|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
TQDK-nın
Naxçıvan MR Regional Şöbəsinin yeni inzibati binası
istifadəyə verildi Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan
Muxtar Respublikası Regional Şöbəsinin yeni inzibati binası
istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən
mərasimdə muxtar respublikanın təhsil naziri Piri Nağıyev
ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar
Respublikasında elmə, təhsilə göstərilən dövlət
qayğısından danışmışdır. TQDK-nın sədri Məleykə
Abbaszadə Regional Şöbənin ölkəmizdə ilk
dəfə Naxçıvan Muxtar Respublikasında
fəaliyyətə başladığını
bildirərək demişdir ki, qurumun fəaliyyətə
başlaması gələcəkdə muxtar respublikada
təhsilin keyfiyyətcə yüksəlməsinə müsbət
təsirini göstərəcək, şagirdlərin ali
məktəblərə hazırlanmasında, dövlət
strukturlarına kadrların seçilməsində mühüm rol
oynayacaqdır. Muxtar respublikada keçirilən sınaq
imtahanları üçün regional şöbəyə müvafiq avadanlıq
gətirildiyini qeyd edən M.Abbaszadə bundan sonra da
Regional Şöbəyə kifayət qədər diqqət
yetiriləcəyini bildirmişdir. Naxçıvan MR Ali Məclisinin sədri Vasif
Talıbov ümummilli liderimiz Heydər Əliyevin
"Təhsili olmayan millətin gələcəyi də
yoxdur" sözlərini xatırlayaraq demişdir ki, ulu öndər
respublikaya rəhbərlik etdiyi illərdə azərbaycanlı
gənclərin təhsilinə xüsusi diqqət və qayğı
göstərmişdir. Bu yolu davam etdirən Prezidentimiz İlham
Əliyev də təhsil sahəsində xüsusi proqramların
qəbul olunması, inkişaf etmiş ölkələrdə
sınaqdan çıxmış proqramların ölkənin
təhsil sisteminə tətbiqi sahəsində
əhəmiyyətli işlər görür. V.Talıbov vurğulamışdır ki,
təhsilin inkişafı sahəsində Heydər Əliyev
Fondu da mühüm işlər həyata keçirir, Fondun təşəbbüsü
ilə məktəb binaları tikilir, təhsil ocaqları
kompüterləşdirilir, yeni kitablarla təmin edilir. ölkəmizdə
təhsilə dövlət səviyyəsində xüsusi
diqqət yetirilir. Bir sıra inkişaf etmiş ölkələrdə
təhsil xərcləri dövlət büdcəsindən çıxarıldığı
halda, Azərbaycanda təhsil xərcləri
ildən-ilə artırılır. Əgər keçən
il muxtar respublikada təhsilə 44 milyon manat ayrılmışdısa,
2008-ci ildə bu rəqəm 10 milyon manat artmışdır.
Ali Məclisin sədri təhsilin inkişafında
TQDK-nın xüsusi xidmətləri olduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, Regional Şöbə bölgələr üzrə
də sınaq-test imtahanlarını keçirməyə imkan
verəcəkdir. Əvvəllər ucqar
kəndlərimizdən, uzaq rayonlardan Naxçıvan şəhərində
keçirilən test imtahanlarına gəlməkdə çətinliklər
var idi. Ancaq Regional Şöbə imkan verəcəkdir ki,
muxtar respublikamızın bütün bölgələrində sınaq-test
imtahanları keçirilsin. Eyni zamanda Regional Şöbə müəllimlərin
də öz biliklərini sınaqdan keçirməyə imkan
verəcəkdir. Regional Şöbənin açılması muxtar
respublika üçün həm də ona görə böyük
əhəmiyyətə malikdir ki, dövlət təşkilatlarına
işə qəbul üzrə test imtahanları bu şöbə
tərəfindən həyata keçiriləcəkdir. Onun
əhəmiyyətini isə qısa müddət
ərzində görə biləcəyik. Açılışı bildirən lent
kəsildikdən sonra mərasim iştirakçıları
bina ilə tanış olmuşlar. Regional Şöbədə yanvarın
13-də muxtar respublikada keçirilən sınaq imtahanlarının
nəticələri barədə məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, sınaq imtahanlarında 527 abituriyent iştirak
etmiş, onlardan 20 nəfəri 600-dən çox, 62
nəfəri isə 500-600 arası bal toplamışdır. Gürcüstandakı
azərbaycanlı məktəblilərin "Dostluq yolları"
mövzusunda rəsm müsabiqəsi Gürcüstanın paytaxtı Tbilisi şəhərində
Heydər Əliyev Fondunun ədəbi-mədəni
tədbirlər və sərgi mərkəzində Gürcüstanın
azərbaycanlı məktəbliləri arasında
