Xuraman Əhmədova: “Mən həmişə gənclərin elmi potensialına güvənmişəm”


Xuraman Əhmədova  1962-ci ildə İmişli rayonunun Ölcələr kəndində anadan olub. Orta təhsilini 1969-1979-cu illərdə Ölcələr kənd tam orta məktəbində alıb. 1985-ci ildə ADPU-nun riyaziyyat fakültəsini bitirib. Həmin ildən pedaqoji fəaliyyət göstərir. Hazırda İmişli rayon Ölcələr kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir.

 

O, səmərəli pedaqoji  fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2005-ci ildə  “Tərəqqi” medalına, 2017-ci ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

 

- Xuraman müəllim, bildiyimizə görə, orta məktəbi əla qiymətlərlə bitirmisiniz. Niyə başqa peşə sahibi yox, məhz riyaziyyat müəllimi  oldunuz?

 

- Bunun bir çox səbəbləri var. Bu peşəni mənə sevdirən müəllimlərim olub. Elmin sirlərinə bələd olduqca riyaziyyat elminə marağım daha da artdı. Hər dəfə çalışmaları düzgün həll etdikcə, müəllimlərimin üzündəki təbəssüm, sevinc məni daha da cəsarətləndirirdi və özümə inamımı  daha   da artırırdı.

 

Qeyd edim ki, mənim orta məktəbdə riyaziyyat müəllimim Tərlan Mustafayev olub. Onun şəxsi keyfiyyətləri, ciddi bir müəllim olması, riyaziyyatı sevə-sevə şagirdlərə tədris etməsi sayəsində məndə bu peşəyə maraq yaranıb.

 

- Bu gün seçiminizdən razısınızmı?

 

- Peşədən söhbət düşəndə, mən məktəb illərində etdiyim seçimimdən həmişə razılığımı bildirmişəm. Elə indi də sizə deyə bilərəm ki, mən sahib olduğum bu peşəyə görə özümü xoşbəxt hesab edirəm. Müəllimin savadı, qabiliyyəti, davranışı, sagirdlərinə olan sevgisi cəmiyyyəti qane edirsə, o, müəllim heç vaxt seçimindən narazı qala bilməz. Mən həmişə el-oba içərisində özümə qarşı böyük bir hörmət, rəğbət hiss etmişəm. Bu, məni sevindirir.

 

- Artıq 34 ildir ki, müəllim vəzifəsində çalışırsınız. İşlədiyiniz məktəb haqqında nə deyə bilərsiniz?

 

- Məktəbimizdə hazırda 164 nəfər şagird təhsil alır. Məktəbin təlim göstəriciləri hər il yüksəlməkdədir və ildən-ilə uğurlarımız artır. Ötən tədris ilində məktəbin 2 məzunu ali məktəbə, 2-si  isə orta ixtisas məktəblərinə qəbul olub. Məktəbimiz hər zaman dövrün tələblərinə cavab verməyə çalışıb. Məktəbin köhnə binası uzun illər idi təmir olunmurdu. Bu da bir çox çətinliklər yaradırdı. 2014-cü ildə məktəbimizin yeni, müasir formada tikilmiş binası istifadəyə verildi. Artıq bir neçə ildir ki, xəyallarımızda arzuladığımız bir məktəbdə çalışırıq. İndi isə qarşımıza bir məqsəd qoymuşuq: Savadlı və vətənpərvər gənclər yetişdirmək. İnanıram ki, dövlətimizin qayğısı ilə biz bu istəklərimizi həyata keçirəcəyik.

 

- Xuraman müəllim, rayonumuzda və ümumiyyətlə, ölkəmizdə təhsilin bu günü ilə bağlı fikirləriniz maraqlı olardı...

 

- Onu deyim ki, dövlətimiz təhsilin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Müasir tipli məktəb binalarının tikintisinin davam etdirilməsi, ucqar kəndlərdə çalışan müəllimlərin müxtəlif həvəsləndirici vasitələrlə xərclərinin qarşılanması, təhsil işçilərinin əməkhaqlarının artırılması, bütün bunlar təhsilin inkişafını şərtləndirir. Müəllimlərin Diaqnostik Qiymətləndirilməsinin (DQ) aparılması, Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin keçirilməsi, məktəblərdə təmayül siniflərinin yaradılması və s. bütün bunlar bu gün Azərbaycan təhsilinin uğurlarıdır. Təhsilimizdə, xüsusən orta məktəblərdə böyük uğurlarımız var. Ali məktəblərə qəbul zamanı məzunların və eyni zamanda yüksək balla qəbul olanların sayının artması təhsilin keyfiyyətinin yüksəlməsinin sübutudur.

 

- Sizcə, bu gün ucqar kənd məktəblərində təhsilin keyfiyyətini daha da artırmaq üçün hansı işlər görülməlidir?

