Builki buraxılış imtahanında 300 bal toplayan şagirdlər üçün may və iyun aylarında keçiriləcək blok imtahanlarında da maksimal nəticə ortaya qoymaq əsas hədəflərdəndir. Çünki 700 bal möhtəşəm uğurdur və istədiyin ali məktəbin qapısını rahatca açmaq deməkdir.

 

700 balı hədəfləyən şagirdlərdən biri paytaxtdakı 57 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alan, imtahanda 300 bal toplayan Rəbiyyə Əlizadədir.

 

O,  “Azərbaycan müəllimi”nə deyib ki, buraxılış imtahanlarının bitməsi hazırlıq prosesini fənlərin azalması baxımından bir qədər yüngülləşdirib, amma imtahanlara hazırlaşmaqla bağlı arxayınlıq yaratmayıb: “Çünki blok imtahanlarında digər fənlər var və şəxsən mən burada da maksimal nəticəyə iddialıyam. Bunun üçün dərslərə fasilə vermirəm. Hazırlığa intizamlı şəkildə gedirəm. Keçirilən hər bir bölümü vaxtında mənimsəməyə çalışıram. Hazırda I qrup üzrə qeydiyyatdan keçmişəm. “İnformasiya texnologiyaları” ixtisasında təhsil almaq istəyirəm. İmtahanların vaxtına az qalıb. Həyəcan həm var, həm də yox”.

 

Bununla belə o deyir ki, yaxşı hazırlaşdığı üçün özünə inamlıdır və imtahana tam rahat girib sualların hər birinə doğru cavab verməyə çalışacaq.           

 

Rəbiyyə təkcə imtahanlarda gözəl nəticələr ortaya qoymur. O, eyni zamanda olimpiada və müsabiqələrdə uğurlara imza atmağı bacarır. Belə ki, 2019-cu ildə keçirilən Lütfizadə adına IV Məntiq Olimpiadasında qızıl medala layiq görülüb. Bu sevindirici xəbərdən daha da ruhlanıb və öz üzərində səylə çalışmağa başlayıb. Yorulmaq bilmədən olimpiadalara hazırlaşıb. 2022-ci ildə  o,  “Thailand İnternational Mathematics Olympiad (TİMO)” da iştirak edir və gümüş medalla mükafatlandırılır:”Bu olimpiadadan da qızıl medal gözləyirdim. Amma çox  təəssüf ki, gözlədiyim nəticə olmadı. Bununla belə ruhdan düşmədim. Növbəti 2023-cü ildə keçirilən olimpiadada-  “Singapore and Asian Schools Math Olympiad”da iştirak edib qızıl medala sahib oldum. “American Mathematics Olympiad”da, Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında da qızıl medallara layiq görüldüm. Demək, çox çalışmaq lazımdır. Özünə qarşı tələbkar olduqda  istəyinə nail olursan.

Artıq bir hədəfim də var: imtahanlarda 700 balı qazanmaq!”.

 

İnanırıq ki, Rəbiyyə Əlizadə qarşıdakı imtahanlarda da yüksək nəticə əldə edəcək və sevdiyi ixtisas üzrə ali təhsil alacaq.

 

Sifai SƏFƏROVA