Bütün xəbərlər
27 fevral, 13:50

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən “Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı” adlı hesabat hazırlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin fevral sayında hesabatdan çıxarışlara yer verilib.

Hesabat təhsil sahəsində tədqiqatların siyasət və təcrübəyə inteqrasiyasını asanlaşdırmaqda bilik vasitəçilərinin əsas rolunu araşdırır. 

Həmçinin hesabat OECD-nin “Təhsil araşdırmalarının təsirinin gücləndirilməsi” layihəsinin nəticələrinə əsaslanır. Layihədə 34 ölkədən rəsmi təmsilçilər, tədqiqat institutları, konsaltinq şirkətləri, inspektorlar və müəllimlər olmaqla 288 respondent iştirak etmişdir. Respondentlərlə aparılmış sorğu nəticələrini əks etdirən bu hesabat vasitəçi qurumların sübuta əsaslanan qərar qəbuletmə prosesini necə dəstəklədiyini göstərir. Eyni zamanda, bu sahədəki mövcud çətinlikləri və sistem səviyyəsində həyata keçirilə biləcək islahatları təhlil edir. Qeyd olunur ki, bilik səfərbərliyində iştirak edən təşkilatların sayı artsa da, məhdud təsir dəyərləndirməsi, qeyri-bərabər maliyyələşdirmə və tədqiqat potensialındakı uyğunsuzluqlar onların effektivliyini zəiflədir. Bu səbəbdən də hesabat bilik səfərbərliyinin başlıca maneələrini 3 əsas istiqamətdə müəyyən edir:

– məhdud maliyyələşdirmə strukturları;

– bilik səfərbərliyi təşəbbüslərinin yetərincə qiymətləndirilməməsi;

– tədqiqat nəticələrinin siyasət qərarlarına inteqrasiyasına mane olan institusional və siyasi məhdudiyyətlər.

Araşdırma institutları, müəllim hazırlığı müəssisələri, inspeksiya qurumları və məsləhətçi şirkətlər də müəyyən funksiyalar daşıyır.  Eyni zamanda, bu qeyd olunan qurumlarla yanaşı, bilik vasitəçiləri tədqiqat nəticələrinin təcrübəyə uyğunlaşdırılması, tədqiqat əsaslı qərar qəbuletmənin təşviqi və siyasət icrasına dəstək baxımından mühüm funksiyalar yerinə yetirirlər. Lakin bununla belə bu qurumlar çox vaxt stabil maliyyələşdirmədən, beynəlxalq əməkdaşlıq imkanlarından və fəaliyyətlərini qiymətləndirmək üçün aydın metodoloji çərçivədən məhrumdur. 

Hesabatda bilik səfərbərliyinin effektivliyini artırmaq üçün sistem səviyyəsində əlaqələndirmənin vacibliyi vurğulanır. Həmçinin əsas funksiyaların dəqiq müəyyənləşdirilməsini, effektiv, səmərəli tədqiqata təşviq etməni və beynəlxalq əməkdaşlığın gücləndirilməsini tövsiyə edir.

OECD-nin təhsildə bilik səfərbərliyi sorğusudan (2023) əldə edilən məlumatlar göstərir ki, daha geniş təsir üçün əlaqələndirilmiş və sistemli yanaşmalar tələb olunduğu halda vasitəçilər əsasən xətti yayım modellərinə arxalanırlar.

Eyni zamanda, 2012-2022-ci illər arasında nəşr olunmuş 85 tədqiqatın sistematik icmalı göstərir ki, bilik səfərbərliyi araşdırmaları əsasən Anglo-Sakson ölkələrinin kontekstində cəmlənmişdir. Burada digər regionların təcrübələri yetərincə təmsil olunmur.

Bununla yanaşı, hesabatda vurğulanır ki, xüsusilə səhiyyə, təhsil və ictimai siyasət sahələrində istifadə edilən, ən etibarlı tədqiqat metodlarından olan “Təsadüfi Nəzarətli Sınaq” (RCT) adlanan sistematik sınaqlar təhsil siyasətində hələ də kifayət qədər istifadə olunmur. Onu da qeyd etmək lazımdır ki, “Təsadüfi Nəzarətli Sınaq”da (RCT) iştirakçılar təsadüfi şəkildə iki və ya daha çox qrup arasında bölünür. Belə ki, bu yanaşmaların təhsil sahəsinə inteqrasiyası elmi əsaslı qərarların qəbul edilməsinə töhfə verə bilər.

Həmçinin hesabatda müxtəlif ölkələrdə uğurla tətbiq edilən bilik səfərbərliyi modellərinə dair araşdırma nümunələri də təqdim edilir. Məsələn, Niderlandda milli bilik infrastrukturu yaradılmış; Böyük Britaniyada Economic and Social Research Council (ESRC) modeli çərçivəsində məqsədyönlü maliyyələşdirmə strategiyaları formalaşdırılmış; Yaponiyada siyasətçilərlə bilik vasitəçiləri arasında dialoq platformaları təşkil edilmiş; ABŞ-də federal və regional səviyyədə bilik səfərbərliyi aktorlarının rolu təhlil olunmuşdur. Bu nümunələr göstərir ki, bilik səfərbərliyinin effektiv olması üçün məqsədyönlü maliyyələşdirmə mexanizmləri, koordinasiya olunmuş strateji yanaşmalar və davamlı əməkdaşlıq zəruridir.

Eyni zamanda, qısamüddətli və uzunmüddətli perspektivdə həyata keçirilə biləcək siyasət tövsiyələri də hesabatda öz əksini tapır. Qısamüddətli tövsiyələrə vasitəçilərin maliyyələşdirilməsinin genişləndirilməsi, bilik səfərbərliyi ilə bağlı tədqiqatların istifadəçi dostu formatlarında sintez olunması və bu sahədə potensialın artırılması üçün təlim proqramlarının tətbiqi daxildir. Uzunmüddətli strategiyalar arasında isə milli və beynəlxalq bilik səfərbərliyi şəbəkələrinin yaradılması, tədqiqat nəticələrinin təhsil sistemlərinə sistematik inteqrasiyasının institusional çərçivəyə salınması və sahələrarası öyrənmə mexanizmlərinin gücləndirilməsi yer alır. 

Ümumilikdə hesabatda təhsil sistemlərində tədqiqat nəticələrinin səmərəli istifadəsinin təmin edilməsi üçün bilik vasitəçilərinin rolu yüksək qiymətləndirlir. Bununla yanaşı sübuta əsaslanan təhsil siyasəti və praktikasının inkişafı üçün strukturlaşdırılmış planlaşdırma, koordinasiyalı səylərin, davamlı maliyyələşdirmənin zəruriliyini vurğulayır. 

Yekun olaraq qeyd edilir ki, təhsil siyasətinin elmə əsaslanan və innovativ yanaşmalarla formalaşdırılması üçün bilik vasitəçilərinin rolu gücləndirilməli, onların fəaliyyətləri effektiv şəkildə qiymətləndirilməli və qərar qəbul edən qurumlarla əlaqələri daha sistemli şəkildə qurulmalıdır.

Mənbə: OECD (2025), Everybody Cares About Using Education Research Sometimes: Perspectives of Knowledge Intermediaries, Educational Research and Innovation, OECD Publishing, Paris, https://doi.org/10.1787/5ef88972-en.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.