|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İndi
dərs alan uşaqlar, gənclər gərək mütləq
və mütləq bizim yeni dərsliklər əsasında
oxusunlar. Heydər Əliyev Azərbaycan strateji istiqamətləri ulu öndər
Heydər Əliyev tərəfindən müəyyən
olunan və möhtərəm Prezidentimiz İlham Əliyevin
uğurla davam etdirdiyi sosial-iqtisadi tərəqqi yolu
ilə inamla addımlayaraq ilbəil böyük
nailiyyətlər qazanır, müstəqil ölkə kimi
dinamik inkişaf edir. Bu mənada təhsil sahəsi də
istisna deyildir. Hazırda köklü islahatlar aparılan ölkəmiz
müasir dünyanın şəxsiyyətyönümlü təhsil
sferasına daxil olmaq, tələbatlara uyğun inteqrativ
məzmun, ən yeni təlim strategiyaları,
qiymətləndirmə mexanizmləri, demokratik
idarəetmə sistemi işləyib hazırlamaq üçün
ənənəvi və mütərəqqi dünya texnologiyalarından
yaradıcılıqla istifadə edir. Xüsusən də yeni tədris resurslarının
yaradılması üzrə islahatyönümlü tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur. Onların
içərisində dərsliklərin hazırlanmasına
prioritet istiqamətlərdən biri kimi yanaşılır.
Təsadüfi deyil ki, İslahat Proqramında təlim və
tərbiyənin məzmununun təkmilləşdirilməsi
işinin mühüm amili kimi "dövlət təhsil standartlarına
uyğun tədris proqramı və ... dərsliklərin
hazırlanması" (Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramı.
Azərbaycanın təhsil siyasəti (1998-2004), I kitab. Bakı,
"Təhsil", 2005) vacib vəzifə olaraq qarşıya
qoyulur. Həqiqətən də dərslik
təhsil sistemində məzmun və funksiyasına görə
əhəmiyyətli resurslardan biridir. Şagird şəxsiyyətinin
formalaşdırılmasında dərsliklər mühüm rol
oynayır. "Şagirdlərin təfəkkürünü inkişaf
etdirmək, əqli fəaliyyətinin əsas üsullarını
formalaşdırmaq üçün dərsliklər ən etibarlı
vəsait" (İlina T.A. Pedaqoqika. Kurs lekçii. M.,
"Prosveşeniye", 1984) kimi dəyərləndirilir.
Buna görə də təhsil islahatları çərçivəsində
dərsliklərin yaradılmasına xüsusi müstəvidə
yanaşılmış, hökumət səviyyəsində
dərslik siyasəti sənədi hazırlanaraq təsdiq
olunmuşdur. Həmin sənəddə bu siyasətin
məqsədi aydın şəkildə qeyd edilmişdir:
"Dərslik siyasətinin məqsədi
məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq
və vərdişlərə yiyələndirmək,
Vətəninə, xalqına, onun
adət-ənənələrinə bələd olan, milli
və ümumbəşəri dəyərlər
zəminində formalaşan, fiziki və mənəvi
cəhətdən sağlam, müstəqil həyata hazır
və demokratik düşüncəli vətəndaşlar kimi
yetişdirməkdir" (ümumi təhsil sistemində
dərslik siyasəti. Azərbaycanın təhsil
siyasəti (1998-2004), II kitab. Bakı, "Təhsil",
2005). Nəzərdə tutulan məqsədin
reallaşdırılmasına xidmət göstərən ümumi
təhsil məktəbi üçün yeni dərsliklər necə
olmalıdır? "ümumi təhsil sistemində dərslik
siyasəti" adlı sənəddə göstərildiyi
kimi, "ümumtəhsil məktəbləri
dərslikləri, əsasən, müvafiq iş
dəftəri və müəllim üçün metodik vəsaitlə
birlikdə qəbul olunur" (ümumi təhsil sistemində
dərslik siyasəti. Azərbaycanın təhsil
siyasəti (1998-2004), II kitab. Bakı, "Təhsil",
2005). Bu o deməkdir ki, əvvəlkilərdən
fərqli olaraq bu dərsliklər dərslik, iş
dəftəri və müəllim üçün metodik
vəsaitdən ibarət komplekt şəklində hazırlanacaq
və qəbul ediləcəkdir. Komplektlər
qiymətləndirilərkən onları təşkil
edən hissələrin bir-birini tamamlaması əsas amil
kimi nəzərə alınacaqdır. Əlbəttə, dərslik komplektə
daxil olan digər vəsaitlərdən özünün funksiyasına,
məzmun və strukturuna görə fərqlənir.
