Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Konfransda beynəlxalq ekspertlər, dövlət və özəl sektorun, ali məktəblərin, həmçinin AMEA-nın müvafiq qurumlarının nümayəndələri iştirak edib.

 

BMU-nun rektoru, professor Havar Məmmədov elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən BMU-nun yaranma tarixinə  nəzər salıb. O deyib ki, qısa müddət ərzində BMU 7 beynəlxalq konfransa ev sahibliyi edb, bu konfranslara 20-dən artıq ölkədən 2000-ə yaxın tədqiqatçı qatılıb.  

 

H.Məmmədov qeyd edib ki, dünyada olduğu kimi ölkəmizdə də mühəndislik və digər elmi sahələrin sürətlə dəyişməsi, inkişaf etməsi ilə əlaqədar yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal, idarəetmə sahələrinə tətbiq edilməsi zərurəti yaranır.

 

O, Azərbaycanın iqtisadi inkişafında innovasiyanın əhəmiyyətini və mühəndislik elmlərinin vacibliyini önə çəkmək, innovativ idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara effektiv və səmərəli şəkildə nail olmaq baxımından konfransın son dərəcə əhəmiyyətli olduğunu nəzərə çatdırıb. H.Məmmədov, həmçinin 5-ci sənaye inqilabına çağırışlar çərçivəsində mühəndislik ixtisaslarında mövcud vəziyyət və gələcək  tendensiyaları müzakirə etmək məqsədi ilə keçirilən konfransın mühüm nəticələr əldə edəcəyini bildirib.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev BMU-da bütün ixtisaslar üzrə, o cümlədən innovativ inkişaf üçün mühəndis kadrlarının yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib və bu işlərin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

 

Professor “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf  Konsepsiyası, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na da toxunub və bu sənədlər çərçivəsində qarşıda duran əsas vəzifələrdən bəhs edib.

 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parklarının yaranması və hədəflərindən danışaraq, istehsal müəssisəsinin layihələndirilməsində, məhsulun istehsal olunmasında mühəndislik ixtisasının rolunu, BMU ilə sənaye parkının əməkdaşlığının əsas istiqamətlərini diqqətə çatdırıb.

 

Qeyd edək ki, konfransa 10-dan çox ölkədən 250-ə yaxın məqalə və tezis göndərilib, onlardan 135 məruzə elmi heyətin qərarı ilə konfransın proqramına daxil edilib.

 

Konfransa həmçinin, Azərbaycanın 30-a yaxın ali təhsil müəssisəsi  və AMEA-nın  elmi-tədqiqat  institutları, eləcə də  Ukrayna, Türkiyə, Portuqaliya və digər ölkələrin elm adamlarının tədqiqatları göndərilib.