AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi və mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir. Layihə çərçivəsində MEK-in nümayəndə heyətinin növbəti səfəri Qusar rayonunun Böyük Muruq ucqar dağ kəndinin orta məktəbinə olub. MEK əməkdaşları – Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və Layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev  məktəbin kollektivi ilə görüşüb.

         

Görüş zamanı Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev məktəbdə aparılan təmir və yenidənqurma işləri barədə məlumat verib. M.Göyüşlü “Açıq kitabxana” layihəsindən, MEK-in Milli Rəqəmsal Yaddaş bazasından, “AXC-100” çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərdən və digər istiqamətlərdə fəaliyyətdən danışıb. Qeyd edib ki, bu müddət ərzində bir sıra qurumlar, o cümlədən Cocuq Mərcanlı kənd tam orta məktəbi, Şamaxı rayon məktəb kitabxanaları, Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyinin Ağdamdakı “N” saylı hərbi hissəsi və digər qurumlar “Açıq kitabxana” layihəsindən faydalanıblar.

         

Çıxışlardan sonra Azərbaycan və dünya ədəbiyyatına aid olan kitablar Böyük Muruq kənd orta məktəbinə təqdim edilib.