"Dərslik konkret fənn üzrə tədris planı
və proqram əsasında nəzəri və praktik
biliklərin əsaslarının sistemli və anlaşıqlı
şəkildə izah olunduğu əsas vəsait"dir (ümumi
təhsil sistemində dərslik siyasəti. Azərbaycanın
təhsil siyasəti (1998-2004), II kitab. Bakı,
"Təhsil", 2005). Koqnitiv
(idraki) təhsilin əsas resurslarından hesab edilən
dərsliklər ən zəruri informasiyaları, tapşırıq
və çalışmaları əks etdirməklə
istiqamətverici, yönəldici, düşündürücü funksiyaları
daşıyır. Dərsliklərdə artıq informasiya
yükünün olması nöqsanlı hal kimi qəbul edilir və
bu, onun keyfiyyətinə xələl gətirir. Dövlət təhsil standartlarını özündə
əks etdirən fənn kurrikulumlarına uyğunluq
dərsliklərin əsas keyfiyyətlərindən biridir.
Əslində bu, dərsliklərin təhsil standartlarında
ifadə edilmiş bilik və fəaliyyətlərin reallaşdırılmasına
xidmət etməsinin ifadəsidir. Başqa sözlə,
standartlardan kənaraçıxma hallarına yol
verilməməsi vacib tələb kimi qarşıya
qoyulur. Dərslik fəal təlim prosesində bir
komponent kimi şagirdi idraki fəallığa sövq
etməli, onu tədqiqatçılığa və yaradıcılığa
istiqamətləndirməlidir. Belə olan halda,
dərsliyin bilik vermək, məlumatlandırmaq kimi keçmiş
ənənəyə söykənən funksiyası arxa plana
keçir. Şagirdləri fəaliyyətə sövq
etməklə tətbiqi xarakter daşıması yeni
dərsliklərin əsas keyfiyyətlərindən hesab
edilir, onlarda bacarıqları formalaşdıra bilmək
imkanının olması üstün cəhət kimi
dəyərləndirilir. Bunun üçün kifayət qədər
müxtəlif növ çalışma və tapşırıqlardan
istifadə edilməsi tələb olunur. İnteqrativ bacarıqların inkişafına
imkan yaratmaq, onu şəxsiyyətin ümumi
keyfiyyətinə çevirmək yeni dərsliklərin
xarakterik cəhətlərindən biri hesab edilməlidir.
Bundan əlavə, şagirdlərin dünyagörüşünün
formalaşdırılması da diqqət
mərkəzində saxlanılmalı, ətraf aləmin
obyektiv reallıqları ilə qəbul edilməsi üçün
zəruri təlim materiallarından istifadə olunmasına
üstünlük verilməlidir. Yeni dərslikləri kurrikulumların
tələblərinə uyğun səviyyədə hazırlamaq
üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi
zəruri hesab edilir. 1. Düzgünlük. Bu prinsip dərsliyi
qeyri-ciddi faktlardan uzaqlaşdırır, inandırıcı,
stimullaşdırıcı mənbəyə çevirir.
