Bütün xəbərlər
22 yanvar, 11:01

Azərbaycanda ilk dünyəvi təhsil müəssisəsinin yaradıldığı tarixi ərazimiz olan Şuşa şəhərindəki hər bir məktəb bir tarixin daşıyıcısıdır. 
Qarabağ təhsilində özünəməxsus yer tutan Şuşa şəhər 1 nömrəli tam orta məktəb artıq iki əsrə yaxındır ki, şagirdlərinə bilik öyrədir. 1830-cu ildə 19 şagirdlə fəaliyyətə başlayan təhsil ocağı həmin vaxtdan 1992-ci ilin may ayına kimi tədrisini Şuşa şəhərində aparıb, lakin işğal faktoru ilə əlaqədar uzun illər Bakının Yasamal rayonunda fəaliyyət göstərməyə məcbur olub. Məktəb 2024-2025-ci tədris ilindən yenidən aid olduğu bölgədə təlim-tədrislə məşğul olmağa başlayıb.

Məktəbin direktoru Səbinə Gözəlova “Azərbaycan müəllimi”nə müsahibəsində bu təhsil müəssisəsi ilə bağlı bəzi suallara cavab verib.

- Səbinə xanım, uzun müddətdir ki, pedaqoji fəaliyyətlə məşğul olursunuz. Haradan və necə başladınız, bir pedaqoq kimi hədəfləriniz nədir?

- Pedaqoji fəaliyyətə Bakı şəhərində yerləşən “Era” tam orta ümumtəhsil məktəbində başlamışam. 7 il ingilis dili müəllimi kimi fəaliyyət göstərdikdən sonra direktorların işə qəbulu müsabiqəsində iştirak etdim. Müvafiq balı toplayaraq Qəbələ şəhərində yerləşən Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin direktoru vəzifəsinə təyin olundum. Bildiyiniz kimi, şanlı tariximizə yazılan zəfər hər birimizin həyatını dəyişdi, arzularımız gerçəkləşdi. Böyük qələbə nəticəsində həm doğma elimizə qayıtdıq, həm də işimizi doğma yurdumuzda davam etdiririk. Hədəflərim, əlbəttə ki, böyükdür. Əsas hədəfimiz 32 ildir ki, qapıları açılmayan məktəblərimizdə təhsilin, maarifin işığını yandırmaq, vətənimizə layiq vətənpərvər, tərbiyəli, istedadlı şagirdlər yetişdirmək, elmin sirlərinə yiyələnmələri məqsədilə onlar üçün sağlam təhsil mühiti yaratmaqdır. Erməni qəsbkarlarının işğalından əvvəl Şuşa təhsili hər zaman öndə olub, öz dəsti-xətti ilə seçilib. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin nəticələrinin reytinqlərdə daim ön sıralarda olması üçün əlimizdən gələni edəcəyik. 

 - Məktəbiniz müasir innovativ avadanlıqlarla təmin olunub? 

 - Bildiyiniz kimi, məktəbimiz müasir infrastruktura malik binada yerləşir. Bütün texniki avadanlıqlarla tam təchiz olunub. Məktəb 960 şagird yerlikdir, 40 sinif otağından ibarətdir. Binada 2 informatika otağı, kitabxana, akt zalı, idman zalı, inzibati heyət üçün otaqlar, kimya, fizika laboratoriyası və mükəmməl səviyyədə təchiz olunmuş böyük STEAM mərkəzi yerləşir. Şagirdlərimizin təhsili üçün bütün şərait yaradılıb. Hər bir otaq şagirdlərimiz üçün maraqlıdır.

- Yeri gəlmişkən, şagirdlərinizin sayı nə qədərdir? 2025-ci ildə nə qədər yeni şagird qarşılamağa hazırlaşırsınız?

