Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” nümayəndələri ilə görüş keçirilib.

 

Görüş zamanı tərəflər şirkətdə təcrübəyə seçilmiş BANM tələbələrinin istehsalat prosesi zamanı göstərdikləri performansları və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirələr aparıblar.

 

BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbə və məzunlarını diqqətdə saxladıqlarına və yaratdıqları yüksək səviyyəli şəraitə görə şirkətin nümayəndələrinə  təşəkkürünü bildirib.

 

“Baker Hughes, a GE Company” şirkətinin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti cənab Mahmud Kassem iş prosesi zamanı BANM məzunlarının səviyyəsindən məmnun qaldığını, onların kifayət qədər peşəkar kadr olduğunu bildirib. O, şirkətdə bu il istehsalat təcrübəsi üçün Ali Məktəbin daha 8 tələbəsinə yer ayrıldığını rektorun diqqətinə çatdırıb.

 

Qeyd edək ki, “Baker Hughes, a GE company” şirkəti dünyanın nüfuzlu neft-qaz şirkətlərindən sayılır. Şirkət əsasən, çoxşaxəli neft və mədən məhsulları, xidmətləri və rəqəmsal həlləri üzrə dünyanın ilk və yeganə tam təchizatçısıdır.

 

2015-ci ildən “Baker Hughes, a GE company” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra məzunlar işlə təmin olunur.