Şagirdlər dərsliyə etibarlı tədris
vəsaiti kimi yanaşırlar. Dərsliyin bu prinsipə uyğun
hazırlanması üçün aşağıdakı
tələblərin nəzərə alınması vacib
bilinir: * təlim standartlarına uyğunluq; * faktların dəqiqliyi; * orfoqrafiya, durğu işarələri,
qrammatika qaydalarının gözlənilməsi; * mübahisəli faktların olmaması. 2. Əyanilik. Dərsliyi baxımlı
etmək, onu şagirdin
ən yaxın müsahibinə, eləcə də stimullaşdırıcı
vasitəyə çevirmək üçün əyaniliyə mühüm
didaktik prinsip kimi müraciət olunur. Aşağıdakıların
dərsliklərdə əks olunması təmin
edildikdə bu prinsip tam reallaşdırılır: * şəkillər, fotolar; * illüstrasiyalar; * sxemlər; * cədvəllər; * xəritələr; * qrafiklər. Əyaniliyi təmin etmək üçün yuxarıda
sadalanan bütün vasitələrin eyni bir dərsliyə daxil
edilməsi tələb olunmur. Dərsliklər hazırlanarkən
onların özünəməxsus cəhətləri, aid olduğu
fənnin xüsusiyyətləri əsas götürülür, zəruri
hesab edilən müvafiq əyani vəsaitlər seçilir. 3. Müasirlik. Dərsliyin ən mühüm
atributlarından biri onun yeniliyi, müasirliyidir. Dövrün, zamanın
tələb və ehtiyaclarını özündə əks
etdirməsi, şagirdlərdə yenilik
əhvali-ruhiyyəsi yarada bilməsidir. Buna aşağıdakı
tələblər gözlənilməklə nail olmaq mümkündür: * sosial-iqtisadi sahələrdəki
nailiyyətlərin nəzərə alınması; * elmin özündəki inkişafın
nəzərə alınması; * təlim materiallarının müasir dünyagörüşü
formalaşdırmasına istiqamətlənməsi. Dərsliyin müasir olması üçün fakt və
hadisələrin inkişafla bağlı olması, onu
əks etdirməsi əsas şərtlərdən biridir.
Bununla yanaşı, yeni texnologiyalara istinad olunması,
onların dərsliyin məzmununa gətirilməsi də müasirliyin
əlamətlərindən sayılır. 4. Tamlıq. Tədris
vəsaitlərindən biri kimi dərsliyin bütövlüyü, tamlığı
onun məzmununda aşağıdakı müəyyən
komponentlərin olmasını tələb edir: * nəzəri materiallar; * praktik materiallar; * təsviri materiallar; * qiymətləndirmə materialları. Nəzərdə tutulan bu materialların
hər biri mühüm didaktik əhəmiyyət daşıyır.
Şagirdlərin təlim fəaliyyətinə cəlb
olunması, öyrənmə prosesinin təşkili və
bacarıqların dəyərləndirilməsi baxımından
imkanları ilə seçilir. 5. Ardıcıllıq. Dərsliklərin
məzmunundakı materialların sıralanmasında ardıcıllıq
mühüm prinsiplərdən biri kimi gözlənilir. Bu zaman ardıcıllığın
aşağıdakı parametrləri əsas götürülür: * psixoloji baxımdan; * məzmun baxımından; * təqvim-tematik baxımdan; * məntiqi baxımdan. Psixoloji baxımdan ardıcıllıq
təlim materiallarının maraqlılıq
səviyyəsinə görə düzülməsini tələb
edir. Materiallar, ilk növbədə, şagirdlərin psixi
proseslərlə bağlı fəaliyyətlərinin inkişafını
təmin etmək üçün seçilir. Hafizə, təfəkkür
və təxəyyül proseslərinin formalaşması
istiqamətinə yönəldilir. Məzmun baxımından ardıcıllıq
təlim materiallarının sadədən mürəkkəbə
doğru sıralanmasında özünü göstərir. Təqvim-tematik baxımdan ardıcıllıq
müvafiq təlim materiallarının düzülməsində
tarixi gün və hadisələrin nəzərə alınmasını,
məntiqi baxımdan ardıcıllıq isə ilkin
təlim materialları vasitəsilə növbəti təlim
materiallarının mənimsənilməsi üçün zəmin
yaradılmasını tələb edir. 6. Yaş səviyyəsinə uyğunluq.
Dərsliklər şagirdlərin yaş
səviyyəsinə uyğun hazırlanmalıdır. Bu
zaman iki əsas tələb diqqət mərkəzində
saxlanılmalıdır: a) dizayn; b) təlim materiallarının
məzmunu, həcmi, maraqlılığı. 7. Təlim vaxtına uyğunluq. Təlim
materiallarının miqdarı və ağırlıq çəkisi
müəyyənləşdirilərkən ayrılan vaxt
nəzərə alınır. Bu zaman nəzəri və
praktik materialların balansının gözlənilməsi,
standartların reallaşdırılmasına yönəldilməsi
zəruri hesab edilir. Şagirdlərin təlim marağının
gücləndirilməsi üçün
motivasiya imkanları genişləndirilir. 8. Oxunaqlılıq. Oxunaqlılığın
nəzərə alınması üçün ilkin olaraq məzmun
materiallarının maraqlı olması vacib hesab edilir.
