Bütün xəbərlər
11 fevral, 16:14

Xocalı sinəsində çalın-çarpaz yaraları olan sükut şəhəri idi dünənə qədər, məktəbindən, sosial həyatından, uşaqlarının gülüşündən uzaq düşmüşdü. Bu məqaləni yazarkən cümləmin içərisində “dünənə qədər” ifadəsini işlətdim. Bəli, dünənə qədər. Bu gün isə tamam başqadır... Sabah açıldımı, insanlar işə tələsir, uşaqlar məktəbə, körpələr bağçaya. Evlərdə işıqlar yanır, həyət-bacada insanların səsi eşidilir. Düz 32 ildən sonra uşaqlar yenə xoşbəxtdir bu coğrafiyada, baxmayaraq ki, yenə də qışdır. Havanın buz kimi soyuq olmasına baxmayaraq, al-əlvan rəngli bağçanın həyətində övladlarının əlindən tutub bağçaya gətirən anaların sayı hər gün çoxalır. Analar arxayındırlar ki, körpələri əmin əllərdədir, bağça da istiliklə tam təmin olunub, uşaqlar özlərini ana qucağındakı kimi hiss edəcəklər. 

Yolumu Xocalıda açılmış 1 saylı uşaq bağçasından saldım, yenicə açılıb. Bağçanın yaxınlığında bir avtobus dayanmışdı. Öyrəndim ki, uşaqları hər sabah rahat bir şəkildə bağçaya gətirmək üçün avtobus xidməti təşkil olunub. Qeyd edim ki, burada tərbiyə alan uşaqların çoxu hərbçi ailələrin körpələridir. Hər gün onlara ayrılan avtobus uşaqları həm bağçaya, həm də məktəbə aparıb-gətirir. Tərbiyəçi-müəllimlər uşaqları gülərüzlə qarşılayır, onları otaqlara ötürür, çox keçmədən uşaqların gülüş səsi otaqları başına götürür. 

Əvvəlcə Azərbaycanın Dövlət himni səslənir sonra uşaqlar musiqi sədaları altında idman edirlər. Hələlik qarışıq qrupda 15 uşaq var. Əlbəttə, Xocalıya köçən ailələrin sayı artdıqca bağçanın fəaliyyəti də, müəllimlərin sayı da çoxalacaq. Tərbiyəçi-müəllimlər uşaqları darıxmağa qoymur, onlara masa başında oyunlar öyrədir, əyləndirir, fiqurlardan ev düzəldir, bənövşə oyunu, topu səbətə atmaq və başqa oyunlar oynayırlar. 

Uşaqlar musiqi sədaları altında idman edir və 20 dəqiqə məşğələ keçirlər. Ardından da şeir, nağıllar və rəqslər öyrənirlər. Tibb bacısı İlahə Əliyeva yeməklərə nəzarət edir. Soruşdum ki, uşaqlar bu gün nə yeyəcəklər? Elnarə Allahverdiyeva bildirdi ki, yayma, kartof, salat, kök, çuğundur, kompot. Səhər yeməyimiz südlə hazırlanmış xörək, yumurta, kərə yağı və pendir olur. Ərzaqlar şirkət tərəfindən paketlənmiş halda gətirilir. Nərgiz Mahmudova qeyd edir ki, gətirilən tərəvəzlər, meyvələr və digər ərzaqlar təzə-tər olur. Bağçada istilik, qaz, su olsa da, internet xətti hələ çəkilməyib.  

Valideynlərlə də görüşdüm. Emelya xanım hərbçi yoldaşıdır. Xocalının sərt havasına necə öyrəşə bildiklərini soruşdum. O, “Xocalı haqqında yalnız kitablardan oxumuşdum, indi orada yaşamaq çox maraqlıdır”, - deyir. Həyat yoldaşı Bəxtiyar Salmanlı təyinatını Xocalıya alanda əvvəlcə narahat olub, indi Xocalıya təkcə öyrəşməyib, həm də Xocalını sevir. Deyir ki, Bakıda yaşayırdıq, orada özəl bağçaya hər uşağa görə 250 manat ödəyirdik, xidmət səviyyəsi istədiyimiz şəkildə də deyildi. Burda isə başqadır, uşaqlara çox diqqətlə yanaşırlar, qidalarına xüsusi diqqət göstərirlər. 

