Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində aprelin 7-də (11 illik) orta təhsil səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə göstərmiş və “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində həvəsləndirici yerə layiq görülən məktəblilərlə görüş keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov məktəbliləri təbrik edərək, son dövrlərdə təhsil sahəsində həyata keçirilən uğurlu layihələrdən və  şagird nailiyyətlərindən danışıb.     
 
Qeyd olunub ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən  buraxılış imtahanlarında məktəblilərimiz yüksək nəticələr əldə ediblər. Bildirilib ki, builki buraxılış imtahanlarındakı orta bal göstəriciləri son 3 il üzrə ən yüksək nəticədir və bölgələr arasında da Naxçıvan məktəbliləri yüksək nəticələrinə görə ölkə üzrə ikinci pillədə yer tutur. Diqqətə çatdırılıb ki, buraxılış imtahanlarında 4 şagirdimizin ən yüksək nəticə olan 300 bal toplaması da şagird nailiyyətlərinin yüksələn xətlə inkişafının bariz nümunəsidir.
 
Elxan Nəcəfov XIII Respublika Müsabiqəsinin əhəmiyyətini də vurğulayaraq şagirdlərə bu tipli müsabiqələrə daha yaxşı hazırlaşmağı tövsiyyə edib və blok imtahanlarında iştirak edəcək məzunlara uğurlar arzulayıb.
 
Tədbirdə məktəblilərə “Paşa Həyat” sığorta şirkətinin hədiyyələri təqdim olunub.