Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Gennadi Burbulis tələbələr qarşısında mühazirə oxuyub


“Dünyanın yeni xarici siyasəti” mövzusunda Bakıda keçirilən VII Qlobal Forumun iştirakçısı  Moskva Beynəlxalq Universitetinin “Politosofiya və fəlsəfə elmləri” kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetində olub.  Qonağı universitetin elmi işlər üzrə prorektoru, professor  Rafiq Novruzov, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova və digər şəxslər qarşılayıblar.

 

R.Novruzov universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışıb. O, Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik  ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulayıb. R.Novruzov hazırda BSU-da bir çox ölkələrdən gəlmiş tələbələrin rus dilini və rus ədəbiyyatını öyrəndiyini bildirib. Prorektor daha sonra Gennadi Eduardoviç Burbulisin həyat və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib və onun müasir dövrün tanınmış ideoloqlarlndan biri olduğunu diqqətə çatdırıb. 

 

Universitetin konfrans zalında tələbələr qarşısında çıxış edən G.Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb və bu gün həmin siyasətin Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  deyib. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirib. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd edib. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu, bu məsələdə  tələbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

 

G.Burbulis tələbələrlə canlı dialoqa girmək yolu ilə onların beynəlxalq aləmdə baş verən hadisələrə münasibətini öyrənməyə çalışıb.

 

Qonaq görüşün sonunda BSU-nun tələbələrinin suallarına cavab verib və dövlətçilik məsələləri ilə bağlı xatirələrini onlarla bölüşüb.