Uşaq birliyi təşkilatı məktəblərdə şagirdlərin  təlim-tərbiyəsində mühüm rol  oynayır. Təşkilatın rəhbəri iş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir. Öz işini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur. Ən əsası təşəbbüslərə yaradıcı yanaşır, yeniyetmələrin qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara kömək edir.

 

Biz də “Azərbaycan müəllimi” qəzeti olaraq,  paytaxtın 2 nömrəli Texniki-humanitar liseyinin,   218  və 183 nömrəli  tam orta məktəblərin uşaq birliyi təşkilatlarının  rəhbərləri ilə əlaqə  saxlayaraq onların işlədikləri  təhsil ocaqlarında iş  fəaliyətlərini öyrəndik.

 

Turac Əhmədova, Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin uşaq birliyi təşkilatının  rəhbəri:  “18 illik pedaqoji staja malikəm. 2019-cu ildən liseyin uşaq birliyi təşkilatının sədri vəzifəsində çalışıram. Uşaqlarla işləmək mənə çox zövq verir. Onların istəklərini, arzularını həyata keçirərkən və hər hansı bir problemlərinin həll olunmasında köməyim dəyərkən özümü çox xoşbəxt hiss edirəm. Uşaq birliyi təşkilatının rəhbəri kimi məktəblilərin sosial, intellektual və mənəvi inkişafına kömək edirəm. Təşkilatın funksiyalarından biri tədbirlər və təşəbbüsləri əlaqələndirmək üçün məktəb rəhbərləri, müəllimlər və valideynlərlə əməkdaşlıq etməkdir. Mən təşkilatın rəhbəri kimi mədəni və maarifləndirici tədbirlər, idman yarışları, könüllü layihələr, bayramlar və gəzintilər təşkil etməklə şagirdlərin şəxsi inkişafına dəstək olmağa və onların asudə vaxtlarının daha maraqlı, səmərəli keçirilməsinə çalışıram. Şagirdlərlə liderlik, komanda işi, ünsiyyət bacarıqları və şəxsi inkişaf kimi müxtəlif mövzularda “dəyirmi masa”ların, müxtəlif intellektual yarışların təşkilini təmin edirəm. Lisey şagirdlərinin istedadlarını, yaradıcılıq qabiliyyətlərini və özünəinamlarını inkişaf etdirmək üçün imkanlar yaratmaqla əlimdən gələni əsirgəməməyə çalışıram. Şagirdlər arasında humanizm, milli qürur və fəal vətəndaş mövqeyinin inkişaf etdirilməsi məqsədilə onların müharibə iştirakçıları, şəhid ailələri və qazilərlə görüşünü təşkil edirəm. Hər il oktyabrın 21-i liseyin şagird və müəllim kollektivi ilə liseyimizin məzunu olmuş şəhidimiz Teymur Rəsulovun məzarını ziyarət edərək, onu qürurla anırıq. Vətənə məhəbbəti, milli rəmzlərə hörməti, Azərbaycan tarixini, mədəniyyətini və adət-ənənələrini təbliğ edən tədbirlərin təşkilində yaxından iştirak edirəm.Uşaq birliyi təşkilatının rəhbəri kimi əsas fəaliyyətlərimdən biri də təhsil müəssisəsində şagirdlərin hüquqlarının müdafiəsi və onların sosial inkişafına dəstəkdən ibarətdir. Uşaq hüquqları ilə bağlı maarifləndirmə və təşviqat işlərinin görülməsində fəallıq göstərirəm. Uşaqlar dövlətimizin gələcəyidir! Onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlamaq hər birimizin borcudur. Vəzifəsindən asılı olmayaraq hər birimiz dövlətimizin gələcəyi olan uşaqların sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyümələri üçün səylərimizi gücləndirməli və birləşdirməliyik".

