Bakı Slavyan Universitetinin (BSU) müəllim və tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olublar.

 

Səfər marşurutuna, həmçinin Sabirabad rayonundakı Şəhidlər Xiyabanında uyuyan Milli Qəhrəmanlarımız Mübariz Əhmədovun, Fərhad Ağayevin, Murad Mirzəyevin məzarlarını ziyarət etmək daxil olub. Qonaqlar Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və icra hakimiyyətinin üzvləri ilə birgə xiyabana baş çəkərək, müharibə qəhrəmanlarının məzarlarının üzərinə gül-çiçək dəstələri qoyublar. Qeyd edək ki, Milli Qəhrəman Mübariz Əhmədov BSU-da təhsil alıb və Qarabağ uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olub.

 

Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış əzəmətli “Aprel şəhidlərinə xatirə” abidəsini də ziyarət edib və  abidənin önünə gül dəstələri qoyublar.

 

Cocuq Mərcanlı kənd tam orta məktəbində universitet nümayəndələrini Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, adıçəkilən məktəbin müəllim və şagirdləri qarşılayıblar. Burada məktəbin direktoru  Z.Həziyev məktəb barədə qonaqlara ətraflı məlumat verib.

 

BSU-nun rektoru, professor N.Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində cəbhə bölgəsində yerləşən belə bir abad kənddə olması ilə qürur duyduğunu bildirib. N.Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində vətinimizin gündən-günə abadlaşdığını diqqətə çatdırıb. O, tezliklə digər torpaqlarımızın da düşmən tapdağından azad olacağına əmin olduğunu söyləyib. Azərbaycanın güclü orduya və hərbi texnikaya malik olduğunu qeyd edən rektor işğal olunmuş ərazilərin qan tökülmədən azad edilməsi üçün lazım olan bütün işlərin görüldüyünü vurğulayıb.

 

Daha sonra məktəb şagirdləri qonaqlar üçün vətənpərvərlik mövzusunda şerilərlə çıxış ediblər. BSU nümayəndələri məktəbə sutəmizləyici “Spenser” aparatı, laminasiya qurğusu, məktəb kitabxanasına xeyli sayda kitab hədiyyə verib və hər bir məktəbliyə ayrılıqda hədiyyə bağlaması təqdim olunub.

 

Qonaqlar ağacəkmə aksiyası keçirərək, Bakıdan gətirdikləri tingləri məktəb həyətində əkib sulayıblar. Səfərin ən maraqlı məqamlarından biri də Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanışlıq olub. Qonaqlar uşaq bağçasına, məscidə baş çəkib və istirahət üçün nəzərdə tutulan parkda gəzintiyə çıxıblar.

 

BSU-nun tələbələri “Qayıdış” İcma Kilubunda ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ümummilli Lider-xalqın qəhrəman oğlu” adlı geniş konsert proqramı ilə də çıxış ediblər.