Akademik Akif Əlizadə: “Elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi şuranın əsas fəaliyyət prinsiplərindən biridir”


Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib.

          

İclası açan AMEA prezidenti, akademik Akif Əlizadə elm və təhsil sahəsində əlaqələrin  möhkəmləndirilməsinin  şuranın əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib. Akademik A.Əlizadə bildirib ki, AMEA-nın professorları akademiyanın elmi və elmi-təşkilati həyatında  daha yaxından iştirak etməlidir. Onlar öz fəaliyyətlərində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməli, gənc kadrların hazırlanmasında, tədris prosesində elmi nailiyyətlərin təbliğində, habelə gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar. Akademik AMEA-nın professorlarının akademiyada magistrantların yüksək səviyyəli mütəxəssis kimi yetişməsində rolunu xüsusi vurğulayıb.

          

İclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, “AMEA-nın professoru” elmi adının yaradılması akademiya tarixində mühüm hadisədir. Akademik AMEA-nın professorlarının akademiyanın gənc alimləri ilə birgə elmi aktual mövzulu tədbirlərin təşkilində, eləcə də XXI əsrdə elmin qarşısında duran prioritet vəzifə və tələblərə uyğun dissertasiya mövzuları  seçilməsində yaxından iştirakının məqsədəuyğun olduğunu vurğulayıb.

          

Sonra çıxış edən Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın professorlarının akademiyanın magistrantları üçün məsləhət saatları keçirməsinin zəruriliyini qeyd edib. İdarə rəsi bildirib ki, AMEA-nın elmi müəssisələrində magistratura təhsilində keyfiyyətin yüksəldilməsinə AMEA-nın professorları öz töhfəsini verə bilər. Bu da magistratura təhsili almaq istəyən gənclərin AMEA-ya daha  böyük maraq göstərməsinə imkan yaradacaq.

          

Daha sonra iclas AMEA-nın professorlarının çıxışları və müzakirələrlə davam edib.