Belə materiallar şagirdlərin diqqətinə
səbəb olur, onları öyrənməyə təhrik
edir. Təlim materiallarının lakonikliyi, aydın üslubda,
sadə dildə olması öyrənmə
fəaliyyətinin səmərəliliyini artırır. 9. İnklüzivlik. Bu prinsip əsasında
yazılmış dərslik özünün
əhatəliliyinə görə seçilməlidir. Təlim
prosesində yalnız bir səviyyəni deyil, müxtəlif
səviyyələri ehtiva etməlidir. Həm istedadlı,
həm də müəyyən səbəblərdən geridə qalan şagirdlərin
təlim maraqlarını ödəyə bilməlidir. Bunun
üçün təlim materiallarının seçilməsinə
və dərsliyə daxil edilməsinə diferensial yanaşılmalı,
hər bir sinifdə şagirdlərin inkişaf
səviyyələri nəzərə alınmalıdır.
10. Fəal təlim üçün şəraitin
yaradılması. Fəal təlim müasir təhsil
prosesinin əsas atributlarından hesab edilir. Onun qurulmasında
bir çox amillərlə yanaşı, dərslik də
həlledici rol oynayır. Nəticəyönümlü kurrikulumlar
məhz belə dərsliklərin hazırlanmasını
tələb edir. Ona görə də dərsliklər formalaşdırılarkən
fəal təlim üçün şəraitin yaradılması
diqqət mərkəzində saxlanılmalıdır.
Təlim materialları fəal təlim prosesinin
məntiqinə uyğunlaşdırılmalıdır.
Təlim marağının formalaşdırılması,
problemin qoyuluşu, həll edilməsi, təqdimolunma
və qiymətləndirmə dərsliyin texnoloji (metodik)
sisteminin əsasını təşkil etməlidir. 11. Gigiyenik tələblərə uyğunluq.
Yeni dərsliklər həm də gigiyenik
tələblərə cavab verməli, ona uyğun hazırlanmalıdır.
Bu zaman Azərbaycan hökuməti ilə razılaşdırılmış
"ümumtəhsil sistemində dərslik siyasəti"
və Təhsil Nazirliyinin qəbul etdiyi
"Dərsliklərin texniki və gigiyenik standartları"
adlı normativ sənədlərə istinad olunmalıdır. Yeni dərsliklərin hazırlanmasında
mənbələrin göstərilməsi, təlim materiallarında
kütləvi informasiya vasitələrindən istifadə
imkanlarının nəzərə alınması
məsələləri də mühüm prinsiplər kimi
dəyərləndirilməli, onların da
nəzərə alınması diqqət
mərkəzində saxlanılmalıdır. İdrakın inkişaf etdirilməsi və
şəxsiyyətin mühüm göstəricisinə çevrilməsi
müasir təhsilin mühüm fəaliyyət
istiqamətlərindən biridir. "Məktəb
məkanında idrak (psixi) prosesləri konsepsiyasının
əsas paradiqmaları inkişafetdirici və
tərbiyəedici təlim prinsipləri ilə bağlıdır.
Bu iki önəmli prinsipin qovşağında isə müasir
məktəb özünün ən başlıca missiyasını
yerinə yetirir" (Əlizadə Ə.Ə. İdrak
prosesləri və hisslər. Psixopedaqoji
məsələlər. Bakı, 2006). Ona görə də
təhsilə aid hazırlanan bütün resurslar, o cümlədən
də dərsliklər bu məqsədə yönəldilməli,
şəxsiyyətin inkişaf dinamikasını təmin
edən, onu daim izləyən vəsait olmalıdır.
Bunun üçün, ilk növbədə, şagirdin fəaliyyət
dairəsi, formalaşdırılacaq bacarıqlar konkret
olaraq müəyyənləşdirilməli,
dərsliklərin məzmununda olan materiallar bilavasitə
onların hərəkət mexanizminə çevrilməlidir. Dünyanın psixoloq və pedaqoqlarının
fikrinə görə, fəaliyyətlər üç
istiqamətdə qruplaşdırılır: idraki,
informativ-kommunikativ, psixomotor. Bu fəaliyyətlərə
uyğun da bacarıqların olduğu göstərilir. Şagird
şəxsiyyətinin inkişafı həmin bacarıqların
fonunda tənzim olunur.
