· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Birinci Beynəlxalq muğam festivalında Azərbaycan 3 ifaçı ilə təmsil olunacaq

Martın 10-da Abdulla Şaiq adına Dövlət Kukla Teatrında Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq muğam festivalında iştirak edəcək muğam ifaçılarının I Respublika muğam müsabiqəsinin seçim turunun qaliblərinin adları açıqlanmışdır.

Müsabiqənin münsiflər heyətinin üzvü, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirmişdir ki, bu yarışmada iştirak etmək üçün 104-dən çox ifaçı müraciət etmişdir. Martın 5-də keçirilmiş birinci turda 27 nəfər iştirak etmiş, onlardan 11-i II tura adlamışdır. İkinci turun nəticələrinə görə 3 nəfər qalib gələrək beynəlxalq müsabiqədə iştirak etmək hüququ qazanmışdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov qalibləri təbrik edərək bildirmişlər ki, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycanın dünyada daha geniş tanınması, musiqimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.

Muğam ifaçılarının başa çatan I Respublika müsabiqəsindən söz açan natiqlər vurğulamışlar ki, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nümayəndəsi İbrahim Quliyevin təmsil olunduqları münsiflər heyəti tərəfindən seçilən qaliblər Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə "Muğam aləmi" Beynəlxalq musiqi festivalında Azərbaycanı təmsil edəcəklər.

Sonda Heydər Əliyev Fondu tərəfindən müsabiqədə 1-ci yeri tutmuş Təyyar Bayramova 5 min manat, 2-ci yerin sahibi Vəfa Orucovaya 4 min manat və 3-cü yerə layiq görülmüş Babək Niftəliyevə isə 3 min manat pul mükafatı və diplomlar təqdim edilmişdir. İkinci turda iştirak etmiş digər səkkiz ifaçıya da diplomlar verilmişdir.

Tədbirdə laureatlar konsert proqramı ilə çıxış etmişlər.

 

AzərTAc