|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Aprelin 27-də onbirinciləri sonuncu sınaq gözləyir Buraxılış imtahanlarını
mərkəzləşdirilmiş qaydada verəcək XI
sinif şagirdləri iki gündən sonra sonuncu yoxlama imtahanında
öz qüvvələrini sınayacaqlar. Sayca üçüncü olacaq bu
yoxlama imtahanına nə kimi hazırlıq işləri
aparılıb? Hansı yeniliklər edilib? Həmin
suallarla Təhsil Nazirliyi Şagird
nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi
müdirinin müavini Təranə Hacıyevaya müraciət etdik.
T.Hacıyeva bildirdi ki, aprelin 27-də keçiriləcək
mərkəzləşdirilmiş yoxlama imtahanlarına
nəzarətçi qismində cəlb edilən müəllimlərlə
təlimati işlər aparılıb. Bu
məqsədlə həm Bakı şəhərində,
həm də rayonlarda treninqlər təşkil olunub.
Mətbuatda məlumat verildiyi kimi, Bakı şəhərində
həmin treninqlər aprelin 5 və 12-də şənbə
günləri keçirilib. ötən həftə isə analoji
treninqlər Gəncə, Mingəçevir, Sumqayıt, Əli
Bayramlı şəhərlərində, İmişli,
İsmayıllı, Ucar rayonlarında təşkil olunub. Treninqləri rayonlarda ŞNQ
şöbəsinin əməkdaşı Nəbi Mahmudov,
Sumqayıtda və Abşeronda isə Nadir Məmmədov
və İlyar Vahabov aparmışlar. Treninqlərdə
nəzarətçi müəllimlər geniş təlimatlandırılıb.
Bilavasitə nəzarətçilərə aid olan
yeniliklər barədə onlara məlumat verilib. Hazırlanmış
təlimati sənədlər təqdim edilib və
nəzarətçi müəllimləri maraqlandıran suallar
ətraflı cavablandırılıb. Təranə xanımın
dediklərindən məlum oldu ki, bu günlərdə imtahan
rəhbərləri ilə də belə təlimati iclas
keçiriləcək və rayonlara imtahan rəhbəri
təyin olunmuş şəxslər artıq
həftənin sonuna kimi həmin bölgələrə ezam
olunacaqlar. Şöbə müdirinin müavini bildirdi ki, şagirdlərlə
də müvafiq təlimati işlər aparılıb. Növbəti
yoxlama imtahanı artıq dərs ili ərzində üçüncü
olduğundan onlar kifayət qədər təlimatlanıblar. T.Hacıyeva növbəti yoxlama imtahanında
bir sıra yeniliklər edildiyini dedi. Ən böyük yenilik
cavab kartlarının doldurulmasında ortaya çıxan çətinliklərin
aradan qaldırılması ilə bağlıdır. Bu çətinliklər
ən çox şagirdlərin cavab kartlarında öz kodlarını
yazması və müvafiq dairədə qaralamasında özünü
göstərirdi. Bu, onlar üçün həm də vaxt, bacarıq
baxımından problem yaradırdı. Bu prosedur
bəzən nəzarətçilərin də işini çətinləşdirirdi.
Onların bununla bağlı izahata xeyli vaxtı gedirdi. Bütövlükdə
cavab kartının üz hissəsinin doldurulmasına,
yəni şagirdin buraya öz adını, familiyasını,
kodunu, variantını, bölməsini qeyd etməsinə
imtahana ayrılan vaxtın azı yarım saatı sərf
olunurdu. Bəzən şagirdlər səhv edirdilər,
bəzən də nəzarətçilər şagirdlərə
öz variantını yox, ixtiyari bir variantı verirdilər.
