Bütün xəbərlər
27 yanvar, 14:28

İnklüziv təhsil uşaqların fiziki, psixoloji, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların məktəbdə öz yaşıdları ilə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqların sağlam yaşıdları ilə birlikdə təhsil alması onlar üçün daha səmərəli tədris forması sayılır. 

Müxtəlif araşdırmaların nəticələri də göstərir ki, bu cür uşaqların inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişməyə, ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir. 

“Azərbaycan müəllimi” regionlarda bu sahənin necə təşkil edildiyini araşdırmaq məqsədilə Xaçmaz şəhərindəki Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin inklüziv sinifləri ilə tanış olub.

“Məktəbə gəlməkdən imtina edən şagirdlər indi dərslərdə həvəslə iştirak edirlər”

Məktəb 1979-cu ildə fəaliyyətə başlayıb. Binası yararsız vəziyyətə düşdüyündən 2019-cu ildə burada Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir işlərinə başlanılıb. 2020-ci ilin sentyabr ayında təhsil müəssisəsi yenidən istifadəyə verilib. 

Yeni məktəb binasında inklüziv təhsilin təşkili üçün bütün şərait yaradılıb. Məktəbin girişində əlil arabasından istifadə edən şagirdlər üçün panduslar da quraşdırılıb.

Hazırda  ümumtəhsil müəssisəsində 103 pedaqoji heyət çalışır, 1755 şagird təhsil alır. 2 korpusdan ibarət, 1176 şagird yerlik məktəbdə 55 sinif otağı, informatika, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, hərbi təlim, tibb, texnologiya otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Məktəbdə “İnnovativ məktəb”, “Rəqəmsal bacarıqlar”, STEAM, “Peşə təmayüllü siniflər”, “Kiçik Akademiya”, “İcma əsaslı məktəbəqədər təhsil” və “İnklüziv təhsil” layihələri həyata keçirilir”. 

İnklüziv siniflərdə tədrisin təşkili barədə danışan məktəb direktoru Daxil Qurbanov qeyd edib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 2022-2023-cü tədris ilindən məktəbdə ibtidai təhsil səviyyəsi üzrə inklüziv siniflər təşkil edilir. Hazırda I, II və III siniflərdə 5 əlilliyi olan şagird təhsil alır. İnklüziv siniflər 20 sağlam, 2 əlilliyi olan şagirddən ibarətdir. Tədrisə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun xüsusi təlimlərindən keçmiş müəllimlər, eləcə də bir korreksiyaedici pedaqoq cəlb edilib: “Həmin şagirdlərin fəaliyyətini, inkişafını izləyirik. Şagirdlərin davranışında və inkişafında xeyli irəliləyiş müşahidə olunur. İlk günlər aqressiv olan, məktəbə gəlməkdən imtina edən şagirdlər indi dərslərdə həvəslə iştirak edirlər. Təbii ki, səhhətlərindəki problemlər şagirdlərin davamiyyətinə təsir göstərir. Lakin bu kimi neqativ halların aradan qaldırılması məqsədilə valideynlərlə görüşlər keçirilir. Xüsusi günlərdə həmin şagirdlərlə vaxt keçirmək və onları sevindirmək üçün evlərə də ziyarətlər edirik”.

Müsahibim əlavə edib ki, sağlamlıq imkanları məhdud uşaqlara məşğələlər keçmək üçün ayrıca korreksiyaedici otaqlar var. Onlar üçün ayrıca sanitar qovşaq da istifadəyə verilib.

“Sağlam uşaqlar əlilliyi olan sinif yoldaşlarının qayğısına qalırlar”

Bu orta məktəbdə dördüncü ildir ki,  işləyən ibtidai sinif müəllimi Günel Qəmbərova “Azərbaycan müəllimi”nə bildirib ki, Xaçmaz şəhərində ilk inklüziv sinif 2022-ci ildə onun sinfində açılıb: “Məktəbimizdə artıq 3 ildir ki, hər il bir inklüziv sinif açılır: “Pedaqoq olaraq tədrisi şagirdlərimin  öyrənmə tərzlərini, onların digər xüsusiyyətlərini nəzərə almaqla təşkil edirəm. Hamı qrup və fərdi məşğələlərdə iştirak edir. Uşaqlar arasında münasibət çox yaxşı qurulub. Şagirdlərim bir-birini olduğu kimi qəbul edir. Sağlam uşaqlar hətta əlilliyi olan sinif yoldaşlarının qayğısına qalır, birlikdə  öyrənməyə, oynamaya çalışırlar. Şagirdlərə ilk gündən hamımızın bir fərd olduğunu, hər birimizin müxtəlif xüsusiyyətlərə sahib olduğumuzu başa salmışam. Onlara anlatmağa çalışmışam ki, hər birimiz fərqli yemək, mahnı, rəng xoşladığımız kimi, görünüşümüz, sağlamlıq imkanlarımız da fərqli ola bilər. İlk aylarda bu məsələdə çətinliklərim olub. Sağlamlıq imkanları məhdud uşaqların sinfə adaptasiya  olması, qorxularına qalib gəlməsi, özünü məktəbdə tam təhlükəsiz hiss etməsi üçün xeyli çalışmışıq. Sevindirici haldır ki, çox gözəl nəticə əldə etmişik”. 

“Əlilliyi olan uşaqların təhsilə marağını inkişaf etdirmək vacibdir”

Korreksiyaedici pedaqoq Şahnaz Qocayeva inklüziv siniflərdə əldə etdiyi təcrübəni bizimlə bölüşüb: “ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin “Korreksiyaedici təlim” ixtisasını bitirmişəm. 12 ildən çoxdur ki, defektoloq-loqoped kimi fəaliyyət göstərirəm. Artıq üçüncü ildir ki, Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbdə inklüziv siniflərdə korreksiyaedici pedaqoq işləyirəm. Vəzifəm inklüziv siniflərdə sağlamlıq imkanları məhdud uşaqlarla korreksiya işinin planlaşdırılması, təşkili və yerinə yetirilməsidir. Məktəbə yönləndirilmiş sağlamlıq imkanları məhdud uşaqlarda  hansı problemlərin olduğunu təyin etdikdən sonra yarımillik tədris planı tərtib edirəm. Daha sonra korreksiya ediləcək proseslər mərhələli şəkildə həyata keçirilir və bu müstəvidə məktəblilərə  kömək göstərilir. Bütün proseslər və metodlar şagirdə görə fərdi xarakter daşıyır”.  

Şahnaz müəllim vurğulayır ki, belə uşaqları oxumağa məcbur etmək lazım deyil, onların təhsilə marağını inkişaf etdirmək vacibdir: “Korreksiyaedici pedaqoq müəllim dərs prosesində çətinliklə üzləşən zaman şagirdlə işləyən şəxsdir. Məqsəd müəllimə kömək deyil, şagirdə dəstək göstərməkdir. Bəzən əlilliyi olan uşaqlar dərs zamanı qışqıra, gözlənilməz hərəkətlərə yol verə bilərlər. Bu zaman müəllim dərsi həmin uşağa uyğunlaşdıraraq təşkil edir. Əgər bu alınmırsa, onda korreksiyaedici pedaqoq artıq sinifdən kənarda - xüsusi otaqda müxtəlif metodlardan istifadə edərək uşaqla məşğul olur, onun dərsə yenidən adaptasiyanı təşkil edir”.

“Övladımın inklüziv sinifdə təhsil alması çox düzgün addımdır”

Səringül Nağıyeva 6 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir. Bizimlə həmsöhbət olan Səringül salamlaşmağı unutmur. İki hörüklü gülərüz qız nitq qüsurludur. Deyir ki, ən sevdiyi fənlər ingilis dili və informatikadır: “Mən Günel müəllimi, Şahnaz müəllimi, Milana müəllimi, Aysel, Mətanət və Aynur müəllimi çox istəyirəm. Şəkil çəkməyi də xoşlayıram. Məktəbi, sinif yoldaşlarımı çox sevirəm”.

Səringülün anası Rufanə Nağıyevanın sözlərinə görə, sağlam uşaqlarla birgə oxuma övladının inkişafına çöx müsbət təsir göstərir: 

“Səringül 2015-ci ildə anadan olub. İki yaşında ona autizm diaqnozu qoyulub. Qızım hər il həkim komissiyasından keçir. Sağlamlıq durumunun yaxşılaşmasında məktəbin, müəllimlərinin, sinif yoldaşlarının böyük rolu var. Qızım müəllimlərini, sinif yoldaşlarını hədsiz sevir və onlara çox bağlıdır. Artıq uşaqlarla çox tez ünsiyyət qurur, onlara baxıb sinif qaydalarına əməl edir. Dərslərini özü yazır, çətinlik çəkdiyi zaman da müəllimləri ona kömək edir. Məktəbə getməzdən əvvəl, demək olar ki, danışmırdı, heç kimlə ünsiyyətə girmirdi. Bir valideyn kimi məktəbdə yaradılan şəraitdən, göstərilən diqqətdən, müəllimlərdən olduqca razıyam. Hesab edirəm ki, övladımın inklüziv sinifdə təhsil alması çox düzgün addımdır”.

Səringülün timsalında şahidi oluruq ki, birgə təhsil almaq xüsusi ehtiyacı olan və olmayan bütün uşaqlara böyük fayda verir. Dostlarla vaxt keçirmək, müzakirələr aparmaq, müxtəlif oyunlar oynamaq, bir yerdə öyrənmə sevinci kimi gündəlik fəaliyyətlər onlarda cəmiyyətə aid olmaq və icmada düzgün yaşaya bilmək hissi formalaşdırır.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.