“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərin tərkib hissəsi olaraq Mingəçevir Dövlət Universitetində (MDU) günəş enerji panelindən istifadəyə start verilib.

 

MDU-dan “Azərbaycan müəllimi”nə  bildirilib ki, universitetin əsas tədris korpusunun həyətində quraşdırılan günəş panelinin istifadəyə verilməsi mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, professor-müəllim və tələbə heyətini əlamətdar hadisə münasibətilə təbrik edib.

 

“Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”na uyğun olaraq MDU-nun yeni dövrün universitetinə çevrilməyi və davamlı inkişaf əsaslı ali təhsil müəssisəsi olmağı hədəflədiyini bildirən rektor günəş enerjisi panelini "yaşıl enerji" konseptinin real nəticələrindən biri kimi dəyərləndirib. Günəş panelinin “davamlı inkişaf təfəkkürlü” və “yaşıl düşüncəli” vətəndaş yetişdirmək missiyasının reallaşdırılmasına mühüm töhfə verəcəyini qeyd edən rektor açıq havada laboratoriya funksiyasını yerinə yetirəcək enerji panelinin “Energetika” və “Energetika mühəndisliyi” ixtisaslarında kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində də əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik Arif Həşimov son dövrlərdə MDU-nun müasirləşdirilməsi istiqamətində aparılan sistemli fəaliyyətlərdən bəhs edib və ölkənin elektroenergetika mərkəzi hesab olunan Mingəçevir şəhərində ilk günəş enerjisi panelinin istifadəyə verilməsinin böyük  önəm kəsb etdiyini vurğulayıb. Akademik ölkə başçısı tərəfindən bərpa olunan enerji resurslarından istifadənin artırılmasına göstərilən yüksək diqqət və qayğıdan danışıb, yaşıl enerji sahəsinin inkişafı məqsədilə yüksək ixtisaslı kadr hazırlığının məzmununun modernləşdirilməsinin vacibliyini bildirib.

 

Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz günəş enerjisi panelinin iş mexanizmi və universitet daxilində istifadə üçün generasiya olunacaq elektrik enerjisinin miqdarı barədə ətraflı məlumat verib. O, növbəti mərhələdə günəş enerjisi panelinin əhatə dairəsinin artırılması üçün atılacaq addımlardan danışıb, Azərbaycanda yaşıl enerji istiqamətində reallaşdırılan fəaliyyətlərə göstərilən dövlət dəstəyinin yaratdığı geniş imkanlardan bəhs edib.

 

Sonra günəş enerjisi paneli istifadəyə verilib, tədbir iştirakçıları paneli real iş rejimində izləyiblər.