“Azərbaycan müəllimi” “Ali təhsildə beynəlxalq təcrübə" rubrikası çərçivəsində növbəti yazısını təqdim edir:

 

Son on illiklərdə kiçik ada dövləti olan Sinqapur sürətli inkişaf səviyyəsi ilə dünyanın diqqətini cəlb etməkdədir. Bu ölkə dünyanın hər yerindən mütəxəssisləri cəlb edərək təhsil və texnologiyada inkişaf etməyə və beynəlxalq miqyasda trendlər müəyyənləşdirməkdə davam edir. Sinqapurun universitet təhsilinin xarici tələbələr üçün cəlbediciliyi ildən-ilə artmaqdadır. Sinqapurun təhsil sistemi OECD tərəfindən ardıcıl olaraq dünyanın ən yüksək sistemlərindən biri kimi sıralanır. Bunun Sinqapurda tətbiq olunan tədris yanaşmalarından qaynaqlandığı güman edilir.
 
Asiyanın “Silikon vadisi”
 
Sinqapur 2021-ci ildə ABŞ-nin Silikon Vadisi ilə bərabər dünyada aparıcı innovasiya mərkəzlərindən biri kimi tanınıb və bu gün təkcə Asiyada deyil, bütün dünyada texnologiya, maliyyə və davamlı inkişaf sahələrində liderdir. Sinqapurun ali təhsili beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. 
 
Sinqapurun iki əsas dövlət universiteti - Sinqapur Milli Universiteti, Nanyanq Texnoloji Universiteti “Times Higher Education World University Rankings”in 2024-cü il sıralamasına əsasən, dünyanın ən yaxşı 50 universiteti arasında, müvafiq olaraq, 19 və 32-ci yerdədirlər. Sinqapur universitetlərində təhsil alan tələbələrin sayı 80 min civarındadır. Sinqapur universitetləri ardıcıl olaraq Asiyanın ən yaxşıları arasında - Sinqapur Milli Universiteti, Nanyanq Texnoloji Universiteti ilk 10-luqda yer alır və regiondan çoxlu beynəlxalq tələbə cəlb edir. Sinqapur Milli Universiteti QS World University Rankings sıralamasında dünyanın ən yaxşı 50 IT universiteti arasındadır. Bundan əlavə, QS-in versiyasına əsasən, dünyanın kompüter elmləri üzrə ən yaxşı 50 universiteti arasında  Sinqapur Milli Universiteti 12-ci,  Nanyang Texnologiya Universiteti isə 16-cı yerdədir.
 
Sinqapur universitetinin diplomu ilə məzunların qarşısında uğurlu beynəlxalq karyeraya aparan yol açılır. İlk növbədə, Asiyanın inkişaf etməkdə olan ölkələrində, o cümlədən Yaponiya, Çin, Cənubi Koreya, Honkonq və Tayvanda sinqapurlu məzunları gözəl karyera imkanları gözləyir. Bundan əlavə, Sinqapur dünyanın 20 ən yaxşı tələbə şəhəri sıralamasında (QS) yer alır. Bu reytinq universitetlərin səviyyəsini, beynəlxalq tələbələrin faizini, təhsilin maliyyə əlçatanlığını, iş perspektivlərini, şəhərin təhlükəsizliyini və davamlılığını nəzərə alır.
   
Təəccüblü deyil ki, bir çox beynəlxalq miqyasda tanınmış akademiklər və alimlər burada tədrisə cəlb olunublar. Tələbələrin haradan gəlməsindən asılı olmayaraq, onların Sinqapurda təhsil təcrübəsi onların güclü və bacarıqlarına əsaslanaraq, üfüqlərini və perspektivlərini genişləndirməkdədir. 
 
Təbii resursu zəif, insan potensialı güclü
 
Sinqapur təkcə Asiyada deyil, bütün dünyada akademik mükəmməlliyə görə reputasiyaya malikdir. Ölkənin təhsil sistemi dünya səviyyəli hesab olunur və həm yüksək səviyyəli, həm də rəqabətədavamlı akademik istedada malikdir. Təbii resurs potensialı zəif, Çin, Yaponiya kimi iqtisadi, siyasi nəhənglərin yanında olan bir ölkə bunlara necə nail ola bilib? Sinqapur Respublikasının təhsil sahəsində dövlət siyasətinin əsasını qoyan aparıcı fikir budur: ölkənin inkişafının əsas mənbəyi insan potensialıdır.
Ölkəni qlobal bir təhsil mərkəzinə çevirmək məqsədilə hökumət Cənub-Şərqi Asiya bölgəsində güclü bir təhsil şəbəkəsi yaratmaq üçün milyonlarla dollar sərmayə qoydu. Bu istiqamətdə Sinqapur hökuməti hansı işləri gördü?
 
1. Ölkənin Ümumi Daxili Məhsulunda (ÜDM) 2,2% artımı təmin edərək ən azı 5 milyard dollar mənfəət gətirəcəyi güman edilən xarici tələbələri cəlb etmək üçün proqramlar hazırladı.
 
Nəticə: Sinqapurdakı ali təhsil müəssisələrinin yarısı tələbə mübadiləsi proqramlarına malikdir. 2005-ci ildən bəri Sinqapur Təhsil Nazirliyi tələbə mübadilə proqramlarının inkişafına təkan vermək üçün (əsasən Çin və Hindistan kimi Asiya ölkələri ilə) 4,5 milyon Sinqapur dolları məbləğində xüsusi pul fondu ayırdı.
 
2. Sinqapurda ABŞ-nin Çikaqo Universiteti (Chicago Universiteti), Stanford Universiteti (Stanford Universiteti), Con Hopkins Universiteti (John Hopkins Universiteti), Massaçusets Texnologiya Universiteti (Massachusetts Texnologiya İnstitutu), Hollandiyanın Eyndhofen Texniki Universiteti (Technische Universiteit Eindhoven) və Fransanın INSEAD kimi aparıcı universitetlərinin filialları açıldı. Onların sayı öz kampusları ilə birlikdə artıq 20-yə çatdırılıb.
 
Nəticə: Tələbə mübadiləsi 300 ölkənin 40 aparıcı universiteti ilə aparılır.
 
3. Müasir kampuslar tikildi və bununla da universitetlər özlərini ABŞ və ya Avropaya viza ehtiyacı olmayan çox sayda Asiya tələbəsi ilə təmin etdilər. Avropalılar və amerikalılar, öz növbəsində, yaşayış dəyəri və şəhərin dinamik inkişafını müqayisə edərək Sinqapura çan atdılar.
 
Nəticə: Dünyanın 100-dən çox ölkəsindən olan beynəlxalq tələbələr (18% magistr və 60% aspirant) Sinqapuru seçdi.
 
Tələbə mübadiləsi proqramları (ildə təxminən 1800 tələbə) və aspirant mübadiləsi mövcuddur (aspirantların təxminən 70%-i xaricdə təcrübə keçir, onlardan 30%-nin təcrübə müddəti 6 aydan çoxdur).
 
Beləliklə də Sinqapurun dünya səviyyəli ali təhsil sisteminin inkişaf etdirilməsi təcrübəsi digər ali təhsil sistemləri, xüsusən də Asiyada siyasət üçün dəyərli dərslər verir.
 
Tələbələri ali təhsilə necə cəlb edir?
 
Ölkənin təhsil sistemindəki nailiyyətlərin ən vacib əsası ingilis dilində tədrisdir. Bu, beynəlxalq tələbələrin, aparıcı xarici professorların ölkəyə axınını təmin edir, tələbə və aspirantların mübadiləsini təmin edir. Sinqapurun 2014-cü ildə ali təhsil üçün dövlət xərcləri 2,9 trilyon olub. Sinqapur dolları (ÜDM-in təxminən 2,8%-i), bu da OECD ölkələri ilə müqayisədə təxminən iki dəfə azdır.
Sinqapur vətəndaşlarına universitet təhsili üçün təxminən 75%, politexnik ixtisalar üçün – ümumi dəyərin təxminən 85%-i məbləğində dövlət subsidiyası verilir.
 
Sinqapurun ali təhsil siyasəti təhsilə bərabər çıxışı təmin edir (ailənin lazımi maliyyə imkanları olmadıqda belə). Bu məqsədlə aztəminatlı ailələrə yardım üçün xüsusi dövlət proqramları mövcuddur: “Maliyyə yardımı sxemi” (Financial Assistance Scheme – FAS) və Edusave proqramı.
 
FAS, ümumi aylıq gəliri 1500–1800 dollardan çox olmayan ailələrə yardım göstərir (ailədəki uşaqların sayından asılı olaraq). FAS proqramına daxil olan tələbələr bütün təhsil ödənişlərindən azad edilir və milli imtahanlardan keçərkən qismən subsidiya alırlar. Edusave proqramı, akademik müvəffəqiyyət dərəcələri yüksək olan, lakin aşağı və ortagəlirli ailələrə aid olan təxminən 40.000 tələbəyə kömək edir.
 
Sinqapur istedad axtarır
 
Strateji prioritetlərinə sadiq qalmaqla Sinqapur hökuməti təşəbbüsləri fəal dəstəkləyir və ölkənin iki aparıcı universitetləri - Sinqapur Milli Universiteti (National University of Singapore) və Nanyanq Texnologiya Universitetinin (Nanyang Technological University) laboratoriyaları bazasında istedadlı ixtiraçıların tədqiqatlarına ciddi vəsait qoyur. Son 25 ildə bu istiqamətdə qoyulan investisiyaların ümumi həcmi təxminən 22 milyard dollar təşkil edib. Bu, bir çox gənc perspektivli mühəndis və tədqiqatçıların layihələrini kommersiya səviyyəsinə qaldırmağa imkan verib. Yalnız 2011-ci ildən bu investisiyalar 400 startapa həyat verib və 800 patentin qeydiyyata alınmasına imkan yaradıb. Bu il hökumət yeni beşillik tədqiqat dəstəyi planına 13,8 milyard dollar həcmində investisiya qoyub.
   
Qeyd edək ki, 2022-2023-cü tədris ilindən Sinqapurun ali təhsil müəssisələrində beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri olan 3 tələbəmiz - Nəriman Şirinli (Sinqapur Milli Universiteti), Vaqif Əliyev (Nanyanq Texnologiya Universiteti), Məshəti Piriyeva (Nanyanq Texnologiya İnstitutu) da təhsil alır. 
 
   
Ən mühüm resursu insanlarıdır
 
2022-ci maliyyə ilində təhsilə ümumi dövlət xərcləri təxminən 13,25 milyard Sinqapur dolları təşkil etmişdir. Sinqapur öz iqtisadiyyatını inkişaf etdirmək məqsədilə bacarıqlı və savadlı işçi qüvvəsinə arxalandığı üçün təhsil sisteminə investisiyaların həcmini hər il artırır. 
 
Təbii sərvətləri olmayan Sinqapurun ən mühüm resursu insanlarıdır. İstehsala əsaslanan iqtisadiyyatdan yüksək şaxələnmiş, xidmətlərə əsaslanan iqtisadiyyata keçid edə bilən işçi qüvvəsinin formalaşdırılması üçün təhsil sistemində təkmilləşdirmələrin aparılması və investisiyaların ayrılması zəruri şərt kimi özünü göstərib. Bu investisiyalar əhalinin təhsil illərinin artmasına, eləcə də təhsil səviyyəsinin yüksəldilməsinə səbəb olub. 
 
Sinqapurun təhsil sistemi STEM fənlərinə böyük diqqət yetirir. Sinqapurdan olan şagirdlər ənənəvi olaraq elm və riyaziyyat üzrə PISA testlərində üstün mövqedədir. Bununla belə, ağıllı texnologiyaya əsaslanan iqtisadiyyatda rəqabətqabiliyyətli qalmaq üçün Sinqapurda gənclərin keyfiyyətli ali təhsil alması üçün daha çox işlər görülür.  
 
Oruc MUSTAFAYEV