"Dostluq yolları" mövzusunda rəsm müsabiqəsi keçirilib. Tədbirdə Gürcüstanın
Mədəniyyət, İdman və Abidələrin
Qorunması naziri Q.Qabaşvili, Tbilisi Dövlət
Universitetinin rektoru, professor Q.Xubua, Gürcüstan Dövlət
Rəssamlıq Akademiyasının rektoru, professor Q.Buğadze,
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri
L.Tarxnişvili, çin Xalq Respublikası, İsrail və
Litvanın Gürcüstandakı səfirləri, Türkiyə
və Rusiya səfirliklərinin diplomatları, yerli
Azərbaycan icmasının üzvləri, müəllim və
şagirdlər iştirak edirdilər. Münsiflər heyətinin sədri, Gürcüstan
Dövlət Rəssamlıq Akademiyasının rektoru,
professor Q.Buğadze çıxış edərək müsabiqəyə
150-dən çox rəsmin təqdim olunduğunu, ilkin
mərhələdə 70 rəsmin seçildiyini və ikinci
mərhələdə artıq qaliblərin müəyyən
olunduğunu qeyd edib. "Dostluq yolları" mövzusunda keçirilən
rəsm müsabiqəsində Tbilisi şəhərindəki
73 nömrəli orta məktəbin XI sinif şagirdi Almaz Maşov
I, 64 nömrəli orta məktəbin III sinif şagirdi
Fatimə Qurbanlı, rəssamlıq məktəbinin
və şəhər 124 nömrəli orta məktəbin VII
sinif şagirdi çingiz Qurbanov II, Dmanisi rayonu, Yuxarı
Oruzman kənd orta məktəbinin XI sinif şagirdi Elvira Süleymanova,
73 nömrəli orta məktəbin III sinif şagirdi
Mədinə Əkbərova və
həmin məktəbin II sinif şagirdi Elvira
Bayramova III yerləri tutublar. çıxışlardan sonra qaliblərə
diplomlar və qiymətli hədiyyələr təqdim
olunub. Fərqlənən 10 iştirakçıya da
hədiyyələr təqdim edilib. Azərbaycan Respublikasının Gürcüstandakı
səfiri N.Əliyev tədbirdə çıxış
edərək müsabiqənin keçirilməsinin
ənənəvi hal aldığını və
səfirlik tərəfindən hər il təşkil
olunacağını bildirib. Sonda səfir münsiflər heyətinin
sədri, Gürcüstan Dövlət Rəssamlıq Akademiyasının
rektoru, professor Q.Buğadzeyə təşəkkürünü
bildirərək şagirdlərə uğurlar arzulayıb.
NDU-da
konfrans keçirildi Naxçıvan Dövlət Universitetində
"Kosmomikrofizika və müasir riyaziyyat" mövzusunda elmi
konfrans keçirildi. Universitetin akademik Fərəməz
Maqsudov adına auditoriyasında öz işinə başlayan
konfransı giriş sözü ilə akademik, rektor İsa
Həbibbəyli açdı. Rektor Naxçıvan Dövlət
Universitetinin dəqiq elmlərin inkişafı və
tətbiqi istiqamətində son illər ərzində
qazandığı uğurlardan danışdı. Akademik
universitet elmi mühitində riyaziyyat, fizika və informatikanın
son yeniliklərinin öyrənilməsini, dünya elminin ən
yeni nailiyyətlərinin mənimsənilməsini yüksək
qiymətləndirdi, konfransın elmi-nəzəri
əhəmiyyətindən danışdı. Sonra NDU-nun elmi işlər üzrə
prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov "Maqnit
sahəsində neytrino tərəfindən materiyanın
və antimateriyanın asimmetrik qızması", riyazi
analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri
namizədi, dosent Elşad Ağayev "Bir qeyri-xətti
elliprtik tip tənliyin həllinin qeyri-məhdud oblastda böyümə
sürəti", fizika-riyaziyyat fakültəsinin dekan müavini,
dosent Sahib Əliyev "çəki funksiyasına görə
ortonormal Lejandr çoxhədlilərin qurulması",
informatika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri
namizədi Nurəli Mahmudov "Kvantomexaniki
sistemlərlə optimal idarəetmə
məsələsinin sonlu fərqlər üsulu ilə
həlli haqqında" mövzusunda
məruzələr etdilər. Konfransı yekunlaşdıran AMEA-nın müxbir
üzvü Vəli Hüseynov belə konfransların dəqiq
elmlər üzrə gələcək tədqiqatların aparılmasında,
universitetdə bu sahə üzrə gənc kadrların yetişməsində,
mübahisəli elmi məsələlərin həllində
əhəmiyyətini vurğuladı. Mehriban SULTAN, Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətinin əməkdaşı
Müsabiqəyə
yekun vuruldu Azərbaycan Respublikası Prezidentinin 17
aprel 2006-cı il tarixli sərəncamı ilə
təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların
(gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı(2006-2010-cu
illər)"nda nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsi məqsədilə Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Bakı Şəhər
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda şəhər məktəbliləri arasında
"Gənc fiziklərin texniki yaradıcılıq müsabiqəsi"nin
yekun mərhələsi keçirilmişdir. Müsabiqədə
Bakı şəhərinin ümumtəhsil
məktəblərinin və məktəbdənkənar
təhsil müəssisələrinin
II mərhələdə qalib gəlmiş 12 komandası
iştirak etmişdir. İştirakçılar 1 saat 30
dəqiqə vaxt ərzində təhsil aldıqları
məktəblərdə və məktəbdənkənar
təhsil müəssisələrində mövcud proqramlara uyğun
keçdikləri mövzular üzrə fiziki texnikaya aid 20 sualdan
ibarət testi, 5 məsələni və 1 təcrübi işi
yerinə yetirmişlər. Hər düzgün test sualının
cavabı 1, məsələnin cavabı 2, təcrübi işin
cavabı isə 3 balla qiymətləndirilmişdir. Təcrübəli müəllimlərdən
ibarət ekspert komissiyasının yekdil rəyinə görə
müsabiqədə daha çox bilik və bacarıq nümayiş
etdirmiş Bakı şəhəri 39 nömrəli Texniki
Yaradıcılıq Mərkəzinin komandası I, 49 nömrəli
məktəb-liseyin komandası II, 83 nömrəli
məktəb-liseyin komandası isə III yerin qalibi olmuşdur.
Müsabiqədə 160 nömrəli klassik gimnaziyanın komandası
da fərqlənmişdir. Şəxsi birincilikdə
isə gənc fiziklərdən Əjdər İsgəndərli
(148), Rüfət Şahbazlı (49), Samid Nəcəfli (83)
və Dilbər Səfərzadə (160) xüsusi fəallıq
göstərmişlər. Müsabiqənin sonunda qalibləri
təltifetmə mərasimi keçirilmişdir.
Təltifetmə mərasimində Bakı Şəhəri
üzrə Təhsil İdarəsi müdirinin müavini
Məhəmməd Bayramov, sektor müdiri Qənirə
Sultanova, Bakı Şəhər Pedaqoji Kadrların İxtisasartıma
və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf
Zamanov və başqaları çıxış edərək
müsabiqənin Bakı şəhəri
məktəblilərinin yaradıcılıq işlərinin
inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının
təkmilləşdirilməsi, əyləncəli fizika
dərnəklərinin şəbəkəsinin genişləndirilməsi,
dərnək üzvləri arasında təcrübə mübadiləsinin
təşkili, habelə məktəblilərin fizika
fənninə olan marağının daha da artırılması,
bu sahədə istedadlı uşaqların aşkara çıxarılması
və aldıqları biliklərin təcrübədə
səmərəli tətbiq edilməsi məqsədilə
keçirildiyini vurğulamış, qalibləri təbrik etmiş,
onlara yeni yaradıcılıq uğurları arzulamışlar.
Sonda qaliblərə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin diplomları və qiymətli
hədiyyələri təqdim edilmişdir. Rövşən TALIBOĞLU
Liseydə
görüş ölkədə istedadlı yetirmələri,
gözəl ənənələri ilə tanınan
kimya-biologiya təmayüllü respublika liseyində tanınmış
sənətkar Aşıq Əhlimanla görüş xoş
ovqatla başladı. Liseyin direktoru Mirhəsən Cavadov
kollektiv adından qonağa "xoşgəldin"
elədi və təhsil
ocağı haqqında qısa məlumat verdi. Məlum
oldu ki, bu məktəb hələ sovet dönəmindən
ölkədə kifayət qədər tanınan, bu gün
özünün ənənələrini davam etdirən öncül
təhsil ocaqlarından biridir. Maraqlıdır ki, hazırda
cəmiyyətdə böyük hörmət və nüfuz sahibi olan,
peşəsi ilə xalqına sədaqətlə
xidmət edən elm, sənət adamları, iqtisadçılar,
siyasətçilər, səhiyyə işçiləri və s.
arasında məktəbin məzunları çoxdur. Bu gün
respublikanın müxtəlif bölgələrindən gəlmiş
və liseydə təhsilini davam etdirən şagirdlərlə
təcrübəli müəllim kollektivi məşğul olur. Liseyin Azərbaycan dili və
ədəbiyyat müəllimi Səfər
Bayramov qeyd etdi ki, xalqımızın dəyərli elm,
sənət adamları, şair və yazıçıları
ilə görüşlər burada tez-tez keçirilir. Eyni zamanda
belə tədbirlərdə şagirdlərin arzu və
istəkləri də mütləq nəzərə alınır.
