İyunun  3-dən 7-dək  Sumqayıt Dövlət Universitetinin əməkdaşları Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çəriçivəsində Alikante Universitetində təlimlərdə iştirak ediblər. Təlimlərdə  Təhsil Nazirliyinin, 11 Azərbaycan  və 4 Avropa tərəfdaş universitetlərin nümayəndələri təmsil olunublar. Təlim moderatorları Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, Alikante Universitetinin (İspaniya) alimləri Denise Galvin ,Gillermo Bernabeu və Royal Texnologiya Universitetinin alimi Viktor Kordas tərəfindən aparılıb.

 

Təlim universitetlərin Avropa Standartlarına uyğun SWOT təhlilinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət indiqatorları (göstəriciləri), innovativ tədris-təlim və akkreditasiya mövzularına həsr edilib. Təlimlər qrup işi, müzakirə və təqdimatlarla aparılıb. Təlimin sonuncu günü universitet kampusu ziyarət olunub.

 

Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tərəfindən təlimlərdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor , dosent Natiq Talıbov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı , dosent Aynura Yəhyayeva, Proseslərin Avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  Samirə Məmmədova və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak ediblər.