Bütün xəbərlər
10 oktyabr, 11:25

ABŞ-nin Ohayo Universitetinin maliyyə professoru Maykl Stiven Vaysbaxın (Michael S. Weisbach) Prinston Universitetinin Nəşriyyatı tərəfindən 2021-ci ildə çap olunmuş “İqtisadçının peşə ustalığı” (The Economist’s Craft: An Introduction to Research, Publishing, and Professional Development, Princeton University Press, 2021) əsəri iqtisadi tədqiqat prosesinin mahiyyətini, elmi yaradıcılığın mərhələlərini və akademik etikanın əsaslarını sistemləşdirən dərin düşüncəli bələdçidir. Müəllif iqtisad elmini təkcə riyazi modellər və statistik metodlar toplusu kimi deyil, peşəkar sənət kimi təqdim edir. Onun “tədqiqatın çobanı deyil, ovçusu olun” çağırışı müasir elmi fəaliyyətin fəlsəfi yönünü ifadə edir: alim yalnız məlumat toplayan deyil, bilik axtaran, yeni ideyaları “ovuclayan” yaradıcı fiqurdur.
Elm tarixində tədqiqat çox vaxt mexaniki, texniki fəaliyyət kimi təsvir edilmişdir. Lakin M.Vaysbax bu yanaşmaya qarşı çıxır və iqtisadçını “sənətkar-alim” kimi təqdim edir. Onun fikrincə, iqtisadi tədqiqat nə qədər formallaşsa da, yaradıcılıq təfəkküründən və intuisiya gücündən asılıdır. İqtisadçının əsas məqsədi bilik istehsal etmək deyil, anlama formalaşdırmaqdır.

Müəllifin kitabı həm elmi, həm də pedaqoji baxımdan ikili dəyərə malikdir: bir tərəfdən, bu, gənc tədqiqatçılar üçün metodoloji təlimatdır; digər tərəfdən isə, elmin özünüdərk mədəniyyətinə fəlsəfi töhfədir.

Müəllif tədqiqat prosesinin başlanğıc mərhələsində mövzu seçiminin və problemin düzgün ifadəsinin əhəmiyyətini vurğulayır. O, qeyd edir ki, yaxşı tədqiqat sualı “maraqlı” və “cavablandırıla bilən” olmalıdır. Yəni, iqtisadi hadisənin aktuallığı ilə onun empirik ölçüləbilənliyi arasında balans vacibdir. Tədqiqatçının ilk işi məlumat toplamaq yox, maraqlı sual tapmaqdır. Bu, “tədqiqatın çobanı deyil, ovçusu olun” fikrinin başlanğıcıdır – məlumatların dalınca yox, ideyaların izinə düşmək.

Kitabın ikinci istiqaməti iqtisadi tədqiqatın layihələndirilməsi ilə bağlıdır. M.Vaysbax tədqiqatın məqsədini, hipotezini və metodunu bir sistem kimi düşünməyi təklif edir. Elmi layihə, təkcə texniki plan deyil, intellektual xəritədir. 

Müəllif SMART prinsipi (specific, measurable, achievable, relevant, time-bound) əsasında layihə məqsədlərinin formalaşdırılmasını və məlumat mənbələrinin etibarlılığını xüsusi vurğulayır. Bu yanaşma gənc alimlər üçün həm strukturlaşdırma, həm də özünə nəzarət mexanizmi yaradır.

M.Vaysbaxın təcrübəsinə əsaslanan bölmələrdə elmi məqalənin quruluşu, arqumentin ardıcıllığı və akademik üslubun təmizliyi geniş izah olunur.

O, yazını “kommunikasiya aləti” kimi görür: elmi məqalə müəllifin biliyini nümayiş etdirmək üçün deyil, oxucuda anlama yaratmaq üçündür.

