Bütün xəbərlər
15 mart, 09:35

Bakıda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatı keçirilib. Bu il çempionata 6 region və paytaxtda yerləşən 25 ali təhsil müəssisəsindən 32 komanda qatılıb. Finala vəsiqə qazanmaq üçün 3000-dən çox tələbə ilkin seçim turunda iştirak edib.

“Dünyagörüşünə görə çoxlarından geri qalmırıq”

Baytar, zoomühəndis, kənd təsərrüfatı mühəndisi… Azərbaycan Dövlət Aqrar Universitetinin bu ixtisaslar üzrə təhsil alan 6 nəfərdən ibarət komandası da Bakıdakı intellektual yarışda idi.  

Region universitetinin tələbəsi Xəyal Səfərlinin fikrincə, insanın dünyagörüşü hansı universitetdə təhsil almasından asılı deyil:

“Komandamızın üzvləri ali təhsil müəssisəsinə yüksək balla daxil olmayıblar, amma dünyagörüşünə görə çoxlarından geri qalmırıq. Bu yarışda iştirak edir, universitetimizi və regionumuzu əlimizdən gəldiyi qədər yaxşı təmsil etməyə çalışırıq”.

Gələcəyin müəllimləri intellektuallar arasında

Gələcəyin müəllimləri də intellektual yarışa giriblər. Komanda rəhbəri Jalə Qasımovanın fikrincə, yarımfinalda nəticələri pis olmayıb. Ancaq universitetdən kənarda ilk dəfə yarışırlar. Əsas məqsədləri qalib olmaqdan daha çox sosiallaşmaq və əylənməkdir:

“Bu yarışa qatılmaqda əsas məqsədimiz sosiallaşmaq, əhatəmizi genişləndirmək, əylənmək, yeni şeylər öyrənməkdir. Komandada yarışmağı, müzakirə apararaq qərar verməyi öyrənirik. Hesab edirəm ki, bir komanda olaraq bir-birimizi yaxşı başa düşürük”.

Bir universitet 4 komanda ilə

Azərbaycan Tibb Universiteti finalda 4 komanda ilə çıxış edir. Onlardan biri - “Sinaps” komandasının kapitanı Arzu Musayeva “Müalicə işi” ixtisası üzrə VI kurs tələbəsidir: “Ağıllı cavablar verməyi tələb edən sahələrdən biri həkimlikdir. Hər cür xəstə gəlir, onların istər xəstəliklər, istərsə də həyatla bağlı suallarını cavablandırmağı bacarmasan, xəstələri özünə inandıra bilməzsən. 4 ildir ki, yarışlara qatılırıq. Adətən, finala ən çox ATU-nun komandası çıxır”, - deyir.

4 mərhələli final

4 mərhələli final başlayır. Bütün mərhələlər eyni cür davam edir: 12 sual səsləndirilir, 12 sualdan sonra fasilə elan edilir. Suallarla bağlı apellyasiyalara baxılır. Apellyasiya müraciətlərinin və nəticələrin dəyərləndirilməsi üçün kiçik fasilə elan edilir. Fasilələr bəzən uzanır, bəzən də mübahisəli məqamlar sürətlə həllini tapir. IV mərhələnin apellyasiyası xüsusilə uzandı.

Nəhayət, Bakı Konqres Mərkəzində keçirilən final mərhələsinin 3 qalibi elan olundu. Məlum oldu ki, Bakı Ali Neft Məktəbinin “Stonks” komandası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Vendetta” komandası 31 suala düzgün cavab verib. Əlavə göstəricilərə əsasən “Stonks” komandası çempionatın qalibi elan edildi. Üçüncü yeri isə 30 suala doğru cavab verən Azərbaycan Tibb Universitetinin “Old school” komandası qazandı. Qalibləri Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev mükafatlandırdı.

