Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir tələbələrin  mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunması, onların bədii-estetik zövqlərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb. 
 
Müsabiqə-festivalda ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. 
Bədii yaradıcılıq müsabiqə-festivalına 26 ali təhsil müəssisəsindən 3000-dən artıq tələbə qatılıb. 
 
Müsabiqə-festival aşağıdakı nominasiyalar üzrə keçirilib:
 
- Milli və dünya xalqlarının çalğı alətləri;          
- Xor kollektivləri;
- Rəqs (milli);          
- Rəqs ( müasir);
- Bədii qiraət (klassik və müasir ədəbiyyat nümunələri);   
- Vokal (klassik, müasir və bəstəkar mahnıları);   
- Muğam;                                                              
- Xalq mahnıları;
- Aşıq mahnıları.
 
Festival-müsabiqə 3 mərhələdə təşkil olunub.  
 
Birinci mərhələdə ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçılar və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar. 
 
Yekun konsertin nəticələrinə uyğun olaraq festival-müsabiqənin qalibləri müəyyən ediləcək, onlar fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaq.