|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İcbari
ümumi təhsil: problemlər, vəzifələr (Əvvəli qəzetimizin 13-14-cü
saylarında) ölkəmizdə təhsil
sahəsində islahat Proqramına uyğun olaraq artıq
3-cü ildir ki, Təhsil Nazirliyi Dünya Bankı ilə
birlikdə bir şəhər, iki kənd rayonunda (Əli
Bayramlı, İsmayıllı, Ucar) məktəb şəbəkəsinin
səmərəli qurulması ilə bağlı
eksperiment aparır. Göründüyü kimi, eksperiment həm şəhəri,
həm dağ, həm də aran rayonunu əhatə edir. Güman
edirik ki, beynəlxalq təcrübəyə əsaslanan bu
eksperimentin nəticələri məktəblərin
hər bir şəhərdə, rayonda daha
məqsədəuyğun yerləşdirilməsinə,
məktəb şəbəkəsinin daha təkmil, daha
səmərəli qurulmasına imkan verəcəkdir. Mövcud sənədlərdə qeyd edilir ki,
kənd rayonlarında məktəb şəbəkəsi
qurularkən məktəblər arasındakı
məsafə üç km və üçdən çox olduqda uşaqların
nəqliyyatla daşınması təşkil
edilməlidir. Uzun illərin müşahidəsi göstərdi
ki, bütün dərs ili boyu üç km-lik məsafəni
gedib-gəlmək, xüsusilə ibtidai məktəblərin
məzunu olan uşaqların sağlamlığına
mənfi təsir edir. Keçən əsrin 50-60-cı
illərində görkəmli pedaqoqlar, psixoloqlar,
həkimlər apardıqları tədqiqatlar
nəticəsində belə qənaətə
gəldilər ki, uşaqların piyada gedib gəlməsi
1,5-2 km-dən artıq olmamalıdır. Bunu
nəzərə alaraq o dövrdə konkret ərazidəki
ibtidai və natamam orta məktəblərin məzunlarına
orta təhsil almaları üçün şərait yaratmaq
məqsədilə orta
məktəblərin nəzdində məktəbyanı
internatlar yaradılmağa başlandı. Elə bu
illərdə aztəminatlı ailələrin uşaqlarına
müvafiq şərait yaratmaq məqsədilə şəhərlərdə,
rayon mərkəzlərində internat məktəblər,
işləyən valideynlərin uşaqları üçün
isə günüuzadılmış məktəblər, qruplar
təşkil edildi. Təbii ki, kiçik yaşayış
məntəqələrindəki ibtidai və natamam orta
məktəblərdən orta məktəblərə oxumağa
gedən şagirdlərin hamısını
məktəbyanı internatlarla və internat
məktəblərlə əhatə etmək mümkün
deyildi. Uşaqların əksəriyyəti yenə də
qonşu kəndə, qəsəbəyə piyada gedib
gəlməli olurdular. 70-ci illərdə bir sıra iri
kolxozlara ətraf kəndlərdən uşaqların daşınması
üçün avtobuslar ayrılmağa başlandı. Şəhərlərarası
marşrutlarda, kənd rayonlarında kəndlərarası
marşrutlarda hərəkət edən avtobuslar,
dəmiryollarında hərəkət edən sərnişin
qatarları marşrut boyu yerləşən yaşayış
məntəqələrindən uşaqların pulsuz daşınmasını
həyata keçirirdilər. Lakin görülən bütün bu
tədbirlər problemin tam həllini təmin edə
bilmədi. ümumi icbari orta təhsilin həyata keçirilməsi
üçün ən zəruri amillərdən biri
məktəblərdə müvafiq təlim şəraitinin
yaradılması ilə bağlıdır. Bunu
nəzərə alan Azərbaycan hökuməti keçən
əsrin 70-80-ci illərində, o zaman respublikaya
rəhbərlik edən Heydər Əliyevin
rəhbərliyi ilə genişmiqyaslı məktəb
tikintisi aparmağa başladı. 1970-ci ildə 28300 şagird
yerlik 88, 1975-ci ildə 48200 şagird yerlik 100 müasir tipli
məktəb inşa edildi. Bütövlükdə, həmin
illərdə 683,1 min şagird yerlik 1191 ümumtəhsil
məktəbi tikilib istifadəyə verildi ki, bu da
1946-70-ci illərdəki müvafiq göstəricidən iki
dəfə çox idi. Nəticədə 70-ci illərin
sonunda gündüz ümumtəhsil məktəblərində
təhsil alanların sayı 1436096 nəfərə çatdı
ki, bu da respublikada ümumi icbari təhsilə tam keçilməsinə
imkan verdi. ölkəmiz müstəqillik əldə
etdikdən sonra ümumtəhsil məktəbinə diqqət
və qayğı daha da artmış, tədris-maddi bazanın
möhkəmləndirilməsi ön plana çəkilmişdir. Bu məqsədlə son illərdə
məktəb tikintisi, təmiri və təchizi üzrə dövlət
başçısı tərəfindən səkkiz Dövlət
Proqramı təsdiq edilmiş və onlar uğurla
həyata keçirilir. Qeyd edilən problemin həllində
Heydər Əliyev Fondu yaxından iştirak edir,
"Yeniləşən Azərbaycana yeni məktəb" Proqramını reallaşdırır.
ümumiyyətlə, Təhsil İslahatı Proqramı çərçivəsində
son 4 ildə ümumi təhsilin müxtəlif
istiqamətləri üzrə qəbul edilən Dövlət
Proqramlarının həyata keçirilməsi
nəticəsində və digər mənbələr
hesabına 1200-ə yaxın yeni məktəb və mövcud
məktəblərə əlavə korpuslar (sinif otaqları)
tikilmiş, 901 məktəb əsaslı təmir edilmiş,
onların təchiz edilməsi üçün son
3 ildə (2005-2007-ci illər) 16195 min manatlıq
avadanlıq alınmış, 3693 məktəb 30574 kompüterlə,
437 məktəb noutbuk və proyektorla təmin edilmişdir. ölkəmizdə ümumtəhsil
məktəblərinin əsaslı təmiri və yeni
məktəblərin tikintisinə dair Dövlət Proqramının
(2003-2007-ci illər) uğurla başa çatdırılmasına
baxmayaraq, hələ də təxminən 600 yeni
məktəbin tikilməsinə ciddi ehtiyac vardır. Bu
problemi həll etmək üçün Təhsil Nazirliyi 2008-2012-ci
illəri əhatə edən yeni Dövlət Proqramı
layihəsini hazırlayıb təsdiq üçün hökumətə
təqdim etmişdir. Görülən və görüləcək bütün bu
tədbirlər uşaqların və yeniyetmələrin
ümumi orta təhsil almaları üçün zəruri şəraitin
yaradılmasına və bu baxımdan Azərbaycan
Respublikası Konstitusiyasının 42-ci maddəsinin
tələblərini yerinə yetirməyə əlverişli
şərait yaradır. Bu səbəbdən də ümumi
orta təhsil verən məktəblərin sayı artmağa,
şəbəkəsi genişlənməyə başlamışdır.
Bu baxımdan müstəqilliyimizin ilk dərs ilində,
islahatın ilk dərs ilində və cari dərs
ilindəki vəziyyəti müqayisə edək: Lakin bir məsələni ədalət
naminə qeyd etmək lazımdır ki, orta
məktəblərin xeyli hissəsi ucqar
kəndlərdə yerləşən, məcburi köçkünlərin
uşaqları üçün təşkil edilən, kontingenti az
olan məktəblərdir. Hazırda ölkəmizdə 30-a
qədər kontingenti olan 11 orta məktəb, 50-ə
qədər kontingenti olan 34 orta məktəb, 100-ə
qədər kontingenti olan 264 orta məktəb mövcuddur. Bu
məktəblər orta ümumtəhsil
məktəblərinin 9,5%-ni təşkil edir. Təbii ki,
bu da müəllim-şagird nisbətinə mənfi təsir
göstərir, lüzumsuz vəsait xərclənməsinə
gətirib çıxarır. Məsələn: 1991/92-ci
dərs ilində müəllim-şagird nisbəti 1/9,9;
1999/2000-ci dərs ilində -1/10,0; 2006/2007-ci dərs
ilində -1/8,8-ə bərabər olmuşdur. Rayon (şəhər) təhsil şöbələri
yerli idarəetmə orqanları ilə birlikdə belə
kiçik məktəblərin iriləşdirilməsi,
səmərəliliyinin artırılması
məqsədilə müvafiq araşdırmalar aparmalı,
məqsədyönlü tədbirlər həyata keçirməlidirlər. ümumi icbari təhsilin həyata keçirilməsini
təmin edən amillərdən biri də
məktəbləri ixtisaslı pedaqoji kadrlarla təmin
etməkdən ibarətdir. Hazırda ölkəmizdə
fəaliyyət göstərən 4543 ümumtəhsil müəssisəsində
170 mindən çox müəllim çalışır ki, onların
da 79,4 faizi ali təhsillidir. 22 dövlət və özəl ali
təhsil müəssisəsində, 19 dövlət və özəl
orta ixtisas müəssisəsində
ilkin müəllim hazırlığı həyata keçirilir.
Hər il təxminən 10 mindən çox ali təhsilli,
3000-ə yaxın orta ixtisas təhsilli pedaqoji kadr buraxılır.
ölkəmizin, xüsusən ucqar kənd rayonları
məktəblərini ixtisaslı müəllimlərlə
təmin etmək üçün Azərbaycan hökuməti, Təhsil
Nazirliyi islahat illərində bir sıra stimullaşdırıcı
tədbirlər həyata keçirmişlər. Nazirlər Kabineti "Kənd
yerlərindəki ümumtəhsil məktəblərinə
pedaqoji kadrların cəlb olunmasının
həvəsləndirilməsi tədbirləri haqqında"
22 iyun 2004-cü il tarixli, 85 nömrəli qərar qəbul etmiş,
04 noyabr 2004-cü il tarixli, 230 (s) nömrəli sərəncamı
ilə "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı
üzrə İnkişaf Proqramı"nı
təsdiqləmişdir. Bu qərara və İnkişaf
Proqramının I və II istiqamətlərinə
əsasən 2005-ci ildən etibarən respublikanın
kənd rayonlarında yerləşən ümumtəhsil
məktəblərinin pedaqoji kadra olan tələbatını
ödəmək məqsədilə dövlət ali və orta
ixtisas məktəblərini pedaqoji ixtisaslar üzrə
bitirərək, dövlət sifarişinə uyğun konkret
iş yerlərində əmək fəaliyyətinə başlayan
və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə,
eləcə də həmin bölgələrdə işləmək
arzusunda olan digər kateqoriyalı pedaqoji kadrlara 3 il müddətində
kommunal xidmətlərini ödəmək üçün ayda şərti
maliyyə vahidinin 10 misli məbləğində
kompensasiya verilməsi və yerli icra hakimiyyəti orqanları
tərəfindən müvafiq qurumlarla birgə onlara lazımi
mənzil-məişət şəraitinin yaradılması,
daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması
və kreditlərin verilməsinə kömək göstərilməsi,
yolxərci, əmlakın daşınması üçün
nəqliyyat xərci və ilkin yaşayış şəraitinin
yaradılması məqsədilə bir stavka aylıq
əməkhaqqı həcmində birdəfəlik yardım
ödənilməsi, gənc mütəxəssislər üçün lazımi
əmək şəraitinin yaradılması
məqsədilə təhsilin yerli idarəetmə orqanlarının
fəaliyyətinin gücləndirilməsi, bu kateqoriyadan
olan işçilərə diqqət və qayğının
artırılması, müvafiq stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsi, real
tələbata uyğun iş yerlərinə göndərilən
gənc mütəxəssislərin tədris
edəcəkləri fənn üzrə dərslik, dərs
vəsaiti, tədris planı və proqramlarla, digər yardımçı
materiallarla təmin edilməsi qarşıya məqsəd
kimi qoyulmuşdur. Aparılmış məqsədyönlü
fəaliyyət nəticəsində "Kənd
yerlərindəki ümumtəhsil məktəblərinə
pedaqoji kadrların cəlb olunmasının
həvəsləndirilməsi tədbirləri haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22
iyun tarixli, 85 nömrəli qərarına əlavələr
və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.04.2006-cı
il tarixli, 107 nömrəli qərarı qəbul edilmişdir.
Qeyd olunan qərara əsasən respublikanın kənd
rayonlarında yerləşən ümumtəhsil
məktəblərinin pedaqoji kadr tələbatını
ödəmək, pedaqoji kadrların yerlərə cəlb
olunması prosesində həvəsləndirmə
tədbirlərini gücləndirmək məqsədilə dövlət
ali və orta ixtisas məktəblərini pedaqoji ixtisaslar
üzrə bitirərək, dövlət sifarişinə uyğun
konkret iş yerlərində əmək
fəaliyyətinə başlayan və 3 il müddətində
bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə,
eləcə də həmin bölgələrdə işləmək
arzusunda olan digər kateqoriyalı pedaqoji kadrlara 3 il müddətində
kommunal xidmətlərini ödəmək üçün ayda şərti
maliyyə vahidinin 10 misli məbləği 30 misli ilə
əvəz edilmişdir. Həmçinin rayon
mərkəzindən 20 km-dən artıq
məsafədə yerləşən ümumtəhsil
məktəblərində əmək
fəaliyyətinə başlayan hər bir nəfər
üçün 3 il müddətində aylıq əməkhaqqına
şərti maliyyə vahidinin 20 misli əvəzinə 60
misli məbləğində əlavələrin ödənilməsi,
habelə dövlət sifarişinə uyğun konkret iş
yerlərinə göndəriş almış gənc mütəxəssislərə
yolxərci, əmlakın daşınması üçün
nəqliyyat xərci və ilkin yaşayış şəraitinin
yaradılması məqsədilə bir stavka aylıq
əməkhaqqı əvəzinə əməkhaqqının
iki misli miqdarında birdəfəlik yardım verilməsi
qərara alınmışdır. Aparılmış məqsədyönlü
tədbirlər nəticəsində
həvəsləndirmə tədbirləri tətbiq olunan
kənd məktəblərində işləmək üçün
son 3 ildə 3480 nəfər pedaqoji kadr yerləşdirilmişdir.
Əgər kənd məktəblərimizin müxtəlif
ixtisaslar üzrə 2005-ci ildə 6643 müəllimə ehtiyacı
vardısa, 2007-ci ildə bu rəqəm 4716-ya enmişdir. Rayon təhsil şöbələri və
məktəb rəhbərləri bu müəllimlərin
kənd yerlərində uzun müddətə qalıb işləmələri,
nəhayət daimi məskunlaşmaları üçün bütün
imkanlardan istifadə etməlidirlər. İcbari ümumi təhsilin həyata keçirilməsində
ən mürəkkəb məsələlərdən biri
də ümumtəhsil məktəbləri şagirdlərinin
dərsliklərlə təmin edilməsidir. ümumi icbari
orta təhsilin həyata keçirilməsinə köməklik göstərmək,
təlim-tərbiyə prosesinin təşkilini daha da
təkmilləşdirmək məqsədilə Sov. İKP
MK və SSRİ Nazirlər Soveti "ümumtəhsil
məktəbləri şagirdlərinin
dərsliklərdən pulsuz istifadəsinə keçmək
haqqında" 24 noyabr 1977-ci il tarixdə qərar
qəbul etdi. (Azərbaycan KP MK və Azərbaycan SSR
Nazirlər Sovetinin müvafiq qərarı 1978-ci ilin mayında
qəbul edilmişdir). 1979/80-ci dərs ilindən I
siniflərdən başlayaraq tədricən şagirdlərin
dərsliklərlə pulsuz təminatına keçildi.