Bütün bunlar nəticədə şöbənin işinə
çətinlik yaradırdı. Amma indi cavab kartı şagirdə
hazır şəkildə, bizim tərəfimizdən onun
üzərində şagirdin variantı, bölməsi, kodu,
familiyası, adı, atasının adı, imtahan
verəcəyi mərkəz, oxuduğu məktəb qeyd olunmaqla təqdim
ediləcək. Daha şagirdin burada nəsə yazmasına
ehtiyac qalmayacaq. İmtahana gələn şagird birbaşa
test tapşırığını götürüb müvafiq
fənlər üzrə suallara cavab verəndən sonra uyğun
dairələri qaralayacaq. Bu da həm vaxta qənaət baxımından,
həm də şagirdin diqqətinin yayınmaması
üçün əlverişli yenilik olub bizim səhv ehtimalımızı
da aradan qaldırır. T.Hacıyevanın dediyinə görə,
ikinci yenilik imtahan mərkəzləri ilə bağlıdır.
Əvvəlki yoxlama imtahanları respublika üzrə yaradılmış
89 mərkəzdə aparılırdı. Onlardan 53-ü Bakı
şəhərində, qalanları isə irəlidə
adları sadalanan bölgələrdə idi. ötən sınaqlarda
hər otaqda 30 şagird yerləşdirilirdi. Bu da
nəzarətçilərin işi, nizam-intizamın təmin
olunması baxımından müəyyən çətinliklər
yaradırdı. Həmin çətinlikləri aradan qaldırmaq,
nəzarətçilərin işini asanlaşdırmaq
məqsədi ilə indi hər otaqda 18 şagird yerləşdirilib.
Onlar otaqlarda hərəsində 6 nəfər olmaqla 3
cərgədə əyləşəcəklər. Otaqlarda şagirdlərin sayı azaldığına
görə mərkəzlərin sayı artırılaraq
89-dan 129-a çatdırılıb. Artım əsasən Bakı
şəhərində olub. Burada əvvəlki 53
əvəzinə indi 82 mərkəz var. Rayonlarda isə
onların sayı qismən artıb. ötən sınaqlar
zamanı mərkəzlərdə imtahanların keçirilməsi
üçün 11 otaq ayrılmışdısa, indi hər
mərkəzdə imtahanlar 20-25 otaqda aparılacaq. Əvvəlki yoxlama imtahanlarında elə
mərkəzlər var idi ki, onlarda 1050-1100 şagird imtahan
verirdi. İndi hər mərkəzdə şagirdlərin
sayı 450-ni keçmir. Bu da işi xeyli asanlaşdırır. T.Hacıyeva imtahan rəhbərlərinin işinin
yüngülləşdirilməsi istiqamətində də
bəzi işlər görüldüyünü söylədi. Qeyd etdi ki,
onların təşəbbüsü ilə Bakı Şəhəri
üzrə Təhsil İdarəsində imtahan
rəhbərlərindən ibarət komissiya yaradılıb.
Həmin komissiya imtahana bir gün qalmış Bakı şəhərindəki
bütün mərkəz-məktəblərdə imtahana hazırlığın
vəziyyətini yoxlayacaq. Yeni imtahan
mərkəzlərinin yaradılması, imtahan
rəhbərliyinə yeni adamların cəlb olunması
nəzərə alınaraq mərkəzlərin yerinin tapılmasında
çətinlik olmasın deyə hər bir mərkəzin ünvanı
yazılaraq imtahan rəhbəri üçün hazırlanmış
qutunun üzərinə yapışdırılıb. Bundan
əlavə, imtahan günü səhər saat 8-də
nazirliyə toplaşan imtahan rəhbərləri təyin
olunduqları mərkəzlərə
xüsusi şəxslərin müşayiəti ilə
gedəcəklər ki, məktəbi tanımamaq,
gecikməklə bağlı problemlər yaşanmasın. Təranə xanım bizimlə söhbətinin
sonunda bazar günü sonuncu mərkəzləşdirilmiş
yoxlama imtahanı verəcək onbirincilərə uğurlar
arzuladı. Yusif ƏLİYEV
|