Aşıq sənətinin dəyərli davamçılarından
Aşıq Əhlimanla bugünkü görüş də məhz
lisey kollektivinin arzusu ilə baş tutub. Səfər müəllimin
qonaq haqqında verdiyi məlumatdan
aydın oldu ki, Aşıq Əhliman 1955-ci ildə
Ucarda anadan olub, Azərbaycan İncəsənət
İnstitutunu bitirib və hazırda orada aşıq
sənətindən dərs deyir. Eyni zamanda "Aşıq
Şakir yaradıcılığı" mövzusunda
namizədlik elmi işini bitirmək üzrədir. Aşıq
Əhlimanın yaradıcılığına qısa
ekskurs edəndən sonra məktəbin şagirdləri
sənətkarın şeirlərini söylədilər,
saz çaldılar, aşıq mahnıları ifa etdilər. Aşıq
Əhliman lisey şagirdlərinin istedadını, bacarığını
yüksək dəyərləndirdi, onlara uğurlar arzuladı.
Sənətkarın barmaqları sazın
sehrli simləri üzərində gəzdi. Aşığın
şaqraq səsi
dalğa - dalğa yayıldı. Axırda böyük Azərbaycan şairi
Məhəmməd Füzulinin
beş dildə nəfis şəkildə çap olunmuş
kitabı aşığa hədiyyə
edildi. Söhbət SƏFƏRLİ Milli
irsimizi yaşadaq və dünyaya tanıdaq Bakı şəhərindəki 29 nömrəli
Uşaq Yaradıcılıq
Mərkəzində "Milli irsimizi yaşadaq və dünyaya
tanıdaq" mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbirdə xalq şairi Zəlimxan Yaqub,
Azərbaycan radiosunun "Sarıtel" ədəbi verilişinin
baş redaktoru, folklorşunas alim Elxan Məmmədli, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini
Məhəmməd Bayramov, idarənin sektor müdirləri
Qənirə Sultanova və Zəminə Əliqızı,
ustad aşıqlardan Gülarə Azaflı, Altay
Məmmədli, Nemət Qasımlı, Fəzail Misginli,
Zahid Ərəboğlu, Pirallahı
qəsəbəsində yerləşən ümumtəhsil
məktəblərinin müəllim və şagird
kollektivinin nümayəndələri, şəhərin bir sıra
məktəbdənkənar təhsil müəssisələrinin
rəhbərləri, "Xəzər"
Universitetində təhsil alan əcnəbi
tələbələr-magistr və aspirantlar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan
Mərkəzin direktoru Şəfiqə Yusifova
uşaq, yeniyetmə
və gənclərlə Uşaq Yaradıcılıq
Mərkəzində aparılan mənəvi tərbiyə
işindən, milli irsimizin öyrədilməsi
istiqamətində keçirilən
tədbirlərdən danışdı. Tədbirdə çıxış edən xalq şairi Zəlimxan
Yaqub milli mənəvi irsimizin zənginliyi, xüsusilə çox
qədim tarixə malik aşıq sənəti haqqında
söz açdı, dəyərli və məzmunlu fikirlər söylədi.
Sonra söz saz ustalarına verilmişdir. Aşıq
mahnıları, dastanlardan parçalar ifa olunmuşdur. Uşaq Yaradıcılıq
Mərkəzinin "Xəyal" xalq çalğı
alətləri ansamblı, gənc aşıqlardan
Zeynəb Bayramova, Kərim Babayev, Mehrab Əmirov, Aysel
Qəribli və başqaları maraqlı konsert proqramı
ilə qonaqlara xoş ovqat bəxş etmişlər.
Sonda qonaqlar 65 yaşı bu günlərdə tamam olmuş
Mərkəzin direktoru Şəfiqə Yusifovanı
yubileyi münasibətilə təbrik etmiş, onun ünvanına
xoş sözlər söyləmişlər. Yubilyara gül-çiçək dəstələri və Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
Fəxri fərmanı təqdim edilmişdir. R.TALIBOV
|