Təəssüf ki, 1992-ci ildə Azərbaycan hökuməti bu
qərarın icrasını dayandırdı, lakin ümummilli
liderimiz Heydər Əliyevin təkidi ilə Nazirlər
Kabineti ibtidai sinif şagirdlərinin dərsliklərlə
pulsuz təminatı haqqında 24 avqust 1994-cü ildə xüsusi
qərar qəbul etdi. Yoxsulluğun azaldılması və
iqtisadi inkişaf üzrə Dövlət Proqramına uyğun
olaraq, 2003-cü ildən V-XI sinif şagirdlərinin
tədricən dərsliklərlə pulsuz təminatına
başlandı. 2005-ci ildə isə bütün I-XI sinif şagirdlərinin
dərsliklərlə pulsuz təmin edilməsi başa çatdırıldı.
ölkəmizin bütün məktəb kitabxanalarında
dərslik fondu yaradılmışdır. İndi əsas
məsələ dərslik fondunu qorumaq
və ondan şagirdlərin təmin
edilməsində səmərəli istifadə
etməkdən ibarətdir. Məktəbyaşlı uşaqların hamılıqla
təhsilə cəlb edilməsinə dəstək
verən məsələlərdən biri də icbari
təhsil fondu vasitəsilə aztəminatlı
ailələrdən olan uşaqlara maddi yardımın göstərilməsidir.
Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər
Kabineti 15 aprel 1998-ci il tarixli qərarı ilə "ümumi
icbari təhsil fondu haqqında Əsasnamə"
təsdiq etmişdir. Bu fond əsasən dövlət büdcəsi
hesabına formalaşır. Daxil olan siqnallar və
aparılan müşahidələr göstərir ki, son
illər bir çox məktəblərin icbari təhsil fonduna
ümumiyyətlə vəsait ayrılmır. ölkəmizin
əhalisinin 16 faizinin yoxsulluq həddində yaşadığını
nəzərə alsaq, bu fondun nə qədər
gərəkli olduğunu dərk edərik. Hələ
paltara, ayaqqabıya, isti yeməyə ehtiyacı olan şagirdlərimiz
xeylidir. Bunlar məktəb və yerli təhsili
idarəetmə orqanları rəhbərlərini narahat
etməlidir. R(Ş)T şöbələri (idarələri)
rəhbərləri icra hakimiyyəti və maliyyə
orqanları ilə birlikdə hökumət qərarının
yerinə yetirilməsinə, ayrılan vəsaitin
təyinatı üzrə xərclənməsinə nail olmalıdırlar.
Belə olduqda internatlara, sığınacaq
yerlərinə axının qarşısı alınar, küçə
uşaqlarının sayı azalar. Bütün məktəbyaşlı uşaqların
hamılıqla təhsilə cəlbini təmin etmək
üçün müvafiq dövlət orqanları, xüsusilə təhsili
idarəetmə orqanları icbari təhsilin həyata keçirilməsi
üzərində sistemli, operativ nəzarəti gücləndirməlidirlər.
çünki icbari təhsil - hamılıqla təhsil-hamı
üçün təhsil-hamıya-dövlətə,
cəmiyyətə, hər bir vətəndaşa, insana
aidiyyəti olan təhsildir. Arif MURADOV, Təhsil Nazirliyinin şöbə müdiri, respublikanın əməkdar müəllimi |