Məqalənin strukturunda fakt – arqument – nəticə ardıcıllığı, sitatlandırma standartları (APA, Chicago), qrafik və cədvəl mədəniyyəti, həmçinin “peer-review” mexanizmi ətraflı şərh olunur. 

Müəllif  elmi resenziyanı tənqid deyil, təkmilləşdirmə aktı kimi təqdim edir. Resenziya yazmaq, əslində, yeni tədqiqatlar üçün metodoloji məktəbdir. Müəllif redaksiya siyasətlərinin şəffaflığı və akademik obyektivliyin qorunması məsələlərini konkret nümunələrlə göstərir.
  
O, həmçinin redaktor və resenzentin etik məsuliyyətini – müəllifin ideyasına hörmət, şəxsi rəqabətdən uzaqlıq və elmi keyfiyyətin obyektiv qiymətləndirilməsini önə çəkir. Elmi fəaliyyətin mərkəzində etik dəyərlərin dayandığını qeyd edir. Plagiat, çoxsaylı affiliasiya, müəlliflik hüququ və tədqiqat məlumatlarının şəffaflığı kimi məsələlər bu bölmədə ətraflı müzakirə olunur.
 
Müəllifin fikrincə, iqtisadçının reputasiyası onun elmi nəticələrindən daha dayanıqlıdır. O yazır: “İntellektual dürüstlük – tədqiqatçının ən bahalı valyutasıdır”. Bu fikir akademik mədəniyyətin əsas prinsipi kimi qiymətləndirilə bilər. 
  
M.Vaysabxın bu ifadəsi kitabın fəlsəfi mərkəzidir. Çoban mövcud məlumatı qoruyur, onunla hərəkət edir; ovçu isə yeniliyin izinə düşür, görünməyən bilikləri axtarır. Ovçu-tədqiqatçı üçün elm – təhlükəsiz sığınacaq deyil, intellektual macəradır. O, məlumatı deyil, mənanı ovlayır. 
 
Bu yanaşma gənc tədqiqatçılara mesajdır: statistik nəticələr arxasında gizlənmiş sosial məntiqi, iqtisadi qərarların psixologiyasını, davranışların səbəblərini anlamağa çalışın. Çünki elmin məqsədi nəticə yox, izahdır.

Müəllifin yanaşması Azərbaycan elmi sistemində, xüsusilə iqtisadi tədqiqatların keyfiyyət və nəticəyönümlülüyünün artırılmasında mühüm praktik əhəmiyyət daşıyır.

Bu kitabın:
• magistr və doktorant proqramlarında “Elmi fəaliyyətin metodologiyası” fənni üzrə tədris materialı kimi,
• elmi məqalə yazmaq üzrə təlimlərdə əsas mənbə kimi,
• elmi etika və akademik mədəniyyət kurslarında metodik vəsait kimi
istifadəsi məqsədəuyğun hesab olunur.

“İqtisadçının peşə ustalığı” əsəri yalnız elmi-tədqiqatın texniki bələdçisi deyil, elmin ruhuna yazılmış manifestdir. Maykl Vaysbax iqtisadiyyatı sadəcə riyazi model kimi deyil, insan davranışını və qərar mexanizmini anlama sənəti kimi təqdim edir. Onun “tədqiqatın ovçusu olmaq” çağırışı gənc alimlər üçün elmi cəsarət, müstəqil düşüncə və yaradıcılıq azadlığının simvoludur.  Bu kitab elmin sənət, tədqiqatçının isə sənətkar olduğunu bir daha sübut edir.

Zahid Fərrux Məmmədov, 
iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin “Elmi fəaliyyətin təşkili və idarə edilməsi” departamentinin direktoru, Əməkdar müəllim

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

10 oktyabr, 15:27

Maksimum nəticə göstərən müəllim: Heç vaxt “hər şeyi bilirəm” deməmişəm

10 oktyabr, 14:37

Məktəblərdə iqlim savadlılığını necə artıraq?

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.