· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi

QAYDALARI

1. ümumi müddəalar

1.1. Ən yaxşı müəllim müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamı əsasında təşkil edilir.

1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

1.3. Müsabiqə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir. Müsabiqədə müəyyən edilmiş şərtlərə cavab verən, əsas iş yeri ümumtəhsil məktəbləri olan müəllimlər iştirak edə bilərlər.

1.4. Müsabiqədə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü və ya mükafatını alanlar iştirak etmirlər.

1.5. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət etmək üçün ictimai əsaslarla təşkilat komitəsi yaradılır. Təşkilat Komitəsinin tərkibinə qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilir. Təşkilat Komitəsinin tərkibi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilir.

1.6. Təşkilat Komitəsinin və müvafiq işçi heyətlərinin tərkibinə daxil edilən müəllimlər bu müsabiqədə iştirak etmirlər.

1.7. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat Komitəsi tərəfindən müəyyən edilir.

1.8. Mübahisəli məsələlərə baxılması üçün təhsil nazirinin əmri ilə apellyasiya komissiyası yaradılır.

2. Müsabiqədə iştirak üçün şərtlər

2.1. Müsabiqədə iştirak etmək arzusunda olan müəllimlər üçün aşağıdakı minimum şərtlər irəli sürülür:

2.1.1. pedaqoji iş stajının 5 və 5 ildən yuxarı olması;

2.1.2. ixtisasartırma kurslarından keçməsi, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı sertifikat alması;

2.1.3. təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi;

2.1.4. dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi;

2.1.5. pedaqoji mühazirələrdə, elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi, əvvəlki illərdə təşkil olunmuş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin respublika mərhələsində mükafata layiq yer (yerlər) tutması;

2.1.6. mətbuatda metodiki məqalələrlə çıxış etməsi, tədris vəsaitlərinin müəllifi olması haqqında yazıların dərc edilməsi;

2.1.7. dərs dediyi ixtisas üzrə şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanması, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutması;

2.1.8. əvvəlki illərdə "Baş müəllim", yaxud "Metodist müəllim" adını alması, dövlət və hökumət təltiflərinə ("Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Əməkdar müəllim", "Qabaqcıl təhsil işçisi" döş nişanı və s.) layiq görülməsi;

2.1.9. nazirliyin kollegiya qərarları və əmrlərində, yerli təhsil orqanlarının müvafiq sənədlərində səmərəli fəaliyyətinin qeyd edilməsi, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə öyrənilib yayılmasının rəsmiləşdirilməsi;

2.1.10. İKT-dən istifadə bacarıqlarına malik olması;

2.1.11. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, Valideyn-Məktəb Assosiasiyaları və digər qurumlar tərəfindən aparılan sorğularda müəllim haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;

2.1.12. Müəllimin fəaliyyətinin qiymətləndirilməsi zamanı müəyyən edilmiş digər zəruri şərtlər.

3. Müsabiqənin təşkili

3.1. Müsabiqə 3 mərhələdə təşkil edilir. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətini hər il Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.

3.2. Müsabiqədə iştirak etmək istəyən müəllim hər il göstərilən vaxtda Təşkilat Komitəsinə müəyyən olunmuş formada ərizə ilə müraciət edir. Ərizə elektron poçt vasitəsi ilə də göndərilə bilər ([email protected])

3.3. Sənədlərin qeydiyyata alınması və müəyyən edilmiş tələblər əsasında ekspertizasının aparılması üçün Təşkilat Komitəsi tərəfindən ekspert qrupu (qrupları) yaradılır. Ekspert qrupu sənədlərin ekspertizasını aparır və nəticələr barədə Təşkilat Komitəsinə hesabat hazırlayır.

3.4. Ekspertizanın yekununa görə daha çox bal toplamış müəllimlər ekspert qrupunun müəyyən edilmiş formada təqdimatı ilə ikinci mərhələyə buraxılırlar.

3.5. Müsabiqənin ikinci mərhələsi hər il müəyyən olunmuş vaxtda Bakı şəhərində təşkil edilir. Bu mərhələnin iştirakçıları ümumtəhsil məktəblərində ixtisasları üzrə təklif olunan siniflərdə sınaq dərsləri aparırlar. Sınaq dərslərinin qiymətləndirilməsi üçün Təşkilat Komitəsi tərəfindən ixtisaslar əhatə olunmaqla fənn komissiyaları yaradılır. Fənn komissiyaları tanınmış alim və metodistlərdən, təcrübəli mütəxəssislərdən, ictimaiyyətin nümayəndələrindən ibarət təşkil olunur. Sınaq dərsləri videolentə alınır.

3.6. Sınaq dərslərinin qiymətləndirilməsi prosesində aşağıdakılar zəruri tələb kimi nəzərə alınır:

3.6.1. mövzunun tədrisi üçün maraqlı və optimal dərs formasının seçilməsi;

3.6.2. problemin qoyuluşu və həlli prosesinə şagirdlərin fəal cəlb edilməsi, şagirdlərlə həssas ünsiyyətin qurulması və pedaqoji əməkdaşlıq münasibətlərinin yaradılması;

3.6.3. dərsin fəal, interaktiv təlim üsullarının səmərəli tətbiqi şəraitində tədris edilməsi;

3.6.4. tədris olunan mövzunun şagirdlər tərəfindən dərs prosesində  mənimsənilmə səviyyəsinin müəyyən edilməsi;

3.6.5. şagirdlərin bütünlüklə qiymətləndirilməsi üçün çevik formalardan istifadə edilməsi.

3.7. Hər bir sınaq dərsi müvafiq fənn komissiyasında müəllimin iştirakı ilə təhlil edilir, ümumi rəy və nəticələr onun nəzərinə çatdırılır. Fənn komissiyaları növbəti mərhələyə təqdim olunanlar haqqında Təşkilat Komitəsinə yekun hesabat hazırlayır.

3.8. Müsabiqənin üçüncü mərhələsi Bakı şəhərində təşkil edilir və bilavasitə Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Bu mərhələdə iştirakçılar özləri haqqında qısa məlumat verməklə, müasir dövrdə təhsil prosesinin təşkilinin aktual məsələlərinə dair Təşkilat Komitəsinin təklif etdiyi mövzu ətrafında 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən sualları cavablandırırlar.

4. Müsabiqənin yekunlaşdırılması

4.1. Təşkilat Komitəsi tərəfindən zonalar üzrə qaliblərin seçilməsi üçün müəllimlərin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.

4.2. Təşkilat Komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllimi seçir və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

4.3. Müsabiqənin qalibləri müəyyən olunmuş qaydada elan edildikdən sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

4.4. Müsabiqə qalibləri 5 min (beş min) manat məbləğində pul mükafatı ilə təltif olunurlar.

4.5. Bir müəllim ən yaxşı müəllimi mükafatını 5 ildən tez olmayaraq, 1 dəfə ala bilər.