· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

İKT üzrə daha bir treninq keçirildi

İnformasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində tətbiqi ilə bağlı  Proqramda əsas istiqamətlərdən biri də müəllimlərin bu işə hazırlanmasıdır. Bu isə treninqlər vasitəsilə həyata keçirilir.

 

Belə tədbirlərdən biri də fevralın 12-də Bakı Kompüter Kollecində oldu. Həmin gün burada "İntel" korporasiyasının ölkəmizdə həyata keçirilən "Gələcəyin təlimi" layihəsi çərçivəsində birgünlük treninq təşkil edilmişdi. Bu sahədə yüksək hazırlığa malik məşqçi-müəllimlərin iştirak etdiyi məşğələni "İntel" şirkətinin Moskvadan gəlmiş təmsilçiləri - MDB ölkələrində həyata keçirilən proqramların direktoru Vera Baklaşova, Rusiya və Qazaxıstanda reallaşdırılan proqramların direktoru Yaroslav Bıkovski aparırdılar.

Bakı Kompüter Kollecinin direktoru, "İntel"in Azərbaycandakı eksperti İradə Səfərovanın verdiyi məlumata görə, bu şirkətlə sıx əməkdaşlıq əlaqələri 2006-cı ildə Təhsil Nazirliyi ilə təhsil sahəsində rabitə və informasiya texnologiyalarından istifadəyə dair qarşılıqlı anlaşma və niyyətlər barədə memorandum imzalandıqdan sonra yaranıb. Azərbaycanda korporasiyanın mövcud 7 proqramından yalnız "Gələcəyin təlimi" layihəsinin həyata keçirilməsi məqsədəuyğun sayılıb. Artıq bu proqram çərçivəsində məşqçi-müəllimlərin hazırlanması istiqamətində müəyyən işlər görülüb, Bakı və Sumqayıt şəhərləri üzrə 1000-ə yaxın fənn müəllimi təlim kurslarından keçib, məktəblərin kompüterləşməsi işində mühüm addımlar atılıb, şirkətin xətti ilə azərbaycanlı mütəxəssislərin xarici ölkələrə səfərləri təşkil olunub. Şirkətin maliyyə dəstəyi ilə "Gələcəyin təlimi" adlı tədris vəsaiti və elektron proqram materialları Azərbaycan dilinə tərcümə edilib və müəllimlərin informasiya texnologiyalarının tədris prosesində tətbiqi ilə bağlı ixtisasartırmasında bunlardan geniş istifadə olunur.

Bakı Kompüter Kollecində keçirilən treninq "Gələcəyin təlimi" layihəsinin yeni mərhələsi olan şəbəkə daxilində əməkdaşlıq mövzusuna həsr olunmuşdu. Bu, kompüter şəbəkəsi vasitələrinin köməyi ilə insanların bir-biri ilə əlaqə saxlaması və birgə fəaliyyət göstərməsidir. Məşğələdə iştirak edən 20 təcrübəli məşqçi- müəllim həmin məqsədlə istifadə olunan VikiViki ("tez-tez" deməkdir) texnologiyası ilə tanış edildi.

Treninq iştirakçılarına texnologiyanın əsasları haqqında ətraflı məlumat verildi, buna aid materiallar əyani nümayiş etdirildi və metodik vəsaitlər paylandı. Məşqçi-müəllimlər yeni öyrədilən texnologiya əsasında tapşırıqları yerinə yetirdilər. Sonda rusiyalı mütəxəssislər verilən suallara aydınlıq gətirdilər.

Treninqdə iştirak edən məşqçi-müəllimlər -  Bakıdakı 7 nömrəli məktəbin müəllimi Gülnarə Səlimova, 282 nömrəli məktəbin müəllimi Aygün Əzizova və Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti Bəyaz Novruzova bizimlə söhbətlərində bu sahədəki biliklərini artırmaq üçün treninqlərin mühüm əhəmiyyət kəsb etdiyini, məşğələdə aldıqları informasiyadan razı qaldıqlarını, öyrəndiklərini tezliklə öz fəaliyyətlərində tətbiq edəcəklərini qeyd etdilər və təlim kursunun keçirilməsinə yaradılan şəraitə görə kollecin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

 

Hicran ƏKBƏROVA