· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakalavr pilləsi üçün ixtisasların yeni siyahısı hazırlanıb

 

Bu ildən ali məktəblərə qəbul həmin siyahıda nəzərdə tutulan ixtisaslar üzrə aparılacaq

 

ölkəmizin 2005-ci ildən Boloniya Bəyannaməsini imzalaması ilə ali təhsil müəssisələrimiz Avropa təhsil məkanına inteqrasiya imkanı qazanıb. Həmin prosesi sürətləndirmək üçün son illər Təhsil Nazirliyində və ali məktəblərdə ciddi iş aparılır. Bu istiqamətdə atılmış mühüm addımlardan biri də Təhsil Nazirliyi tərəfindən ali təhsilin bakalavr pilləsi üçün ixtisasların yeni siyahısının hazırlanmasıdır. Bəs hazırda təsdiq mərhələsində olan yeni siyahı hansı zərurətdən meydana gəlib? O, əvvəlki siyahıdan nə ilə fərqlənir? Həmin suallarla Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimova müraciət etdik.

 

N.İbrahimov bildirdi ki, ixtisaslara yenidən baxılmasını ölkəmizin Boloniya prosesinə qoşulması, ali məktəblərimizdə verilən ixtisasların Avropa ölkələrində öyrədilənlərə uyğunlaşdırılması zəruri edib. Əvvəlki siyahıda 105 istiqamət, 515 ixtisas var idi. Onlara yenidən baxılaraq YUNESKO tərəfindən 1997-ci ildə təsdiq olunmuş və 2000-ci ildə bəzi əlavələr edilmiş Təhsil Proqramlarının Beynəlxalq Kvalifikasiyası sənədinə uyğunlaşdırılıb. Yeni siyahıda 148 ixtisas nəzərdə tutulub. Onlar əvvəlki kimi yenə 8 bölməni əhatə edir. Lakin bölmələrin adında da, ixtisaslarda olduğu kimi, müəyyən dəyişikliklər edilib. Fərqli cəhətlərdən biri budur ki, təhsil istiqaməti tamamilə ayrılıb. İxtisas siyahısında yeni olan müəllim hazırlığı bölməsində 21 ixtisas nəzərdə tutulub. Həmin ixtisaslar ötən il təsdiq olunmuş ümumi təhsilin Milli Kurrikulumu sənədinə uyğunlaşdırılıb.

Natiq müəllim digər bölmələr haqqında da açıqlama verdi. Məlum oldu ki, yeni siyahıda təhsildən sonra humanitar-sosial ixtisaslar qrupu gəlir. Həmin bölmədə 15 ixtisas var.

Mədəniyyət və incəsənət ixtisas qrupuna 21, iqtisadiyyat və idarəetməyə 10, təbiət elmləri ixtisasları qrupuna 10, texniki yönümə 48, kənd təsərrüfatına 9 ixtisas daxildir. Təbabət-səhiyyə sahəsini əhatə edən ixtisaslar da siyahıda dünya təcrübəsinə uyğunlaşdırılaraq yeni adla verilib. O indi müalicə, rifah və xidmət adlanır. Bu bölmə 13 ixtisası əhatə edir.

Natiq İbrahimovun dediyinə görə, ən çox dəyişiklik texniki ixtisaslarda edilib. Bu bölmə üzrə əvvəl mövcud olmuş 297 ixtisas əvəzinə yeni siyahıya cəmi 48 ixtisas salınıb. Müsahibim bunu dünyada qəbul edilən texniki ixtisasların sayının 30-dan çox olmaması ilə əlaqələndirdi. İxtisasların adlarına gəldikdə isə onlar da tamamilə yeniləşdirilərək Avropa ölkələrindəki adlara uyğunlaşdırılıb. Həmin ölkələrdən respublikamızda oxumağa gəlmək istəyənləri cəlb etmək məqsədi daşıyır. Belə ki, ixtisasların əvvəlki adlarına baxan avropalı gənc burada öz ölkəsindəki ixtisaslara uyğunluq görmədiyindən ölkəmizə gəlməyə də təşəbbüs göstərmirdi. İxtisasların yeni adları bu maneəni aradan qaldıracaq.

Natiq müəllim onu da bildirdi ki, yeni sənəd hələ təsdiq mərhələsində olsa da, ixtisaslar üzrə standartların və proqramların hazırlanması üzərində iş getməkdədir. Sənəd təsdiq olunduqdan sonra bu iş daha da sürətləndiriləcək. çünki ixtisasların yeni tədris ilindən tətbiq olunması nəzərdə tutulub. Bunun üçünsə ixtisasların tədris plan və standartları yayadək hazırlanıb təsdiq olunmalıdır ki, ali məktəblər onları özlərinə uyğunlaşdıra bilsinlər.

Sonda onu da qeyd edək ki, ali məktəblərə qəbul planları yeni siyahıdakı ixtisaslar üzrə veriləcək və qəbul da onlara uyğun aparılacaq.

 

Yusif ƏLİYEV