Şəbnəm Knyazova 2 övladını – Onur və Knyazı bağçaya gətirmişdi, orada qarşılaşdıq, söhbət etdik. Yoldaşı Mətin Knyazov da Xocalıda xidmətə göndərilib. Onlar köçkünlüyün hər əzabını görüblər, odur ki, heç narahat olmayıblar, əksinə, yoldaşının bu təyinatına çox sevindiklərini bildirir. Şəbnən etiraf edir ki, Xocalıda körpələrin hər cür istirahətinə, qidalanmasına və tərbiyəsinə xüsusi diqqət yetirilir.

Hələ ki, Xocalıya ailələr tam köçmədiyindən hərbçi ailələrin uşaqları çoxluq təşkil edir. Onlardan biri də Selyanə Paşayevadır. Körpə yaşlı Riçard və Ayanı bağçaya gətirmişdi. Ana deyir ki, biz hərbçi ailəsi olduğumuz üçün yoldaşımı hara göndərsələr ora gedirik. Amma Xocalıdakı bağça çox nümunəvidir.

Ləman bundan əvvəl Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon 2 nömrəli Körpələr evi-uşaq bağçasında işləyib. Xocalı onun ata-baba yurdudur. Deyir ki, buradan çıxanda cəmi 3 yaşım olub, amma xəyal kimi xatırladıqlarım var. Çiçək nənəm Xocalı soyqırımının qurbanıdır, atamı da vaxtsız itirdik, tək təskinliyim, bu gün burada, vətənimin, yurdumun uşaqlarına xidmət etməkdir. 

Bağçanın müdiri Bahar Ataşova əmək fəaliyyətinə Oğuz rayonunda məskunlaşan Xocalı rayon Qaragav kənd orta məktəbində başlayıb, orada ibtidai sinif müəllimi işləyib. Xocalı şəhər 1 nömrəli Körpələr evi-uşaq bağçasının müdiri olmaqdan qürurla danışır. Xocalılı övladların təlim-tərbiyəsi ilə məşğul olmaq çox məsuliyyətlidir, deyir: “Xocalı uşaqlarının psixologiyası, davranışları, uşaq dünyaları fərqlidir, bundan əvvəl işlədiyim bağçalarda da bunun şahidi olmuşam. Xocalı mənim vətənimdir, burada çalışmaq bir başqa duyğudur. Mən də bu uşaqlar kimi sabahlarımı Xocalıda açıram. Xocalının axşamları çox fərqlidir, soyuq, hüznlü, düşündürücü. Şəhidlərimizə, qazilərimizə borcumuz ödənilməz: “Yeni pilot layihəsi çərçivəsində uşaqlara gündə 3 dəfə yemək veririk. 5 günlük, 9 saatlıq iş rejimində çalışırıq. 2 tərbiyəçi-müəllimimiz, 9 texniki işçimiz var. Tərbiyəçi-müəllimlərimiz proqrama uyğun olaraq məşğələlər keçir.  

Budəfəki bağça ziyarətim burada bitsə də, arzu edirəm ki, Xocalıdakı həyat heç vaxt bitməsin. Uşaqların üzündən təbəssüm əskik olmasın. Bir daha ilikləri donduran qış yox, həmişə Bahar gəlsin! 

Uzun illər uşaq səsinə həsrət qalan həyat axarına düşür. Körpə gülüşün heç vaxt tükənməsin Xocalı...

Səriyyə Müslüm qızı                                                 

1 /4

Şərhlər

Xəbər lenti

21 oktyabr, 18:55

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetini ziyarət edib

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.