İnkişafı təmin edən bacarıqlar Sxemdən göründüyü kimi, idraki,
informativ-kommunikativ və psixomotor bacarıqların hər
biri də əlaqəli bacarıqlar şəbəkəsindən
ibarət olmaqla bütöv bir komplekt təşkil edir. Bu bacarıqlar
komplekti ümumi dəyərlər kimi şəxsiyyəti
ifadə edir. Dərsliklər hazırlanarkən bu
cəhətlər nəzərə alınmalı, şəxsiyyətin
idraki, informativ-kommunikativ və psixomotor bacarıqlarının
inkişafını təmin edən materiallar, o cümlədən
çalışma və tapşırıqlar dərsliyə
daxil edilməlidir. Bu zaman hər bir növdən olan bacarıqların
özünəməxsusluğu, onun daxilində olan
mərhələlərin ardıcıllığı
nəzərə alınmalıdır. Məsələn,
idraki bacarıqlara aid materiallar əvvəl qavrama, sonra
təhlil, daha sonra dəyərləndirmə üzrə bacarıqların
formalaşdırılmasına yönəldilmiş
sistemlə qurulmalıdır. Məlumatlandırıcı,
istiqamətləndirici, nəzarətedici funksiyaların
yerinə yetirilməsi üçün dərsliyin potensial imkanları
genişləndirilməlidir. Kurrikulumlara uyğun yeni dərsliklərin
əvvəlkilərdən fərqli qaydada hazırlanacağı,
tədris vahidlərindən ibarət hissələrə
malik bir vəsait kimi formalaşdırılacağı
nəzərdə tutulur. Paraqraflardan ibarət olan hər
tədris vahidindən sonra yekunlaşdırıcı
qiymətləndirmə vasitələrinin (test tapşırıqlarının)
verilməsi əhəmiyyətli hesab edilir. Aşağıdakı
sxemə nəzər salaq: Standartların dərsliklərdə
reallaşması "Standartların dərsliklərdə
reallaşdırılması" sxemindən göründüyü
kimi, dərslikdəki tədris vahidləri, eləcə
də paraqraflar bilavasitə təlim standartlarının
reallaşdırılmasına yönəldilir. Ona görə
də, ilk növbədə, həmin standartlar öyrənilməli,
tələblər konkret olaraq müəyyənləşdirilməlidir.
Bu zaman minimum biliklərin formalaşdırılması,
zəruri bacarıqların mənimsənilməsi
diqqət mərkəzində saxlanılmalıdır. ümumi təhsil sistemində həyata keçirilən
dərslik siyasətinin tələbinə görə,
dərsliklər iş dəftəri və müəllim
üçün metodik vəsaitlə birgə qəbul olunur. Onlardan
biri olmadıqda dərslik müsabiqəyə buraxılmır.
üç kitab birlikdə fənn üzrə məqsəd və
vəzifələrin həyata keçirilməsinə
istiqamətlənmiş əsas təlim resursları kimi
dəyərləndirilir. İş dəftərləri şagirdlər
üçün nəzərdə tutulur. Onun hazırlanmasında başlıca
olaraq iki mühüm tələb diqqət mərkəzində
saxlanılır: 1. Dərslikdəki təlim materialları
ilə əlaqəlilik. Məlum olduğu kimi,
dərslik məzmununda öyrənilməsi nəzərdə
tutulan anlayışlara, qaydalara, qanunauyğunluqlara,
təsnifatlara və sairə aid məlumatları, ən
zəruri çalışma və tapşırıqları
əhatə edir. İş dəftərində həmin
materiallara aid müxtəlif suallar, çalışma və tapşırıqlar
sistemi verilir. Həmin materiallarda dərsliklərdəki
şərhlərin nümunələrlə əsaslandırılması,
yaxud qrafiklər, cədvəllər, şəkil və
illüstrasiya materialları üzərində
fəaliyyətlərin təşkil olunması
nəzərdə tutulur. 2. Şagirdlərin praktik
fəaliyyətinin təmin olunması. İş
dəftərində dərslikdəki məlumatları
anlamaq, təhlil və tətbiq etmək,
dəyərləndirmək üçün praktik materiallar verilir.
