· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

 

Təhsil sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı daha da genişlənir

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi proqramlarda bu il ölkəmiz necə iştirak edəcək?

 

Bu sualla Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Qulu Novruzova müraciət etdik. O dedi:

 

- Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrində həm məzmun, həm də miqyas baxımından aparıcı ölkələr sırasında ABŞ xüsusi yer tutur. ümumiyyətlə, beynəlxalq əməkdaşlıqda ABŞ ilə əlaqələr Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyi ən mühüm istiqamətlərdən biridir. Bu əlaqələrin içərisində təhsil sahəsində əməkdaşlıq xüsusi yer tutur. Təsadüfi deyil ki, Azərbaycan bu ölkə ilə müxtəlif təhsil proqramları çərçivəsində geniş əlaqələr yarada bilmişdir. Bunu yəqin etmək üçün ABŞ-ın Azərbaycanda həyata keçirdiyi layihələri sadalamaq kifayətdir: - Gələcək Liderlər Mubadiləsi Proqramı (FLEX) ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Son 10 il ərzində FLEX proqramı üzrə hər il 55 azərbaycanlı nümayəndə ABŞ-da olmuşdur. İndiyə kimi 700-dən artıq şagird bu proqramda iştirak etmişdir. Hazırda isə 45 orta məktəb şagirdi bu proqramın xətti ilə ABŞ-da təhsil alır. Tələbə Proqramı (UGRAD) isə ali məktəblərin I-III kurs tələbələri üçün nəzərdə tutulur. Bu proqram çərçivəsində tələbələr bir il müddətində ABŞ universitetlərində təhsil alırlar. 1998-ci ildən bu proqramda 160-dan artıq tələbə iştirak etmişdir. Eyni zamanda Edmund Maski Magistr Proqramı 11 istiqamətdə ali məktəblərin məzunları üçün magistraturanın tam kursunun Amerika universitetlərində keçməsini nəzərdə tutur. 1998-2008-ci illər ərzində təqribən 250-yə yaxın gənc həmin proqramda iştirak etmişdir.

Gənc Müəllimlərin İnkişafı Proqramı (JFDP) isə gənc ali məktəb müəllimləri üçün nəzərdə tutulur. 1999-cu ildən etibarən 35 nəfər proqramda iştirak etmiş, daha 6 nəfər isə cari tədris ilində ABŞ-dadır. İxtisaslı Müəllimlər üçün Mükafat, Təhsildə Partnyorluq və Qardaşlaşmış Məktəblər Proqramlarında da uğurlu nəticələr əldə olunmuşdur. Hazırda ACCELS (Beynəlxalq Təhsil üzrə Amerika Şuraları) və İREX-in (Beynəlxalq Tədqiqatlar və Mübadilələr üzrə Şura) bu və ya digər proqramları çərçivəsində təqribən 100 nəfər Azərbaycan Respublikası vətəndaşı Amerika Birləşmiş Ştatlarındadır.

ABŞ-ın təhsil sahəsində respublikamızda fəaliyyət göstərən daha bir təşkilatı Sülh Korpusudur (Peace Corp.) ABŞ-ın hökumət agentliyi olan bu təşkilat Azərbaycan hökuməti ilə 2003-cü ildə imzalanmış müvafiq sazişə əsasən respublikamızda fəaliyyətə başlamışdır. Bu vaxtadək 90-dək könüllü Azərbaycanda 2 illik fəaliyyətini başa vuraraq ABŞ-a qayıdıb. Hazırda isə 39 könüllü ölkəmizin regionlarındakı məktəblərdə çalışır. Bütövlükdə proqram fəaliyyətə başladığı müddətdən (2003-2008) Azərbaycanın 42 regionunda 92 məktəbdə ingilis dilinin daşıyıcıları kimi Sülh Korpusu Könüllüləri çalışırlar. Təhsillə bağlı daha üç proqram bilavasitə ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən idarə olunur. Bunlar demək olar ki, dünyada çox tanınmış olan Hampfrey (Humphrey), Fulbrayt (Fulbright) və İngilis dili proqramlarıdır.

Bütün bunlarla bərabər onu da deyək ki, Amerika Birləşmiş Ştatları tərəfindən maliyyələşdirilən və ölkəmizdə həyata keçirilən çoxprofilli təqaüd proqramları Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Bütövlükdə 1300-dən artıq Azərbaycan vətəndaşı ABŞ-ın təqaüd proqramlarının iştirakçısı olmuşdur. Belə ki, hər ilin payızında ABŞ tərəfindən qeyd olunan proqramların müsabiqə üçün açıq elan olunması Təhsil Nazirliyi və ABŞ səfirliyi tərəfindən birgə həyata keçirilir. Bu gün qeyd olunan mübadilə proqramları çərçivəsində Azərbaycanın təhsil müəssisələrinin yüzlərlə şagird, tələbə, magistr, müəllim və tədqiqatçısı ABŞ-da müxtəlif müddətli proqramları tamamlayaraq məzun kimi Vətənə qayıtmışdır. Bu məzunlar təşkilatlanaraq ABŞ Təhsil Məzunlar Assosiasiyasını (AAA - Azerbaiyani Alumni Assosiation) təsis etdilər. Hazırda bu qurum ABŞ-da təhsil almış 2000-ə qədər məzunu öz ətrafında birləşdirir. Bu təşkilatla Təhsil Nazirliyi arasında işgüzar əlaqələr mövcuddur.

***

Qulu Novruzov söhbət zamanı onu da xüsusi olaraq vurğuladı ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi proqramlarda hər il olduğu kimi bu il də Azərbaycanın təhsil müəssisələrinin 100-dən çox şagird, tələbə, magistr, müəllim və tədqiqatçısı ABŞ-da müxtəlif təhsil və mübadilə proqramları üzrə çalışacaq. Bu günlərdə təhsil naziri Misir Mərdanov ABŞ Dövlət katibinin ölkəmizdə səfərdə olmuş akademik proqramlar üzrə müşaviri cənab Tomas Farell ilə görüşündə iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin daha da genişləndirilməsi məqsədilə gələcək plan və perspektivlərin müəyyənləşdirilməsinin mühüm rolundan danışdı. Eyni zamanda nazir ABŞ-ın Azərbaycanla birgə həyata keçirdiyi əməkdaşlıq çərçivəsində təhsil və mübadilə proqramlarının sayının artırılmasını, universitetlərarası birbaşa əlaqələrə dəstək verməklə, həm də bu gün dünyada tətbiq olunan birgə dərəcələrin (Azərbaycan və ABŞ universitetlərinin birgə verdiyi dərəcələr) daha geniş tətbiq olunması və başqa mühüm təkliflər etmiş, təkliflər müsbət qarşılanmışdır...

Göründüyü kimi, Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları ilə təhsil sahəsində həyata keçirdiyi proqramlar bu gün yüksələn xətlə inkişaf edir və uğurlu nəticələr əldə olunur.

 

Ədalət DAŞDƏMİRLİ