|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dini və mədəni müxtəlifliyin tədrisi Təhsildə qarşılıqlı hörmət və tolerantlığın yüksəldilməsi üçün innovativ metodlar və vasitələr Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutu Avropa Şurası
ilə birgə "Dini və mədəni müxtəlifliyin
tədrisi:təhsildə qarşılıqlı hörmət
və tolerantlığın yüksəldilməsi üçün
innovativ metodlar və vasitələr" mövzusunda seminar
keçirmişdir. İnstitutun rektoru, professor Asəf Zamanov
seminarın işə başlaması münasibətilə iştirakçıları
və qonaqları təbrik edərək, onlara uğurlar
arzuladı. Asəf müəllim xatırlatdı ki, BMT Baş
məclisinin qərarı ilə 2001-ci il sivilizasiyaların
dialoqu ili elan olundu və bununla da
mədəniyyətlərarası dialoq ideyası yeni
mərhələyə qədəm qoydu. Bildiyimiz kimi,
Avropa Şurası ilə Azərbaycan Respublikası
Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə
əməkdaşlıq Proqramı çərçivəsində
"Cənubi Qafqaz ölkələrində və Ukraynada
mədəniyyətlərarası və dinlərarası
dialoqun tədrisi" mövzusu üzrə layihə həyata keçirilir.
Bu layihənin həyata keçirilməsində əsas
məqsəd adıçəkilən ölkələrin, o cümlədən
Azərbaycanın təhsil müəssisələrində
mədəniyyətlərarası dialoqun tədrisi
prosesinin təkmilləşdirilməsi, bu sahə üzrə
kurrikulumların və müəllimlər üçün dərs
vəsaitlərinin hazırlanmasıdır. Layihənin
ikinci mərhələsində müəllimlər üçün yeni
tədris metodikaları və dərs vəsaitlərinin
hazırlanması üzrə treninqlərin keçirilməsi
nəzərdə tutulmuşdur. Bu gün öz işinə başlayan
seminar da həmin məqsədlə keçirilir. Bugünkü seminarın Şərqlə
Qərbin mədəni dəyərlərini özündə
cəmləşdirən, əsrlərdən bəri bu
sivilizasiyaları tarixi ipək yolu boyunca körpü kimi
birləşdirən Azərbaycanın paytaxtı Bakı
şəhərində keçirilməsinin təhsil işçiləri
üçün böyük əhəmiyyəti vardır.
Mədəniyyətlərarası dialoq sahəsində
zəngin təcrübəyə malik olan və yüksək
tolerantlığı ilə seçilən ölkəmizdə
təhsil işçiləri - müəllimlər
cəmiyyəti düşündürən problemlərin həlli
istiqamətində xeyli işlər görmüş, bütün dövrlərdə
sülhə, əmin-amanlığa və dinc yanaşı yaşamağa
səy göstərmişlər. Müəllimlər
gələcək nəsillərin maraqlarının müdafiəsi
naminə səylərini bu gün də əsirgəmir,
beynəlxalq aləmdə ölkələrin və
mədəniyyətlərin bir-birini daha yaxşı tanımaları
üçün qüvvələrini səfərbər edirlər.
