Professor Hikmət Əlizadə qurumun yeni sədri seçilib


Noyabrın 17-də Bakı Dövlət Universitetində Azərbaycan Təhsil Şurası İctimai Birliyinin umumi yığıncağı keçirilib. Yığıncaq Şuranın  son 5 illik fəaliyyətinin hesabatı, yeni redaksiyada Nizamnaməsinin qəbulu, yeni İdarə Heyəti və onun, eləcə də qurumun  sədrinin seçilməsi, Nəzarət-Təftiş Komissiyasının  hesabatı və  yeni tərkibinin formalaşdırılması məsələlərini müzakirə edib.

 

Təhsil Şurasının 144 üzvindən 93 nəfərinin iştirak etdiyi yığıncağı  ictimai birliyin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov açaraq  təşkilat üzvlərini salamlayıb və Milli Dirçəliş Günü münasibətilə təbrik edib. Professor A.Zamanov  20 il öncə-1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında yaradılmış Təhsil Şurasının təhsilimizin inkişafı və yeni keyfiyyət mərhələsinə yüksəlməsi istiqamətindəki nizamnaməsindən irəli gələn fəaliyyətini yüksək qiymətləndirib, onun öz maarifləndiricilik, təhsili idarəetmə orqanlarının diqqətini bu sahənin problemlərinə cəlb etmək, onların pedaqoji ictimaiyyət arasında müzakirəsini təkil etmək missiyası ilə təhsilimizə dəyərli töhfələr verdiyini vurğulayıb. İclasın sədri  qurumun rəhbəri, Şuranın yaradılmasında və ötən müddət ərzində fəaliyyətinin istiqamətləndirilməsində böyük rolu və zəhməti olan, hazırda səhhətindəki problemlər üzündən iclasda iştirak edə bilməyən tanınmış pedaqoq-alim, Əməkdar müəllim, professor Əjdər Ağayevə təşkilat üzvləri adından dərin minnətdarlığını bildirib, ona tezlikə sağalmasını arzulayıb.

 

Sonra İdarə Heyətinin üzvü, Əməkdar müəllim  Həqiqə Məmmədova hesabat məruzəsini təqdim edib. Məruzədə son 5 il ərzində qurumun təhsilin müxtəlif aktual mövzularında keçirdiyi  beynəlxalq və respublika elmi-praktik konfransları, layihələri haqqında ətraflı məlumat verilib. Daha sonra   Şuranın Nəzarət-Təftiş Komissiyasının  sədri Arif İbrahimov komissiyanın hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Hər iki məruzə ətrafında müzakirələr aparılıb.  Yığıncaqda çıxış edən BDU-nun  Sosial elmlər və psixologiya fakultəsinin dekanı, professor Hikmət Əlizadə,  Lənkəran RTŞ-nın  müdir müavini Güloğlan Bağırov, Bakı şəhər 202 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Hüseynova, təhsil eksperti, BDU-nun professoru Şahlar Əsgərov  Şuranın ölkədə həyata keçirilən  təhsil siyasətinə verdiyi dəstəkdən danışıb,  onun fəaliyyətini və bu fəaliyyəti əks etdirən hesabat mərizəsini qənaətbəxş qiymətləndiriblər.

 

Yığıncaqda  Təhsil Şurasının  işində, keçirdiyi tədbirlərdə xüsusi əzmkarlıq göstərən   bir qrup təhsil işçisinə təşəkkürnamələr təqdim olunub.

 

Ümuni yığıncaq Təhsil Şurasının yeni İdarə Heyətini və Nəzarət-Təftiş Komissiyasını seçib. Azərbaycan Təhsil Şurasının sədrliyinə professor Əjdər Ağayevin namizədliyi irəli sürülsə də, onun adından səlahiyyətli nümayəndəsi, qızı Ülviyyə İbrahimova Əjdər Ağayevin sağlıq durumu baxımından bu vəzifəyə mənəvi davamçısı olan professor Hikmət Əlizadənin namizədliyini irəli sürdüyünü bildirib. Hikmət Əlizadənin namizədliyi səsə qoyularaq yekdilliklə qəbul olunub. Beləliklə, İdarə Heyətinin üzvü BDU-nun  Sosial elmlər və psixologiya fakultəsinin dekanı,  pedaqogika üzrə elmlər doktoru, professor Hikmət Əlizadə Təhsil Şurasının yeni sədri seçilib. İclasın sədri professor Asəf Zamanovun təklifi ilə professor Əjdər Ağayev Təhsil Şurasının Fəxri sədri seçilib.

 

Qurumun  Nizamnaməsi yeni redaksiyada müzakirə edilərək qəbul olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinə ümumu yığıncaq iştirakçılarının müraciəti qəbul olunub.

 

Yusif ƏLİYEV