Keyfiyyət Təminatı üzrə 25-26 aprel 2024-cü il tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) və Hacı Bayram Vəli Universitetinin təşkilatçılığı ilə keçirilən “YÖKAK 2024-Keyfiyyət təminatı və akkreditasiya” adlı beynəlxalq konfransı keçirilmişdir.
 
"Azərbaycan müəllimi" məlumat verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bir sıra xarici ölkələrin və keyfiyyət təminatı sahəsində nüfuzlu beynəlxalq təşikilətların rəsmi şəxsləri yer almışdır.
 
Tədbirin açılış mərasimində Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Prof. ​Dr.Erol Özvar, Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının sədri Prof. Dr. Ümit Kocabıçak, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) vitse-prezidenti Doris Herrman çıxış etmiş, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri(EQAR) prezidenti Stephan Lauwickin konfransa videomüraciəti yayınlanmışdır.
 
Çıxış edən məruzəçilər beynəlxalq səviyyədə keyfiyyət təminatı prosesinin ümumi vəziyyəti və inkişaf perspektivlərinə toxunmuş, beynəlxalq akademik mobilliyin və beynəlxalq kvalifikasiyaların tanınma prosesləri üçün keyfiyyət təminatının proseslərinin təkmilləşdirilməsinin önəmi vurğulanmışdır.
 
Keyfiyyət Təminatında ölkələrin milli təcrübəsi barədə panel müzakirələrdə məruzəçi kimi iştirak edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov yeni dövrdə bir çox informal öyrənmə metodları və mənbələrinin sürətlə yayıldığını və ənənəvi təhsil müəssisələrinin bu prosesə çevik adaptasiyasının önəmini vurğulamış, həmçinin dünyanın bir sıra ali təhsil müəssisələrinin öz ölkələrində rəsmi olaraq akkreditasiya və digər xarici keyfiyyət təminatı proseslərini keçmələrinə rəğmən həmin müəssisələrdə təşkil olunan tədrisin keyfiyyəti və təqdim olunan yekun kvalifikasiyaların etibarlılığının bir çox suallar doğurduğunu qeyd etmişdir.
 
Tədbirin ikinci günündə, Agentliyin Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin müdiri Sabir Mirzəzadə proqrama uyğun olaraq “Keyfiyyət təminatının tətbiqi və problemləri”  mövzulu sessiyada "Xarici ali təhsil ixtisaslarının tanınmasında təhsil proqramlarının uyğunluğunun qiymətləndirilməsində yeni çətinliklər və həll yolları" başlıqlı məqaləsi üzrə adlı təqdimatla çıxış etmişdir. Təqdimatda xarici ölkələrdə ali təhsil üçün təhsil müəssisəsinin institusional akkreditasiyası ilə bərabər proqram akkreditasiyasının önəmi bəzi nümunələr təhlil edilərək vurğulanmış, yeni zamanda təqdim olunan təhsil sənədlərinin əldə olunduqları ölkələrdə verdiyi hüquqların araşdırılmasının zərurəti beynəlxalq konvensiyalardan nümunələrlə qeyd edilmişdir.
 
Qeyd edək ki, bu beynəlxalq konfrans ilk dəfə təşkil olunur və növbəti illər üçün ənənənin davam etdirilməsi gözlənilir.