“Son tura qədər qalib olacağımız ağlımıza gəlmirdi”

Bu yarışın ikincisi olan Azərbaycan Neft və Sənaye Universitetinin komandası xəyal qırıqlığı yaşayır. İlahə Əsədullayeva deyir ki, komanda müxtəlif ixtisaslar üzrə təhsil alan magistr və III kurs tələbələrindən təşkil edilib. O da magistrdir və özlərini bu yarışın qalibi hesab edir. Belə ki, komandası bu yarışın ikincisi olsa da, “Birinci həm də bizik”, - dedi: “İntellektual yarışda hər şey ola bilər, Bakı Ali Neft Məktəbi də son anda nəticələri dəyişdi”.

Son anda, yəni əlavə göstəriciləri ilə önə çıxaraq yarışın birincisi olan Bakı Ali Neft Məktəbinin komandası üçün də qələbələri gözlənilməz olub. Komanda üzvü “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə oxuyan III kurs tələbəsi Xaqani Zeynallı bu fikirdədir: “Son tura qədər qalib olacağımız ağlımıza gəlmirdi. Reytinq sayına görə özümüz də gözləmədən qalib olduq. Çox həyəcanlı anlar idi”.

Təşkilatçılar intellektual yarış barədə
Məlum olduğu kimi, layihə Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirildi.

Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tələbə-gənclərlə işin əlaqələndirilməsi sektorunun müdiri Hilal Salmanov bu cür tədbirlərin tələbələrin elmə və intellektual fəaliyyətə marağını artırmaqla yanaşı, onların təhsil həyatında daha uğurlu olmalarına kömək etdiyini vurğulayıb. 

O, “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, bu cür yarışların məqsədi tələbələrin intellektual bacarıqlarını ortaya çıxarır, komanda ruhunun formalaşmasına kömək edir. 

Gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyən H.Salmanovun sözlərinə görə, intellektual oyunun qalibi olmaq o deməkdir ki, gənclər bilik və bacarıqlarını yeni çağırışlara uyğun inkişaf etdirməlidirlər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov bu fikirdədir ki, intellektual yarışlar tələbələr arasında dostluq münasibətlərinin inkişafına töhfə verir. Bu yarışın finalçıları isə ölkənin ən güclü intellektual komandalarıdır.

Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadənin fikrincə, belə yarışlar gənclərin analitik düşüncə qabiliyyətini artırmaqla yanaşı, onların fərdi və kollektiv bacarıqlarının inkişafına da töhfə verir.

“3 sual.az” İntellektual Oyunlar üçün platformanın həmtəsisçisi, icraçı direktoru Əhməd Əliyev “Azərbaycan müəllimi”nə bildirib ki, Azərbaycan ali təhsil müəssisələrinin tələbələri ağıllı cavablar verib, öz cavablarını müdafiə ediblər: “Apellyasiya müraciətləri təmin edilən komandalar çox oldu”.

Ə.Əliyevin fikrincə, yarış kifayət qədər maraqlı, rəqabət şəraitində keçdi.

“Birkönüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin koordinatoru Raul Quliyev “Azərbaycan müəllimi”nə məlumat verib ki, bu yarışı 20 könüllü idarə edib: “Yarış iştirakçılarını binada düzgün yönləndirməkdə iştirak etdik. 8 könüllü zalda cavab kartlarını toplayıb münsiflərə təqdim etdi”.

R.Quliyev deyir ki, bu yarışdan onlar da zövq alıblar: “Yarış iştirakçıları, demək olar ki, həmyaş olduğu üçün proses yorucu olmadı. Bu yarışın seçmə mərhələlərində də iştirak etmişəm. Çox maraqlı keçdi”. 

Azərbaycan Texniki Universitetinin “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Raul deyir ki, yarışda koordinator kimi iştirak etsə də, zalda işləyərkən eşitdiyi suallara o da cavab tapmağa çalışıb: “Yanlış çıxanlar da oldu, doğru düşündüklərim də”.

Layihə məqsədinə çatdı

Layihənin əsas məqsədi tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların bilik və məntiqi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və universitetlərarası intellektual mühitin formalaşmasına dəstək olmaqdır. 

Eyni zamanda, bu cür yarışlar gənclərin komanda şəklində işləmə bacarıqlarını gücləndirir və elmi biliklərini praktik olaraq tətbiq etmələrinə imkan yaradır.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.