 - Hazırda məktəbimizdə 150-dən çox şagird təhsil alır. Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan Böyük Qayıdışa dair Dövlət Proqramının birinci mərhələsindəyik. Hər köç prosesi olduqca şagirdlərin də sayı artır. Bu şagirdlərin heç biri Şuşada doğulub böyüməyib, amma buraya elə bağlıdırlar, məktəbə elə yüksək əhvali-ruhiyyə ilə gəlirlər ki, sanki neçə illərdir bu məktəbdə oxuyurlarmış. Vətən sevgisi dərsləri mənimsəmələrinə də müsbət təsir göstərir, həvəslə, sevgi ilə gəlirlər məktəbə, sosial inkişafa tez uyğunlaşırlar, təşəbbüslər göstərirlər.  

- Məktəbdə bütün siniflər var? 1-11 siniflərin hamısında şagird kontingenti yetərli qədərdirmi?

- Bəli, məktəbimizdə 11 sinif komplekti var və məktəbəhazırlıq qrupu da fəaliyyət göstərir.

- Sizcə, biz necə bir yeni nəsil yetişdirməliyik ki, yaşadıqlarımızı bir daha yaşamayaq və bunun üçün təhsilimizin üzərinə hansı iş düşür?

- Vətənpərvər, tərbiyəli, istedadlı vətəndaşları yetişdirməyi qarşımıza hədəf kimi qoymuşuq. İllərdir ki, xalqımızın, dövlətimizin çəkdiyi əzab-əziyyət göz qarşısındadır. Xalqımız erməni işğalçılarına görə əziyyət çəkirdi, öz doğma torpaqlarından didərgin düşmüşdü. Əlbəttə, ədalət öz yerini tapdı, Qarabağımıza qayıtdıq. Biz bu ata ocağımızı möhkəm qorumalı, bu torpaqlarda mükəmməl şəkildə şəxsiyyət yetişdirməliyik. Şagirdlərimizin informasiya texnologiyalarından mükəmməl səviyyədə istifadə etməsi, süni intellektə maraqlarının artması və xarici dil bilmə səviyyələrinin inkişaf etdirilməsi əsas hədəflərimizdir. Şagirdlər xalqının keçmişini, yaşadıqlarını öyrənməli və öyrətməlidir. Yəni son 30 ildə yaşadığımız tarix unudulmamalıdır ki, o, bir daha təkrarlanmasın. Bunun üçün, ilk növbədə, təhsilimiz güclü olmalıdır.  

- Məktəbdə dərslik çatışmazlığı varmı? 

- Məktəb dərsliklərlə tam təchiz olunub, çatışmayan dərsliyimiz yoxdur. Həm məktəbəhazırlıq qrupunda, həm də I-XI sinif şagirdlərinə bütün dərsliklər təqdim edilib. 

- Bütün fənlər üzrə müəllim kollektivi formalaşıb, yoxsa məktəbə yaxın rayonlardan, məsələn, Ağdamdan,  Bərdədən müəllimlər dəvət olunur?

- Məktəbimizin müəllim heyəti Şuşa şəhər sakinlərindən ibarətdir. Müəllimlərin yerdəyişməsi zamanı diaqnostik qiymətləndirmə və sertifikatlaşdırmada 70%-dən yuxarı nəticə göstərənlərə üstünlük verilir. Məktəbimizin müəllimləri yüksək səviyyəli, peşəkar kadrlar
olmaqla yanaşı, hər biri canlı tarixdir. Onlar yeri gəldikcə dərslərdə şagirdlərə tariximizi, xalqımızın başına gələn faciələri də danışırlar. İnanıram ki, Azərbaycanın pedaqoji fikir tarixində özünəməxsus yeri olan Şuşa təhsili bundan sonra da özünü doğruldacaq, xalqımızın elminə, təhsilinə, mədəniyyətinə və digər sahələrinə yüksəkixtisaslı kadrlar vermək üçün savadlı gənclər yetişdirəcək.      

 Səriyyə CƏFƏROVA

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.