Əsasən aşağıdakı tipdən olan praktik
materiallara üstün yer ayrılması məqsədəmüvafiq
hesab edilir: * çalışma və tapşırıqlar; * istiqamətləndirici suallar; * ev tapşırıqları. Yuxarıda sadalanan praktik materiallar
dərslikdə təlim materiallarına uyğun tərtib
olunmaqla yanaşı, həm də şagirdlərin
psixologiyasına uyğun qurulur. Onların meyil və
maraqları, ən başlıcası, tələbatları
nəzərə alınır. Məlum olduğu kimi, hazırkı
dərsliklərdə biliklərin mənimsədilməsi,
müvafiq anlayışların formalaşdırılması
və tətbiqolunma mənimsəmənin məntiqində
başlıca mərhələlər hesab edilir. Bu,
təlim prosesinin informasiya ilə başlayan və qavrama
mərhələsində tamamlanan məntiqindən
irəli gəlir. Yeni dərslikləri tamamlayan iş
dəftərlərindəki çalışma və tapşırıqlar
müvafiq anlayışların mənimsənilməsinə
xidmət göstərməklə yanaşı, həm də
şagirdlərdə məntiqi təfəkkürün, yaradıcı
təfəkkürün, eləcə də dəyərlərin
(səriştələrin) formalaşmasına imkan
yaradacaqdır. Bu iş dəftərlərində işləməklə
şagirdlər həm sinif şəraitində, həm
də evdə müstəqil olaraq fəaliyyət göstərə,
qazandıqları bacarıqları inkişaf etdirə,
daha da möhkəmləndirə biləcəklər. Dərsliklərdə əks olunan sistemin
reallaşdırılması müəyyən olunmuş
strategiyalardan çox asılıdır. Adətən, müəllimlər
bu strategiyalara
əsasən fəaliyyət göstərirlər. Ona görə
də uzun illər yaradılmış məzmun üzrə
məqsədyönlü iş qurmaq üçün müəllimlərə
müvafiq metodik istiqamətin verilməsi zəruri hesab edilmiş,
bu məqsədlə müxtəlif mənbələr hazırlanmışdır.
Həmin mənbələrin yaradılmasında pedaqoji,
psixoloji, fizioloji araşdırmalara istinad olunmuşdur. ötən
əsrin 70-ci illərində təlimin təkmilləşdirilmiş
məzmunu, o cümlədən dərsliklər hazırlanarkən
onların xüsusiyyətlərini açıqlayan müəllim
üçün metodik rəhbərliklər yaradılmışdır.
Bu kitablarda, əsasən, dərsliklərin prinsipləri,
ayrı-ayrı paraqrafların tədrisi
məsələləri şərh olunmuşdur. Müəllimlərə təqdim olunan
həmin tövsiyələr praktik məzmun daşısa da,
özünün daha ümumi xarakteri ilə fərqlənirdi. Bundan
əlavə, dərsliklərin bütün xüsusiyyətlərini,
təlim prosesinin orijinal cəhətlərini xırdalıqlarına
qədər aça bilmirdi. Yeni dərslik komplektinin hazırlanmasında
da fəal təlim prosesinin qurulması və keyfiyyətli
təlim nəticələrinə nail olunması üçün
potensial imkanların yaradılması xüsusi strateji xətt
kimi nəzərdə tutulur. Bunun üçün, ilk növbədə,
müəllim üçün ayrıca metodik vəsaitin hazırlanması
planlaşdırılır. Metodik vəsaitin hazırlanması zamanı
başlıca olaraq aşağıdakı funksiyaların
reallaşması vacib tələblər kimi qarşıya
qoyulur: * qabaqlayıcı materialların olması; * mövzuların tədrisi texnologiyasının
əhatə edilməsi; * yardımçı materialların verilməsi. Metodik vəsaitin ilk hissəsində qabaqlayıcı
materiallar verilir. Bu zaman aşağıdakıların
əhatə olunması zəruri hesab edilir: * fənn üzrə məzmun strategiyalarının
reallaşma cədvəli; * illik və gündəlik planlaşdırma nümunələri; * inteqrasiyaya aid tövsiyələr. Məzmun standartları mahiyyət etibarı
ilə fənnin məzmununu ifadə edir. Orada minimum
hədd, səviyyə öz əksini tapır. Dərslik hazırlanarkən
həmin standartların tədris vahidlərində, bölmə
və paraqraflarda reallaşdırılmasına diqqət
yetirilir. Dərsliyin pedaqoji sirrinə çevrilən bu xüsusiyyəti
müəllimin diqqətinə daha qabarıq çatdırmaq
üçün metodik vəsaitdə xüsusi cədvəl verilir.