 

Tural Cəmilov, Bakı şəhəri 218 nömrəli tam orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri: “Müasir dövrdə uşaqlarla işin təşkili ölkənin təhsil və gənclər siyasətinin tələblərinə əsasən həyata keçirilir. Bu mənada uşaqların tərbiyəsinə müxtəlif sosial təsisatların təsiri nəzərə alınmalıdır. Onların arasında uşaq birliklərinin xüsusi yeri vardır. Məktəbə gələn şagirdlərin qəbulu, onların sıraya düzülməsi (hava şəraitinə uyğun olaraq),  geyimi və forması, saç düzümü və s. diqqətimdə olur. Dərs prosesi zamanı dəhlizdəki şagirdlərin problemləri, tənəffüs zamanı növbətçi şagirdlərə nəzarət,  şagird sayı çox olduğu üçün dəhlizlərdə şagird sıxlığı zamanı hər hansı münaqişənin yaranmaması üçün daimi nəzarət mənim işimin əsas tərəflərindəndir. Gündəlik iş rejimindən başqa,  məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili, şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün gəzintilər, ekskursiyalar, muzeylərə səyahətlər, onların həyata baxışı və dünyagörüşünün formalaşması, müxtəlif əsərlərin səhnələşdirilməsi üçün teatrlara, tamaşalara aparılması, oxu saatlarının təşkili və s. işləri həyata keçirirəm. Şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşdırılması məqsədilə Şəhidlər xiyabanına ziyarətlər, şəhidlərin anım günlərinin keçirilməsi, şəhid ailələri, qazilərlə görüşlər, həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin və videoçarxların hazırlanması da mənim işimin əsas aspektlərindəndir. Həmçinin şagirdləri elmə, tərəqqiyə, inkişafa meyilləndirmək, müasir dünyada baş verən texnoloji yeniliklərlə tanış etmək məqsədilə “Expo Center” sərgi salonuna, “Bilim Baku Mərkəzi”nə, müxtəlif festivallara, sərgilərə, imza günlərinə aparılması işlərinə də xüsusi diqqət göstərirəm. Həm də məktəb  rəhbərliyi  ilə sıx əlaqəli işləmək mənim işimi asanlaşdırır  və  öz  işimə  qarşı həvəsimi daha  da artırır". 

 

Günay Aliyarlı, 183 nömrəli tam orta məktəbin uşaq birliyi təşkilatının rəhbəri: “12 ildir ki, uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində işləyirəm. Hər gün iş fəaliyyətimə səhər uşaqların sıra düzülüşünə, məktəbli formalarına nəzarət etməklə başlayıram. Uşaqları siniflərə yola saldıqdan sonra onların davamiyyətini yoxlayıram. Bundan əlavə, məktəb daxilində və məktəbdənkənar  tədbirlərdə məktəbimizin təşkilatçısı ilə birlikdə iştirak edirəm. Tədbirlərdə şagirdlərimizin qəlbində Vətən sevgisi, dəyərlərimizə hörmət aşılamağa çalışıram. Məktəbimizin foyesində yaradılmış Zəfər muzeyində 44 günlük Vətən müharibəsi haqqında məlumatlarla şagirdləri tanış edirəm. Tədbirlərimizi elə o muzeydə keçiririk ki, onların vətənpərvər ruhda tərbiyələnməsinə təkan olsun. Uşaq və yeniyetmələrin rəssamlıq istedad və bacarıqlarını üzə çıxarmaq məqsədilə onların rəsm sərgilərini təşkil edirik. Şagirdlərin asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsini təmin etmək üçün sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil olunmasında fəal iştirak edirəm. Öz işimi ölkə və beynəlxalq uşaq təşkilatlarının və qurumlarının pedaqoji, humanist prinsiplərindən çıxış edərək qurmağa üstünlük verirəm. Mənə etibar edilən şagirdlərin sağlamlığının və təhlükəsizliyinin qayğısına qalmağı vəzifə və mənəvi borcum hesab edirəm. O cümlədən, hər il məktəbimizdə mövcud olan “İstedad bankı”nın tərkibini yeniləyir və müxtəlif sahələrdə istedadlı şagirdlərimizin bir arada fəaliyyət göstərməsinə dəstək oluram. Məktəbin fəal şagirdlərindən təşkil edilmiş “Məktəb parlamenti”nin işlərinə müntəzəm nəzarət edirəm. Çalışıram ki, təlim-tərbiyəsi  ilə məşğul olduğumuz bugünkü şagirdlərimiz sabahkı  gündə  valideynlərinə, vətəninə  layiqli övlad olsunlar”.

 

Şakir CƏFƏROV