Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun doğum günü qeyd olunub.

 

AzTU-nun rektoru, professor Vilayət Vəliyev tədbirdə iştirak edən Şəhid valideynlərinə xitabla  “Siz elə bir övlad böyütmüsünüz ki, bütün Vətən onlarla fəxr edir”-deyib.

 

Rektor Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlar arasında universitetin 10 Milli Qəhrəmanı olduğunu, bütünlükdə AzTU-nun 50-dək tələbəsinin döyüşlərdə şəhid düşdüyünü bildirıb.

 

AzTU-nun prorektoru, professor İsa Xəlilov Vətən uğrunda şəhid olan məzunların xatirəsinin anılması və vətənpərvərliklə bağlı hər il universitetdə silsilə tədbirlərin keçirildiyini söyləyib.

 

Əbdülməcid Axundovun anası Ceyran Axundova oğlu ilə bağlı xatirələrini bölüşərək, onun   Vətən uğrunda şəhid olmasını  üzücü olmaqla, eyni zamanda qürurverici adlandırıb. Şəhid anası  anım tədbiri üçün ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirib.    

 

Tədbirdə Gənc Mühəndislər İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Cəfərli “Elektrotexnika və energetika” fakültəsinin təhsildə fərqlənən, ictimai-fəal tələbəsi Bağırova Şəlaləyə Əbdülməcid Axundovun xatirəsinə təsis edilən  plaket və mükafatı təqdim edib. Şəhidin əziz xatirəsinə hörmət olaraq təsis edilən bu mükafat, hər il ənənəvi olaraq Ə. Axundovun doğum günü ərəfəsində, bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə verilir.

 

Tədbirdə ssenari müəllifləri-Elşən Zeynallı və Xəqani Həşimovun  Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana Vətən” filmi nümayiş olunub.

 

Şəhid valideynləri universitetdə şəhidlərin xatirəsinə həsr olunmuş “Milli Qəhrəmanlar və Şəhidlər Muzeyi”ni ziyarət ediblər.

 

Qeyd edək ki, hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü Azərbaycan Texniki Universitetinin məzunudur.