 

- Son illər artıq kəndlə şəhər arasında elə bir fərq görmürəm. Çünki işlədiyim kənd məktəbində hər bir şərait yaradılıb. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları avadanlıqlar və lazımi dərs vəsaitləri ilə təchiz olunub. Məktəbdə internet və digər zəruri tədris vəsaitləri müasir tələblər səviyyəsindədir. Kəndlərin infrastrukturu da ildən-ilə yenilənir. İlk olaraq müəllim hazırlığına daha çox diqqət yetirilməlidir. Məktəblər ibtidai siniflərdən başlayaraq şagirdləri öyrətməyin əlverişli yollarını tapmalıdır. Elə  yollar tapılmalıdır ki, şagirdlər fikri fəaliyyət metodlarından müstəqil istifadə etmək  qabiliyyətinə yiyələnsinlər.

 

- Son illərdə məktəblərimizdə gənc müəllimlərin sayı artmaqdadır. Bu barədə  nə deyərdiniz?

 

- Mən həmişə gənclərin elmi potensialına güvənmişəm. Məktəblərdə bütün ixtisaslar üzrə gənc müəllimlərin olması təhsilin keyfiyyətinin artmasına əsas verir, sağlam rəqabətə yol açır. Gənc müəllimlər hər zaman diqqət  mərkəzindədir və onların daimi qayğıya ehtiyacları var. İnanıram ki, bütün sahələrdə olduğu kimi gənclərimiz təhsildə də dövlətimizin həyata keçirdiyi islahatlarda fəal yaradıcılıq mövqeyi tutacaqlar. Mən onlarda səbrin, dözümün və fənninə böyük marağın olmasını görmək istərdim.

 

- İmişli rayonunda “Əməkdar müəllim”  adına layiq görülən 10-cu müəllimsiniz...

 

 

- Gənc yaşlarımdan mənim müəllimlik fəaliyyətim rayon ictimaiyyətinin və rayon təhsil şöbəsinin nəzərindən kənarda qalmayıb. İş təcrübəmin dəfələrlə rayon məktəbləri arasında yayılması, müxtəlif müsabiqələrdə daha fəal iştirakım və təhsil şöbəsi tərəfindən aldığım fəxri fərmanlar məni bu fəxri adlara aparan yol olub. Nəhayət, 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüm və bu, mənim pedaqoji fəaliyyətimə verilən ən yüksək qiymət oldu. Bundan sonra isə “Əməkdar müəllim” adını almağı gözləmirdim. 2017-ci ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə bu fəxri ada layiq görüldüm. Əməyimə verilən bu yüksək qiymətə görə möhtərəm Prezidentimizə minnətdaram.

 

- Fənnin tədrisində və ya şagirdlərə elmin öyrədilməsində müəllim şəxsiyyətinin rolunu necə qiymətləndirirsiniz?

 

- Şagirdlərin təlim-tərbiyəsində müəllim şəxsiyyətinin rolu əvəzolunmazdır. Müəllim şagirdlər üçün ideal olmalıdır. O, hər zaman, hər yerdə öz şəxsiyyətini qorumalı və nümunə olmalıdır. Müəllim şagirdlərini elə ruhda tərbiyə etməlidir ki, onun həm fənninə, həm də şəxsiyyətinə hörmət azalmasın. Necə ki, biz öz müəllimlərimizlə fəxr edirik və indi də onları görəndə özümüzü onların qarşısında şagird kimi hiss edirik. Fikrimcə, cəmiyyət müəllimi o zaman müəllim kimi qəbul edir ki, o, özünü cəmiyyət  içində bacarığı, tərbiyəsi və elmi biliyi ilə sübut etmiş olsun. Əlavə olaraq onu da deyim ki, bu gün təhsildə modernləşmə sürətlə gedir və müasir pedaqogikanın qarşısında şagirdlərin öyrənməyə cəlb edilməsi kimi aktual sual yaranıb. Günümüzün təhsili müəllim və şagirdin birgə zəhmətidir. Bu, müəllim-şagird əməkdaşlığının pedaqogikasıdır desəm, yanılmaram.

 

- Müəllim olmaq istəyən gənclərə məsləhətiniz nə olardı?

 

- Mənim şagirdlərim arasından çox sayda bu peşənin davamçıları var. Elə indi də biləndə ki, şagirdlərdən kimsə müəllim olmaq istəyir, onlara belə bir məsləhət verirəm: Bu, peşəyə sahib olmaq istəyirsənsə, seçdiyin fənnə və uşaqlara böyük məhəbbətin olmalıdır. Bunların hər ikisini də o qədər sevməlisən ki, nə öyrətməkdən, öyrənməkdən nə də zəhmətdən çəkinməməlisən. Səbrli olub, dözüm göstərib şagirdlərinin yüksək nəticə, uğur əldə etmələrinə kimi çalışmalısan. Əgər bu xüsusiyyətlərin varsa, onda müəllim ol.

 

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi