· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Adambaşına maliyyələşmə təhsilimizə nə verəcək?

 

Azərbaycan təhsili daim inkişaf edir, yeniləşir, dünya təhsil sahəsində olan yeniliklər, qabaqcıl təcrübə öyrənilir. Belə təcrübələrdən biri də adambaşına maliyyələşdirmədir. Respublikamızda üç pilot rayonu kimi seçilmiş Əli Bayramlı, Ucar və İsmayıllıda olan ümumtəhsil məktəblərində, habelə Bakı şəhərindəki ümumtəhsil məktəbləri, peşə liseyi, peşə məktəbi və orta ixtisas məktəblərində adambaşına maliyyələşdirmə eksperiment kimi qoyulub. Cari ildə isə bir çox təhsil müəssisəsi bu maliyyələşmə formasından istifadəyə keçib.

ümumiyyətlə, adambaşına maliyyələşdirmə nə deməkdir? özünü maliyyələşdirmək məktəbə nə verəcək?  Bu suallara aydınlıq gətirmək üçün  Təhsil Nazirliyi Plan-maliyyə sektorunun müdiri Şahrza Əliyevlə görüşdük. O dedi:

 

 - Təhsil sektorunda islahatlar aparılanadək ümumtəhsil məktəblərinin büdcəsi məktəbin özü tərəfindən deyil, rayon, şəhər təhsil şöbələri tərəfindən tutulurdu və idarə olunurdu. Təhsil sektorunun inkişafı layihəsi həyata keçirildikdən sonra məktəblərin öz büdcələrini tərtib və idarə etmək məqsədilə Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, respublikamızın üç pilot rayonu kimi seçilmiş Əli Bayramlı şəhərinin 14, Ucar rayonunun 20, İsmayıllı rayonunun 25 ümumtəhsil  məktəbinə maliyyə müstəqilliyi verilmişdir. Bu ondan ibarətdir ki, həmin məktəblərin müvafiq ərazi xəzinədarlıq orqanlarında xəzinə hesabı açılmış və onlar üçün ayrıca təsdiq olunmuş xərclər smetasına əsasən öz büdcələrini müstəqil idarə edirlər. Həmin razılaşmaya əsasən Əli Bayramlı şəhəri üzrə 14 mühasib ştatı (7 vahid təhsil şöbəsinin hesabına, 7 vahid əlavə), İsmayıllı rayonu üzrə 25 mühasib ştatı (3 vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığının ştatları hesabına, 22 vahid əlavə) və Ucar rayonu üzrə 20 mühasib ştatı (4 vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığının ştatları hesabına, 16 vahid əlavə) artırılmışdır. Həmin məktəblərdə şagirdbaşına maliyyələşdirmə prinsipinin tətbiq olunması üçün Təhsil Nazirliyi hökumət qarşısında məsələ qaldırmış, Nazirlər Kabinetinin qərarı ilə  bu məktəblərdə şagirdbaşına maliyyələşdirmənin tətbiqinə razılıq verilmişdir. Qərarın icrası ilə əlaqədar Təhsil Nazirliyinin metodik köməkliyi və təhsil sektorunun inkişafı layihəsinin "Maliyyələşdirmə və büdcə islahatları" alt-komponentinin səyi nəticəsində, həmçinin alt-komponentinin üç rayona cəlb olunmuş beynəlxalq və milli məsləhətçilərin yaradılması ilə şagirdbaşına maliyyələşdirmə prinsipini özündə əks etdirən yeni maliyyələşdirmə düsturu hazırlanıb.  Həmin düstura əsasən 2007-2008-ci illər üçün yuxarıda qeyd olunan 59 pilot məktəbinin büdcəsi tərtib olunub.

Nazirlər Kabinetinin qərarına görə 2007-2008-ci ildən başlayaraq pilot rayonlarının maliyyə müstəqilliyi verilmiş ümumtəhsil məktəblərinə büdcə vəsaitinin ayrılmasının ümumi məbləğ səviyyəsində aparılması nəzərdə tutulur. Eyni zamanda həmin qərara görə məktəb üçün ayrılmış büdcə vəsaitinin iqtisadi təsnifatın xərc maddələri arasında bölüşdürülməsi və il ərzində zərurət yarandığı, həmçinin ilin sonunda qənaət olunduğu hallarda xərc maddələri arasında müvafiq yerdəyişmələrin aparılması səlahiyyəti pilot rayonlarının maliyyə sərbəstliyi verilmiş ümumtəhsil məktəblərinə verilir.

Şagirdbaşına maliyyələşdirmə prinsipinin tətbiqi zamanı məktəb büdcəsinin tərtib və idarə olunmasında, xərclənməsində məktəb şuralarının çox böyük rolu vardır. Bu şuralar əvvəllər formal olaraq yaradılmış şuralardan xeyli fərqlənir. Məktəb şuraları haqqında yeni hazırlanmış və təsdiq olunmuş əsasnaməyə görə, şuraların tərkibinə əsasən nüfuzlu şəxslər, imkanlı adamlar, məktəblə əlaqəli olan ziyalılar və tanınmış şəxslər, həmçinin təhsil orqanlarının, digər icra strukturlarının nümayəndələri daxil edilirlər. Məktəbin büdcəsi əvvəlcə məktəb şurasında hazırlanır, baxılır, müzakirə olunur və yaxud da məktəbin xərclər smetasında dəyişiklik etməyə ehtiyac yaranırsa, bu məsələ də məktəbin şurasında baxılıb bəyənildikdən sonra aidiyyəti üzrə maliyyə orqanlarına təqdim olunur.

Maliyyə Nazirliyi ilə aparılan danışıqlar əsasında şagirdbaşına maliyyələşdirmə prinsipinin əhatə dairəsinin  genişləndirilməsi məqsədəmüvafiq hesab edilir. Bu məsələ Təhsil Nazirliyinin kollegiya iclasında müzakirə olunmuş və görülən işlərin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərində yerləşən 22 ümumtəhsil məktəbinin - Səbail rayonunun bütün ümumtəhsil məktəbləri (16 məktəb), 10 peşə liseyi və peşə məktəbi və 10 orta ixtisas məktəbinin maliyyələşdirilməsinin 2008-ci ildən başlayaraq şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi zəruri hesab edilmişdir.

Qələmə aldı:

Şakir CƏFƏROV