Həmin cədvələ əsasən müəllim hər
bir məzmun standartının harada (hansı tədris
vahidində, bölmədə, paraqrafda) reallaşdığını
aydın görür və pedaqoji fəaliyyətdə həmin
səviyyələrə uyğun nailiyyətlərin
əldə olunmasına çalışır. Metodik vəsaitdə illik və gündəlik
planların nümunələrinin verilməsi də qabaqlayıcı
material kimi əhəmiyyət daşıyır, müəllimin
məqsədyönlü fəaliyyətini təmin edir,
onun düzgün strateji xətt üzrə irəliləyişlərə
nail olmasına imkan yaradır. İllik planlaşdırma nümunəsində
tarix, tədris vahidləri (bölmələr, mövzular) üzrə
gözlənilən təlim nəticələri, strategiyalar,
inteqrasiya, inklüzivlik, resurslar və qiymətləndirmə
(növləri, vasitələri) məsələləri
əks olunur. Metodik vəsaitə daxil edilən dərs
planı nümunəsi də müəllim və şagird
fəaliyyətini daha konstruktiv və modern formada təmsil
edə bilmək baxımından əhəmiyyət daşıyır.
Şagirdlərdə fəallığın
həyati bacarıqların formalaşmasına imkan yarada
bilməsinə və qeyri-standart məzmuna, struktura malik
olmasına görə ənənəvi dərs nümunələrindən
seçilir. Mövzu, məqsəd, gözlənilən təlim
nəticəsi, inteqrasiya, inklüzivlik, strategiyalar və
resursların əvvəlcədən müəyyən olunması
mühüm şərt kimi qarşıya qoyulur. Dərsin problem
xarakteri daşıması, motivasiya, problemin qoyuluşu,
problemin həlli, qiymətləndirmə
mərhələləri üzrə tələblərin
yerinə yetirilməsi zəruri hesab edilir. Kitabda inteqrasiya cədvəlinin verilməsi
də nəzərdə tutulur. Bu, ilk növbədə, müəyyən
olunmuş məzmun standartlarının hansı
parametrlərdə və necə reallaşdırıldığını
göstərir. Dərsliyi yazanlar öz
fəaliyyətlərinə nəzarət edə bilmək
imkanı qazanırlar. Müəllimlər isə həmin
cədvələ istinad etməklə şagirdlərində
məzmun standartlarının tələbinə uyğun
bilik, bacarıq və dəyərlər formalaşdırmaq
üçün müxtəlif tip çalışma və tapşırıq
növlərindən istifadə edirlər. İnteqrasiya cədvəli mövzu,
fəndaxili və fənlərarası əlaqə imkanlarını
əks etdirir. Orada hər bir mövzuya aid tədris vahidi,
dərs, konkret səhifə göstərilməklə
fəndaxili, uyğun fənn, ona aid standart qeyd olunmaqla
fənlərarası inteqrasiya üçün potensial şərait
daha qabarıq formada ifadə olunur. Tədris vahidləri,
eləcə də dərsliyin ayrı-ayrı
hissələri arasında olan sıx əlaqə konkret
və aydın şəkildə verilir. Mövzuların tədrisi texnologiyası müəllimlər
üçün vəsaitin əsas hissəsini təşkil edir.
Orada tədris vahidlərinə daxil olan hər bir paraqrafın
öyrədilməsi texnologiyasının təsviri verilir. Mövzuların
tədrisi texnologiyası dedikdə görüləcək işin
istiqamətləri, mərhələləri, istifadə
olunacaq üsul və vasitələr, gözlənilən
nəticələr başa düşülür. Bu
elementlərdən uyğun gələnlərinin
əlaqələndirilməsi xüsusi texnoloji kompleks
əmələ gətirir ki, dərsin məqsəd və
məzmununa uyğun olaraq ondan istifadə edilir.
Həmin texnologiyaların müəyyən olunmasında
şagirdlərin yaş xüsusiyyətləri, meyil və
maraqları, mövcud resurslar nəzərə alınır.
İlkin araşdırmalar onu göstərir ki, bu mövzuların
tədrisi texnologiyası anlayışını daha aydın
təsəvvür etmək üçün, birinci növbədə,
texnoloji aspektdə görüləcək işlərin
parametrlərini aydın təsəvvür etməyə
ehtiyac duyulur. Bunlardan birincisi mövzu üzrə seçilmiş
təlim materiallarıdır. Onların əsas məğzi
kompleks şəkildə dərslikdə təqdim olunur.