İnanıram ki, bugünkü seminar təhsil sistemində
mədəniyyətlərarası dialoqun inkişafına
öz layiqli töhfəsini verəcəkdir. Əminəm ki, seminar səmərəli keçəcək,
iki gün ərzində müxtəlif fikir və
təkliflər səslənəcək, seminarın
nəticələri mədəniyyətlərarası
dialoqda təhsilin yerini göstərəcəkdir. Seminarın BPKİYİ-də keçirilməsinə
dəstək olduqlarına görə Təhsil Nazirliyinin
və Avropa Şurasının rəhbərliyinə
təşəkkür edən natiq giriş nitqindən sonra
seminarı açıq elan etdi və sözü Avropa Şurası
tərəfindən layihənin koordinatoru Natia Jgentiyə
verdi. Layihə çərçivəsində görülən işlər
və perspektiv planlardan danışan koordinator bu seminarın
da qarşılıqlı anlaşma və tolerantlıq
şəraitində keçiriləcəyinə əmin olduğunu
bildirdi. Seminarın birinci günündə "çoxmədəniyyətli
və çoxdinli cəmiyyətdə, məktəbdə dözümlülüyün
tədrisi" mövzusunda Avropa Şurasının eksperti
xanım Ulrike Volf-Contofson geniş məruzə etdi. Ekspert
xanım çıxışında dinlər və inanclar
təlimində əsas prinsiplər, konsepsiyalar, metodik tövsiyələr,
onların həyata keçirilmə yolları haqqında
məlumat verdi. Sonra mövzu ətrafında müzakirələr
başlandı. Müzakirələrdə ailələrin,
dini təşkilatların rolu, təhlükəzlik mühiti
və tolerantlıq haqqında maraqlı fikirlər söyləndi
. Həmin mövzuda qruplarda təşkil olunan iş də
ekspertlərin diqqətini cəlb etdi. "Dini və
mədəni müxtəlifliyin müəyyənləşdirilməsi"
mövzusunda məktəb layihələri hazırlandı. Müzakirələr
məktəb-icma əlaqələri ətrafında
ziddiyyətli fikirlərə aydınlıq gətirdi. Seminarın ikinci günü xanım Ulrike Volf -
Contofson "Təhsildə qarşılıqlı hörmət
və tolerantlığın yüksəldilməsində
innovativ metodlar və vasitələr" mövzusunda çıxış
etdi. Müzakirələrdən sonra "Kurrikuluma dini və
mədəni müxtəliflik məsələlərinin daxil
edilməsi" haqqında ekspert Kalin Rusa söz verildi. Bu mövzu
ətrafında qruplarda maraqlı iş təşkil
olundu. çoxmədəniyyətliliyin təhsilin bütün
pillələrində həyata keçirilməsi ilə bağlı
dərs planları yazıldı, valideyn-müəllim görüşlərinin,
tədbirlərin təşkili haqqında təkliflər
irəli sürüldü. Müzakirələrdə bütün iştirakçılar
fəallıq göstərdilər. Sonda Avropa Şurasının ekspertləri
seminar iştirakçılarına, xüsusilə institutun
rəhbərliyinə öz təşəkkürlərini
bildirdilər, seminarın çox maraqlı və məhsuldar
keçdiyini qeyd etdilər. Seminar iştirakçılarına müvafiq
sertifikatlar təqdim edildi və gələcək iş
planları müəyyənləşdirildi. F.İDRİSOĞLU
Alimin yubileyi qeyd edildi Naxçıvan Dövlət Universitetində
görkəmli elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad
elmləri doktoru, professor Ağasəlim Ələsgərovun
80 illik yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü
ilə açan universitetin rektoru, akademik İsa
Həbibbəyli Ağasəlim Ələsgərovun
Azərbaycan iqtisad elminə verdiyi töhfələrdən,
elmi irsindən və yetirmələrindən bəhs
edərək yubilyarı təbrik etdi, elmi
fəaliyyətində ona uğurlar arzuladı. İqtisad fakültəsinin dekan müavini, iqtisad
elmləri namizədi Müslüm Cabbarzadə "Ağasəlim
Ələsgərovun həyatı və elmi-pedaqoji
fəaliyyəti" mövzusunda ətraflı məruzə
etdi. İqtisadçı alimin zəngin elmi-pedaqoji və 55
illik elmi-tədqiqatçılıq fəaliyyətindən söz
açan məruzəçi onun 200-dən çox əsər müəllifi
olduğunu, 70 dissertasiya işinə elmi rəhbərlik
və opponentlik etdiyini vurğuladı, yubilyar alimin təşkilatçılıq
bacarığından bəhs etdi. Universitetin iqtisad fakültəsinin dekanı,
iqtisad elmləri doktoru, professor Asif Şirəliyev, AMEA-nın
İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri
doktoru İsa Alıyev, iqtisad elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü Əli Nuriyev, Azərbaycan Dövlət
İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər
kafedrasının müdiri Həsən Allahverdiyev, iqtisadçı
alim Gəncəli Gəncəli və başqaları
yubilyarı təbrik etdilər, onun yüksək insani
məziyyətlərindən, alimlik səriştəsindən
danışdılar. Sonda yubilyar ona göstərilən diqqət
və qayğıya görə universitet
rəhbərliyinə minnətdarlığını
bildirdi. Mehriban SULTAN, Naxçıvan Dövlət Universiteti
mətbuat xidmətinin rəhbəri
|