· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Sumqayıtda Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilib

Martın 11-də Sumqayıtda Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilib. Kollegiya üzvləri ilə yanaşı Təhsil Nazirliyinin struktur-bölmə rəhbərlərinin, rayon təhsil şöbələri müdirlərinin, Bakı və Sumqayıtın məktəb direktorlarının iştirak etdikləri geniş iclasda "Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinin idarəolunmasında davamlı inkişafın təmin edilməsi" mövzusunda məsələ müzakirə olunub.

Kollegiya iclasını açan təhsil naziri Misir Mərdanov son illər Sumqayıtda bütün sahələrdə, o cümlədən təhsildə xeyli müsbət işlərin görüldüyünü, ciddi uğurların qazanıldığını bildirib. Nazir təhsilin bütün parametrləri üzrə Sumqayıtın göstəricilərinin respublika üzrə orta göstəricilərdən yüksək olduğunu, şəhər təhsil şöbəsində hər bir məktəb, müəllim və şagird haqqında məlumat bazasının yaradıldığını, təhsilin səmərəli idarəolunması sahəsində faydalı təcrübənin toplandığını vurğulayıb və səyyar kollegiyanın həmin təcrübənin öyrənilib yayılması üçün keçirildiyini söyləyib.

Nazir giriş sözündə habelə təhsilin bir sıra ümumi məsələlərinə toxunub. Bildirib ki, son illər ölkənin bütün bölgələrində əlverişli təhsil mühiti yaradıldığından hazırda əsas diqqət təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilib. Nazir bu istiqamətdə son illər atılmış addımlardan danışıb.

Kollegiya sədri Sumqayıt təhsilinin uğurlarını və inkişaf dinamikasını əks etdirən bəzi fakt və rəqəmləri, o cümlədən buraxılış kursu üzrə son yoxlama imtahanlarının, orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarındakı yüksək nəticələrini diqqətə çatdırıb. Misir Mərdanov ötən il ölkə üzrə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi " və " Ən yaxşı müəllim" müsabiqələrində Sumqayıt təhsil işçilərinin fəal iştirakını və əldə etdikləri uğurları da təqdir edib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərən şəhər təhsil şöbəsinin rəhbərliyinə, şəhərin bütün təhsil işçilərinə minnətdarlığını bildirib.

Sonra Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov müzakirə olunan məsələ barədə geniş məruzə-təqdimatla çıxış edib. Son illər ŞTŞ tərəfindən təhsil müəssisələrinin fəaliyyətinin idarəolunmasında davamlı inkişafı təmin etmək üçün həyata keçirilmiş tədbirlərin, müəllim və şagirdlərin fəaliyyətinin, səviyyəsinin qiymətləndirilməsi məqsədilə monitorinqlərin aparılması təcrübəsinin dərin təhlili verilmiş məruzə-təqdimat kollegiya iştirakçıları tərəfindən maraqla qarşılanıb və diqqətlə dinlənilib.

İclasda söz alan kollegiya üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Bakıdakı 70 nömrəli orta məktəbin direktoru Nazim Qasımov, 20 nömrəli məktəb-liseyin direktoru Əkbər Qocayev, "İntellekt" liseyinin direktoru Ceyran Kuliyeva və başqaları maraqlı təcrübənin ətraflı şərh olunduğu məruzə-təqdimatı yüksək qiymətləndirib, Sumqayıt ŞTŞ-ın təcrübəsinin öyrənilməsi və yayılmasını məqsədəuyğun sayıblar.

Kollegiya iclasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxış edərək şəhər rəhbərliyinin təhsilə qayğısından, yenilik təşəbbüslərinin və innovativ fəaliyyətlərin müdafiə edilməsi və həyata keçirilməsinə göstərilən köməkdən danışıb.

Kollegiya müzakirə olunan məsələ barədə qərar qəbul edib.

(Kollegiya iclasından hazırlanmış geniş material qəzetin növbəti nömrəsində dərc olunacaq.)

 

Y. ƏLİYEV