Həmin materialları tamamlayan çalışma və tapşırıqlar
isə şagird dəftərində verilir. İkinci
parametr həmin təlim materialları üzərində
qurulacaq praktik işlərdir.
Başqa sözlə, istifadə olunacaq texnologiyadır. Göründüyü
kimi, bunlardan birincisi məzmun, ikincisi isə hazırlanmasına
ehtiyac duyulan iş sistemidir. Metodik vəsaitin müəllifi müəyyən
etdiyi təlim məqsədinə çatmaq üçün verilmiş
məzmunun xarakterinə uyğun texnologiya seçir. Müxtəlif
variantlar olarsa, onlardan ən optimalına üstünlük verir.
Daha yaxşı olar ki, seçilmiş texnologiyanın şərhi
dərsliyin müvafiq səhifəsi ilə yanaşı
təqdim olunsun. Məzmun materialları ilə bağlılıq
istiqamətlər üzrə konkret olaraq göstərilsin. Bu
zaman dərsin mərhələləri aydın görünəcək,
müəllimin fəaliyyətini istiqamətləndirmək mümkün
olacaq, bütövlükdə pedaqoji prosesin
səmərəliliyinin artırılmasına imkan
yaranacaqdır. Metodik vəsaitə müəllim və şagirdlər
üçün əlavə oxu mənbələrinin siyahısı
əlavə olunur. Hər tədris vahidindən sonra mövzu
ilə bağlı uyğun mənbələr
verilir. Müəllimlər üçün metodik vəsaitlərin,
problemlə bağlı son tədqiqat
əsərlərinin, KİV-dən məqsədəmüvafiq
məqalələrin, uyğun multimedia materialları
və İnternet saytlarının adı,
ünvanı göstərilir. Şagirdlər üçün isə
müvafiq uşaq ədəbiyyatının siyahısı, uşaq
qəzet və jurnalları, İnternet materiallarının
dəqiq koordinatları verilir. Məlum olduğu kimi, metodik vəsait müəllimlərin
tədris fəaliyyətini istiqamətləndirdiyindən
obyektiv mülahizələr üzərində qurulmalı, ciddi
elmi, nəzəri əsaslara söykənilməlidir. Oradakı
pedaqoji konstruksiya təsadüfi xarakter daşımamalı,
ondan istifadə edən müəllimləri inandırmalı,
nəzəri və praktik cəhətdən
istiqamətləndirməlidir. Ona görə də metodik
vəsait aparılmış elmi, pedaqoji, psixoloji araşdırmalara
əsaslanmaqla hazırlanmalı, öz dövrünün müasir
texnologiyası kimi formalaşdırılmalıdır.
İstifadə olunmuş mənbələr sonda göstərilməlidir.
Bu zaman dərsliyə daxil edilmiş nəzm və nəsr
nümunələrinin, test və tapşırıqların,
şəkillərin mənbə və müəllifləri,
İnternet saytlarının adları əhatə olunmalıdır. Bunlardan əlavə, metodik vəsaitə
fənlərin xüsusiyyətlərindən asılı
olaraq müxtəlif lüğət, cədvəl, şəkil
və sairin daxil edilməsi də faydalı bilinir. Bu zaman
onların didaktik əhəmiyyəti əsas götürülür,
istifadə imkanları nəzərə alınır. Müəllimə
yardımçı olması, onların tədqiqatçılıq
fəaliyyətini düzgün məcraya
istiqamətləndirə bilməsi diqqət
mərkəzində saxlanılır. Bu gün Azərbaycan təhsilində gedən
islahatlar şəxsiyyətyönümlü xarakter alaraq onu qlobal dünyanın
ayrılmaz bir hissəsinə çevirir. Bütün resursların,
o cümlədən dərsliklərin beynəlxalq standartlar
səviyyəsinə yüksəlməsinə təkan verir.
Biz özümüzün ardıcıl və sistemli
fəaliyyətimizdə onu daha da gücləndirməli, milli
və bəşəri dəyərlərə söykənən
təhsil ənənələrinə çevirməliyik. İsgəndər İSGƏNDƏROV, Azərbaycan Respublikası təhsil nazirinin müavini, Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə milli koordinator, respublikanın əməkdar müəllimi |