uğuralar diləyirik. Olimpiada Qərbi Azərbaycan icması ilə birlikdə həyata keçirilir, münsiflər heyəti, ekspertlər heyəti Təhsil İnstitutu və Qərbi Azərbaycan icması ilə birgə təşkil edilib. Ümid edirik ki, olimpiada müvəffəqiyyətlə başa çatacaq”
 
 
Oruc MUSTAFAYEV